Mart ayından başlayaraq bölgədə qızışan proseslər
Azərbaycana təsirsiz ötüşmədi. Üstəlik, Qarabağ konflikti ətrafında
həm siyasi, həm hərbi aktivliyin artması Azərbaycanla bağlı müəyyən
narahatlıqların yaranmasına səbəb oldu.
Rusiyanın da diqqət mərkəzində olan və politoloqlarının
müzakirə etdiyi bu məsələlərlə bağlı Qriqori Trofimçuk Axar.az-a
danışıb.
Qərb Cənubi Qafqaz sualını həll etməyi
düşünür
- Rusiyada da müzakirə predmetinə çevrilən ABŞ-ın
Azərbaycandakı səfiri Morninqstarın sonuncu çıxışı haqqında nə
düşünürsünüz?
- Vaşinqton, Moskvadan fərqli olaraq, Azərbaycanın çoxvektorlu
siyasətinə dözümsüz yanaşır və onu yeganə seçim etməyə itələyir.
Aydındır ki, cənab səfir bu çıxışı heç vaxt özbaşına edə bilməzdi.
Bu, Bakının reaksiyasına baxmaq üçün düşünülmüş taktikadır. Qərb
artıq əmindir ki, Ukraynanı öz maraq çərçivəsinə salıb. Bundan
sonra Kiyevə NATO yatırım edəcək və buna görə də növbəti sualı,
yəni Cənubi Qafqaz məsələsini həll etməlidir.
Qarabağdakı separatçılar müharibəyə
başlayacaq
- Amerikalı həmsədr Qarabağ konfliktinin həll edilməsi
ilə bağlı 6 bəndi açıqladı. Sizcə, Minsk qrupu konfliktin həlli
istiqamətində nə edə bilər?
- Minsk qrupu artıq heç nə edə bilməz. Ukrayna hadisələri
göstərdi ki, Qarabağ konflikti özünün inkişaf mərhələsini gözləyir
və bu, yenidən canlana bilər. Azərbaycanın bu proseslərini
gözləməsi gərək deyil. Çünki Qarabağdan Qərb xeyir götürməyə
çalışır. Qərbin uğurları dalğasında Ukraynadakı bu hadisələri
həyata keçirmək çox sadədir. İndi çox şey Ukraynanın şərqində, yəni
Donbasdakı hadisələrdən asılıdır. Əgər rusmeylli qüvvələr orada
məğlub olsalar, o zaman Qərb daha dərinlərə qədər irəliləyəcək.
Belə bir şeyi təsəvvür etmək olar ki, Qərb tərəfindən güclü dəstək
alan Qarabağın özü ona bitişik olan ərazilərdə müharibəyə
başlasın.
Cənubi Qafqazda savaş başlayacaq
- Bu dəqiqə həm Rusiya, həm də Qərbin Qafqaza və
Azərbaycana yönəli fəaliyyətlərini necə
qiymətləndirirsiniz?
- İstənilən ssenaridə Azərbaycan Türkiyə ilə olan qardaşlıq
ittifaqına güvənir. Əgər Qərb Bakıdan bu əminliyi götürsə,
Azərbaycan çox güman ki, yalnız qalacaq. Şübhəsiz ki, hazırkı
Azərbaycan hakimiyyətinin Rusiya və indiki rus rəhbərliyi ilə
münasibətləri yaxşıdır. Əsas problem odur ki, Bakı özünün bütün
ritorikalarında Rusiyanın real gücünü nəzərə almaq istəmir. Əks
halda Bakı dünya liderləri olan Rusiya və ABŞ arasında manevr
etmədən birbaşa Moskvanı seçərdi. Belə olan halda isə o, asanlıqla
Qarabağı yenidən öz nəzarətinə geri qaytarardı.
Lakin sizin prezidentiniz realistdir və o bilir ki, əgər
Azərbaycanla Rusiya arasındakı regional maraqlara kimsə ciddi zərbə
vursa, ən yaxşı halda Moskva özünü Şərqi Ukraynadakı kimi aparacaq.
Bu isə Azərbaycan üçün yaranacaq böyük problemlərdən xəbər verir.
Digər tərəfdən isə Bakının Qərbin tabeliyinə getməsi haqqında heç
bir arzusu yoxdur. Çünki orada ssenari daha ciddi və pisdir.
Ona görə də Azərbaycan praktiki olaraq, özünün çoxvektorlu
siyasətini davam etdirəcək. Bu isə Cənubi Qafqazda müharibə
başlayana qədər sürəcək. O zaman isə artıq iqtisadi tərəfdaşları
yox, hərbi müttəfiqləri seçmək məcburiyyəti yaranacaq. Bir şeyi
yaddan çıxartmaq lazım deyil ki, belə müttəfiqlərdən biri hətta
İran ola bilər.
Rusiyanı terrordan avtoritarizm xilas edə
bilər
- Rusiya bu yaxınlarda Şimali Qafqazda yerləşən hərbi
texnikasının sayını artırdı. Səbəblərdən biri kimi Putinin
Qafqazdakı terrorçulardan tamamilə canını qurtarmaq istəməsi
göstərilirdi. Rusiya həqiqətənmi "Qafqaz İmarəti"ndən canını tam
qurtara biləcəyini düşünür?
- Rusiya yalnız bir halda - əsl avtoritar ölkəyə çevrildikdə
terrorçulardan canını tam qurtara bilər. Hazırda Putin haqqında xoş
fikirlərin olmamasına baxmayaraq, Rusiya liberal-demokratik ölkə
hesab edilir. Belə formatda Rusiya terrorizm üzərində heç vaxt
qələbə qazana bilməz. Bunun üçün sərt metodlar və sərt dövlət
strukturu lazımdır. Bu, həm maliyyə sisteminə, həm də terrorizmlə
mübarizədə ən böyük maneə olan korrupsioner və oliqarxlara aiddir.
SSRİ-də terrorizmin heç vaxt olmamasının əsas səbəbi başqa bir
ictimai-siyasi sistemin olması idi. Fikir versəniz, görərsiniz ki,
liberal-demokratik sistemi olan bütün ölkələrdə terrorizm var. Amma
nizamın olduğu ölkələrdə bu kimi hallara rast gəlinmir. Məsələn,
Belorusiyada terroristlər beşikdəcə məhv edilir.
Zəif ölkələr Azərbaycana əsas təhlükədir
- Bəzi ekspertlər Qarabağ konfliktinin həllində yeni
şansın yarandığını düşünürlər...
- Əgər siz Azərbaycanın hərbi yolla Qarabağ problemini həll
etməsini nəzərdə tutursunuzsa, mən sizə yalnız bu variantın Qərbin
istəklərinə uyğun ola biləcəyini deyə bilərəm. Bu halda Azərbaycan
özü müharibəni başlayacaq. Qərb bunu boş yerdən yarada bilməz.
Təsəvvür edin ki, ikinci Əfqanıstana dönən Ukraynadan sonra xaos
Cənubi Qafqaza yayılır. Burada isə bütöv Qafqazı öz ağuşuna alır.
Bu isə regiona dini radikalların və xüsusilə də vəhabilərin girməsi
üçün bir variant olacaq.
Qarabağ konflikti Rusiyanın gücü olmadan həll edilə bilməz.
Rusiyanın özü bütün şəraiti qura bilərdi. Bu halda Azərbaycan işğal
olunmuş əraziləri öz tabeliyinə qaytara, etibarlı hərbi-siyasi
müdafiə ala, neft və qazını daha sərfəli qiymət satardı.
Qeyri-stabillik, vəziyyətin kövrəkliyi, bölgədə yerləşən zəif
postsovet ölkələri Azərbaycan üçün ən böyük təhlükədir.
Türkiyə Bakını qoruya
bilməyəcək
- Bəs Kremlin Azərbaycanda
hakimiyyətə rusiyameylli insanları gətirmək istəməsi haqqında
verilən proqnozlar barədə nə deyə bilərsiniz?
- Azərbaycanın özünü qorumasının yeganə real yolu var. Moskva və
Tehranla olan yaxınlığı ictimailəşdirmədən əməldə və reallıqda
yaxınlıq göstərmək lazımdır. Azərbaycan hiyləgər olmalıdır və
yalnız bu halda özünü qoruyub saxlaya bilər. Qərb Bakı və Moskva
arasında ayrılığı gördüyü zaman Azərbaycana daxildən zərbə vuracaq.
O zaman Azərbaycanı Türkiyə də qoruya bilməyəcək. Bir şeyi yaddan
çıxarmaq lazım deyil ki, Türkiyə Azərbaycanın dostu olmazdan əvvəl
NATO-nun üzvüdür. Ancaq etiraf edək ki, hələlik situasiya təhsil və
dünyagörüş baxımından Rusiya ilə bağlı olan Prezident İlham
Əliyevin tam nəzarətindədir.
Ən pis variantda belə Azərbaycan ikinci Ukrayna olmayacaq.
Burada bütün Qafqaza təsir edə biləcək dini radikal qrup yarana
bilər. Bu halda yeni Azərbaycan Ukrayna xaosunu xatırlatmayacaq.
Bu, əslində çox sərt sistemə malik klerikal hakimiyyət olacaq.
Ölkəni növbəti idarə edəcək şəxsin isə Rusiya ilə əlaqəsi olduqca
müxtəlif olacaq. Rusiya məhz onun üçün boş bir yer kimi
görünəcək.
Məhz bu faktı nəzərə almaqla Azərbaycan hakimiyyətinin kadr
islahatlarını izləmək və başa düşmək olar. Dəqiq deyirəm ki,
bugünkü Azərbaycan Moskva əleyhdarı deyil və bu fakt sizin
stabilliyinizin ana xəttidir.