Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ABŞ
səfirini sərt ittiham edən müsahibəsinin tam mətnini Azərtac-a
istinadən təqdim edirik:
- İcazə verin, ilk növbədə, müsahibə üçün sizə təşəkkür
edək. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard
Morninqstar bu günlərdə "Azadlıq" radiosunun müxbirinə müsahibə
vermişdir. Bu müsahibə Azərbaycan cəmiyyətində anlaşılmazlıq
yaratmışdır. Politoloqlar, ekspertlər, deputatlar, sıravi
vətəndaşlar həmin müsahibəyə mənfi münasibət bildirmiş və onu
diplomat üçün rəva görülməyən tonun təzahürü kimi
qiymətləndirmişlər. Müsahibəni Prezident Administrasiyasının
nümayəndələri də şərh etmişlər. Bu barədə sizinlə daha ətraflı
söhbət etmək istərdik. Siz ABŞ səfirinin bu müsahibəsini Birləşmiş
Ştatlar ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər
kontekstində bütövlükdə necə qiymətləndirirsiniz?
- Mən, ilk növbədə, səfir Morninqstarın həmin müsahibədə ifadə
olunmuş mövqeyinə münasibət bildirməyi zəruri hesab etmiş
insanların hamısına təşəkkür etmək istərdim. Bu, bizim insanların
əsl vətəndaşlıq mövqeyidir.
Doğrudan da dünyada, o cümlədən postsovet məkanında da bir çox
cəhətdən məhz Qərbin təqsiri üzündən kəskinləşmiş geosiyasi
proseslər fonunda ABŞ səfirinin qərəzli müsahibəsi ən azı heyrət
doğurur. Hər halda onu belə bir müsahibə verməyə və diplomatik
etiket baxımından bu qədər qeyri-korrekt fikirlər söyləməyə hansı
motivlərin və səbəblərin sövq etdiyini deməyə çətinlik çəkirəm. Bu,
ölkənin daxili işlərinə açıq-aydın və kobudcasına müdaxilə
deməkdir. İstənilən halda buna haqq qazandırmaq mümkün deyil və ola
da bilməz. Bir daha vurğulamaq istəyirəm ki, səfirin söylədiyi
fikir mahiyyət etibarilə onun olduğu ölkənin daxili işlərinə açıq
və bilavasitə müdaxilədir. Bu isə Diplomatik əlaqələr haqqında
Vyana Konvensiyasına görə yolverilməzdir. Üstəlik, həmin
müsahibənin tonu öz baxışlarını müstəqil dövlətə diktə etmək və
qəbul etdirmək cəhdini xatırladır.
Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan heç kimin
müstəmləkəsi deyil, müstəqil dövlətdir. Morninqstar ABŞ-ın səfiri
kimi çalışdığı ölkənin suverenliyinə hörmətlə yanaşmağa sadəcə
borcludur. Yeri gəlmişkən, bu sözlər bəzi Qərb ölkələrinin
səfirlərinə də birbaşa aiddir, onlar ABŞ səfirindən nümunə
götürərək onun kimi hərəkət etməyə çalışırlar. Biz Azərbaycana
hörmətsiz münasibətə dözmək niyyətində deyilik.
Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə demişdir ki,
o, istər Azərbaycana, istərsə də onun xalqına etinasız və hörmətsiz
münasibətə dözməyəcək və buna yol verməyəcəkdir. Hesab edirəm ki,
bizim amerikalı həmkarlar ölkəmizin rəhbərliyinin mövqeyini yaxşı
bilirlər. Lakin əgər ABŞ səfiri heç nəyə məhəl qoymadan
Azərbaycanın ünvanına bu cür kobud hücumlar etməyi özünə rəva
görürsə, deməli, onun statusu ilə bağlı ciddi problemləri vardır.
Təəssüf ki, səfir Morninqstarın diplomat üçün yolverilməz formada
bizə diktə etməyə, ölkəmizin daxili işlərinə qarışmağa cəhd etməsi
birinci dəfə deyildir. Bu, onun diplomat kimi peşəkarlığını çox
böyük sual altına qoyur. Səfirin Azərbaycanın qonşuları barədə
söylədiklərində daha bir mühüm fakt diqqəti cəlb edir. Bu cür
bəyanatlar sırf təhrikçilikdən başqa bir şey deyildir. Azərbaycan
üçüncü qüvvələrin arzularından asılı olmayaraq, öz qonşuları ilə
mehriban qonşuluq münasibətləri saxlayır və həmişə saxlayacaqdır.
İndiki dövrdə dünyada yaranmış vəziyyət bizim fəaliyyətimizin
düzgün və səmərəli olduğunu növbəti dəfə sübut edir.
Bu müsahibənin kontekstindən çıxış edərək deyə bilərəm ki, səfir
əndazəni aşmışdır. O, özünü Azərbaycanda qaraqışqırıq salmaqla
hökmranlıq edən bir qubernator zənn etmişdir. Səfirin özünə
güvənməsi elə özünə qarşı çevrilmişdir. Çoxsaylı görkəmli
ekspertlər, o cümlədən amerikalı ekspertlər hesab edirlər ki,
Vaşinqtonun indiki xarici siyasətində böhran elementləri göz
qabağındadır. ABŞ dövlət katibi cənab C.Kerrinin bu sahədə
konseptual dəyişikliklərin zəruri olması barədə bəyanatı da bu
fikri təsdiqləyir. Görünür, Morninqstar dünyada yeni siyasi
meyilləri sezməmişdir. Aşkardır ki, səfir Morninqstarın və onun
fəaliyyətinə bilavasitə rəhbərlik edənlərin dünyagörüşü keçmişdə
ilişib qalmışdır və müasir dövrün tələblərinə ziddir. Çoxqütblü
dünya müstəmləkəçilik təfəkküründən imtina etməyə çağırır.
- Gəlin, söhbətimizi daha konkret şəkildə davam etdirək.
Səfirin belə bir fikrindən başlayaq ki, guya Azərbaycanın
müstəqilliyinin qarantları məhz ABŞ və Avropa İttifaqıdır. Guya
əgər sabah ABŞ "qapını çırparaq" Azərbaycandan çıxıb getsə, bizim
işlərimiz pis olacaqdır. Səfir Azərbaycanın suverenliyi üçün
təhdidlər kimi qonşularımızı göstərir, Rusiyanı xüsusi vurğulamağa
çalışır. Bu fikir real vəziyyətə nə dərəcədə uyğundur?
- Heç kəs unutmamalıdır ki, Konstitusiyaya uyğun olaraq
ölkəmizin müstəqilliyinin qarantı Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevdir. Heç bir kənar qüvvə heç vaxt
bizim müstəqilliyimizin qarantı kimi çıxış etməmişdir, etmir və edə
bilməz. Qoy, Morninqstar bizim üçün heç fikir çəkməsin,
Azərbaycanın indiki inkişaf səviyyəsi, iqtisadiyyatın artımı və
dövlətçilik təsisatlarının möhkəmlənməsi bizə xalqın dəstəyinə
güvənərək ölkənin müstəqilliyini müdafiə etmək imkanı verir.
Dövlətlərin müstəqilliyinə təhdidlər həmişə dünyanı təkbaşına
idarə edənlərdən yaranmışdır. Bu gün vəziyyət başqadır.
Sizin sualınızın ikinci hissəsinə gəldikdə isə məlum həqiqəti
xatırlatmaq istəyirəm – diplomatların vəzifəsi qapıları açmaqdır,
onu arxasınca çırpmaq deyildir. Bunu hər kəs edə bilər, lakin əgər
sizə diplomat missiyası həvalə edilmişdirsə, zəhmət çəkin, bu
missiyanı məsuliyyətlə və vicdanla yerinə yetirin. Regiondan çıxıb
getmək və təhrikçi fikirlər söyləməklə Azərbaycanı şantaj etmək
lazım deyil. Şantaj, hədə-qorxu dili ilə etimad və rəğbət qazanmaq
mümkün deyil. Yaxşısı budur, münasibətlər bərabərhüquqlu əsasda
qurulsun və dövlət müstəqilliyini boğmaq siyasətinə ümid
bəslənməsin.
Morninqstarın sözlərinə görə o, Prezident İlham Əliyevlə artıq
19 ildir ki, tanışdır. Lakin görünür, bu müddətdə səfir bir
həqiqəti dərk etməmişdir ki, Azərbaycan lideri yüksək tonla
danışmağı, hədələri və şantajı qəbul etmir. Yoxsa Morninqstar
Azərbaycanda vəziyyət barədə qeyri-korrekt fikirlər söyləməyi özünə
rəva görməzdi. Biz yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə
əsaslanan dialoq aparmaq əzmindəyik və buna hazırıq, dövlətlərarası
münasibətlərin başqa formaları bizim üçün qəbuledilməzdir. Mən
şübhə etmirəm ki, Vaşinqtonda Azərbaycanla bağlı siyasəti sağlam
düşüncəli və təcrübəli siyasətçilər müəyyən edir. Onlar çox gözəl
başa düşürlər ki, Azərbaycandan getmək onlara hansı geosiyasi
qiymətə başa gələcəkdir. Avropa İttifaqı ölkələrində də bunu yaxşı
başa düşürlər. Beynəlxalq məsələlərin mövcud vəziyyətini nəzərə
alsaq, ABŞ səfirinin mövqeyi olduqca qeyri-ciddi səslənir. Mən
güman etmirəm ki, ABŞ özünün çoxdanışan səfirinin məsuliyyətsiz
bəyanatları ucbatından Avropanın enerji təhlükəsizliyi məsələsində
mühüm rol oynayan Azərbaycan ilə münasibətləri korlayacaqdır.
Razılaşın ki, ABŞ diplomatiyasının ənənəvi praqmatizmi buna imkan
verməz. Morninqstara gəldikdə isə, məndə belə bir fikir yaranır ki,
o, Azərbaycanda səfir kimi özünü doğrultmadı.
İndi isə ABŞ nümayəndəsinin Azərbaycanın öz qonşuları ilə
qarşılıqlı münasibətləri barədə sözlərinə diqqət yetirək. Mən
növbəti dəfə vurğulamaq istərdim ki, Azərbaycanın xarici siyasəti
onunla həmhüdud ölkələrlə mehriban qonşuluq və sülh münasibətlərinə
əsaslanır. Biz onların daxili işlərinə qarışmırıq və özümüzə
münasibətdə də bunu tələb edirik. Rusiyaya gəldikdə isə, bu ölkə
bizim ən yaxın qonşumuzdur və onunla münasibətlər Azərbaycanın
xarici siyasətində həmişə xüsusi bir vektor olmuşdur. Ölkələrimiz
arasında qarşılıqlı anlaşma vardır. Ortaya çıxan bütün məsələlər
yalnız danışıqlar və bərabərhüquqlu dialoq yolu ilə həll edilir.
Həllini gözləyən yeganə məsələ Dağlıq Qarabağ problemidir. Belə
hesab etmək qeyri-obyektiv olardı ki, indiki məqamda Rusiya ilə
Azərbaycan arasında hansısa bir gərginlik vardır. Hərçənd, istər
daxildə, istərsə də xaricdə müəyyən qüvvələr Azərbaycan ilə Rusiya
arasında münasibətləri korlamaq üçün dəfələrlə cəhd göstərmişlər.
Lakin bu iki dövlətin rəhbərlərinin müdrikliyi və qarşılıqlı
etimadı sayəsində belə təhriklər uğursuz olmuşdur.
Səfir Morninqstar hesab edir ki, Azərbaycanın cənubdan İranla və
şimaldan Rusiya ilə qonşu olması guya bizim ölkəmiz üçün
təhlükədir. Hərçənd, o, nədənsə Azərbaycanın ərazi bütövlüyünə əsas
təhlükəni unutmuşdur. Azərbaycan torpaqlarının 20 faizini işğal
etmiş Ermənistan təkcə Azərbaycanın ərazi bütövlüyü üçün başlıca
təhlükə deyil, həm də regionda barıt çəlləyidir. ABŞ-da bu barədə
narahat olmalıdırlar, nəinki bizim qonşumuzun kim olması barədə.
Erməni işğalçılar bizim torpaqları tərk edib getməyincə regionda
hərbi münaqişənin başlanması təhlükəsi qaçılmazdır.
Əgər ABŞ həqiqətən özünü müstəqilliyin qarantı hesab edir və
bizim qeydimizə qalırsa, onda nəyə görə o, "Azadlığa Dəstək Aktı"na
907-ci düzəlişi indiyə qədər ləğv etməyib? Düzdür, Vaşinqton
hazırda həmin düzəlişin qüvvəsini dayandırmışdır, lakin əgər
amerikalılar ikitərəfli münasibətlərin inkişafında, həqiqətən, bu
dərəcədə səmimi maraqlıdırlarsa, onda nə üçün həmin düzəlişi
birdəfəlik ləğv etmək istəmirlər? Yaxud, nə üçün ABŞ Ermənistana
təsir göstərmir ki, o, Azərbaycanın işğal olunmuş torpaqlarını tərk
etsin? Axı, elə hallar məlumdur ki, ABŞ-ın mənafeyi bunu tələb
edəndə dərhal praktiki fəaliyyətə başlayıb. Məsələn, Liviyada ABŞ
və NATO suveren dövlətə qarşı güc tətbiq etmək aksiyasına
başladılar, özü də BMT Təhlükəsizlik Şurasının müvafiq sənədinin
mürəkkəbi qurumamış. Bircə anda müvafiq qərar qəbul edildi və
operativ şəkildə həyata keçirildi. Yaxud, İraqı və keçmiş
Yuqoslaviyanı xatırlayaq, orada ABŞ BMT Təhlükəsizlik Şurasının
qərarlarını gözləmədən güc tətbiq etmişdir. Bəs səbəb nədir ki, ABŞ
Ermənistan tərəfdən Azərbaycana münasibətdə beynəlxalq hüququn
pozulmasına bu dərəcədə laqeyddir? Mənim fikrimcə, ABŞ səfiri ilk
növbədə, Azərbaycan ictimaiyyəti üçün məhz bu məsələləri
aydınlaşdırmalı idi, - iyirmi ildən artıqdır ki, bu məsələlər, o
cümlədən elə Morninqstarın ölkəsinin təqsiri üzündən öz həllini
tapmır.
- Qarabağ mövzusunu davam etdirək. Müsahibəsindən
görünür ki, Azərbaycanın daxili işlərinə açıq-aşkar müdaxilə edən
Morninqstar Qarabağla əlaqədar isə birbaşa cavabdan yayınır. Başa
düşürük ki, Ş.M.Taleyranın məşhur ifadəsinə görə, dil diplomata
fikirlərini gizlətmək üçün verilmişdir. Lakin nədənsə bu prinsip
Qərb, o cümlədən Amerika diplomatlarında yalnız Qarabağ
münaqişəsinə münasibətdə özünü göstərir. Nə üçün? Bundan əlavə,
səfir Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Cənubi Qafqazda
fəallaşmasının zəruri olduğunu qeyd edir. Bu barədə sizin fikriniz
necədir?
- Atəşkəs rejiminin 20 illiyi bu yaxınlarda tamam olmuşdur. Bu
müddətdə Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün
çox səy göstərmişdir. Biz ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq
edir və sülhə nail olmaq üçün bütün imkanlardan istifadə etməyə
çalışırıq. Lakin çox təəssüf ki, hələ nəticə yoxdur. Nə üçün? Cavab
sadədir. Ona görə ki, ABŞ-ın heç də sonuncu rol oynamadığı ATƏT-in
Minsk qrupu guya təcavüzkarı işğal etdiyi torpaqlardan çıxıb
getməyə məcbur edə bilmir.
Məlum olduğu kimi, Qərbin bütün siyasi strukturları Azərbaycan
torpaqlarının işğal edilməsi faktı ilə razıdırlar. Lakin onların
hamısı ABŞ-ın təsiri ilə tərəfləri bu problemi sülh yolu ilə həll
etməyə çağırırlar. Ermənistan yaxşı görür ki, ATƏT-in Minsk
qrupunun üzvləri olan ölkələr bu problemin həllində fəallıq
görüntüsü yaradır, əslində isə özlərinin fəaliyyətsizliyi ilə
təcavüzkarın bu münaqişənin həllini uzatmasına kömək edirlər.
Hətta sıravi obıvatel də şübhə etmir ki, əgər hər hansı qonşu
dövlət ATƏT-in Minsk qrupunun üzvləri olan ölkələrin ərazisinin bir
hissəsini zəbt edərsə, həmin ölkə dərhal bu işğala cavab olaraq öz
silahlı qüvvələrinin bütün gücünü tətbiq edər. Ermənilərin
təcavüzünə isə onlar nədənsə barmaqarası baxırlar. Sizcə bu, ikili
standartların aşkar təzahürü deyilmi?
Lakin fakt faktlığında qalır – amerikalılar beynəlxalq hüquq
normalarını təcavüzkara münasibətdə tətbiq etməkdə fəallıq
göstərməyi zəruri hesab etmirlər. Bunun əvəzinə onlar erməni
işğalçıların hərəkətlərini sanki təşviq edirlər.
ABŞ Konqresi Dağlıq Qarabağ separatçılarına hər il maddi yardım
göstərir. Müxtəlif məlumatlara görə 1998-ci ildən bəri bu
tanınmamış rejimə 83 milyon dollar məbləğində maddi yardım
ayrılmışdır. Faktiki yardımın həcmi isə 40 milyon dollar olmuşdur.
Bundan əlavə, 1992-ci ildən bu günə qədər ABŞ Ermənistana 2 milyard
dollardan artıq maliyyə yardımı göstərmişdir. Bu pulun hansı
hissəsinin separatçı rejimə çatması məlum deyil. Keçən il ABŞ
Konqresinin Alt komitəsi qondarma "Dağlıq Qarabağ Respublikası"na
maliyyə yardımının həcmini artıraraq 2 milyon dollardan 5 milyon
dollara çatdırmağı təklif etmişdi. Sual edilir: Nə üçün? Əgər ABŞ
həqiqətən beynəlxalq hüququn zəfər çalmasını istəyirsə, onda
separatçılara kömək etməyin və üstəlik, onları maliyyələşdirməyin
nə mənası var?
Heç kəs üçün sirr deyildir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi
həll edilənə qədər Ermənistanla sərhədlərin açılması məqsədilə
Türkiyəyə böyük təzyiq göstərir. Amerikalılar belə səylər
göstərərkən yaddan çıxarmamalıdırlar ki, bu sərhədlər Azərbaycan
ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar
bağlanmışdır. Türkiyə rəhbərliyi daim bəyan edir ki, işğal edilmiş
rayonlar azad olunmayınca Ankara öz qərarını dəyişməyəcəkdir. ABŞ
isə məlum olmayan səbəblərə görə belə hesab edir ki, əgər
təcavüzkara münasibətdə güzəştə gedilərsə, bu, onu kompromis cavab
addımı atmağa məcbur edər. Əlbəttə, amerikalıların məntiqi heyrət
doğurur, mən deyərdim ki, bu məsələdə, ümumiyyətlə, məntiq yoxdur.
Hamıya aydındır ki, ABŞ sərhədlərin açılmasına çalışmaqla heç də
Qarabağ münaqişəsini həll etmək məqsədi güdmür. Onun yalnız bir
məqsədi var: Ermənistanı öz təsir dairəsinə daxil etmək. Vaşinqton
bu cür dolaşıq oyunlar oynayarkən başa düşməlidir ki, bütün bunlar
kənardan kifayət qədər açıq görünür. ABŞ səfirindən soruşmaq
istərdik: onun dövləti nə vaxta qədər separatçıları təşviq edəcək
və eyni zamanda, özünü elə göstərəcək ki, guya münaqişənin həll
olunmasını ürəkdən istəyir?
ABŞ-ın bu cür hərəkətlərinin daha bir aşkar məqsədi var:
Azərbaycan ilə Türkiyə arasında münasibətləri korlamaq. Bu
geosiyasi oyunları başa düşməmək üçün nə qədər sadəlövh olmaq
lazımdır!
Qərbdə, o cümlədən ABŞ-da başa düşməlidirlər ki, Ermənistan
tərəfindən işğal olunmuş ərazilər azad edilməyincə Azərbaycan başqa
dövlətin forpostu olan bu ölkə ilə, - nə qədər vədlər verilsə də, -
heç vaxt əməkdaşlıq etməyə razı olmayacaqdır.
Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Cənubi Qafqazda
diplomatik fəallaşması barədə səfirin sözləri təəccüb doğurmaya
bilməz. O, elə belə də deyir: Ukrayna böhranından sonra Dağlıq
Qarabağ probleminin həlli məsələsində bizim mövqeyimiz daha
əhəmiyyətli olmuşdur. Beləliklə, o etiraf edir ki, ABŞ
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün
indiyə qədər lazımınca səy göstərməmişdir.
Qərb birdən-birə ayılmışdır ki, Ukraynanın ərazi bütövlüyü
məsələsində beynəlxalq prinsipə riayət edilməlidir. Azərbaycana
münasibətdə bu prinsip, eləcə də "təcavüzkar" ifadəsi nədənsə bütün
beynəlxalq sazişlərdən və beynəlxalq təşkilatların sənədlərindən
pozulur.
Buna görə də amerikalı diplomatın bu fikrinin səmimi etiraf,
yoxsa heç nə ilə təsdiqlənməyən növbəti bəyanat olmasını deməyə
çətinlik çəkirəm. Əgər bu, səmimi etirafdırsa, onda çox məsələlərə
yenidən baxmaq lazım gələcək, əks halda Morninqstarın bu sözləri
heç bir öhdəlik doğurmayan növbəti bəyanatdır.
- Morninqstar qeyd edir ki, Azərbaycanda hakimiyyət
monolit deyildir, bu hakimiyyətdə Azərbaycan-Amerika
münasibətlərini korlamağa çalışan qüvvələr var, ölkənin xarici
siyasət xəttinə baxışlar müxtəlifdir. O hesab edir ki, iqtidarın
bəzi nümayəndələri qərbpərəst əhval-ruhiyyədədir və ölkənin
gələcəyini Qərb ilə sıx əlaqələrdə görür, lakin başqa qüvvələr –
Qərbin əleyhinə olanlar da vardır. Bu barədə nə deyə
bilərsiniz?
- Bu, səfirin növbəti yanılmasıdır. Onun sözlərinin həqiqətlə
heç bir əlaqəsi yoxdur. Prezident İlham Əliyevin komandası kifayət
qədər monolitdir. Azərbaycanın uğurlu xarici və daxili siyasəti bu
cür iyrənc insinuasiyalara ən yaxşı cavabdır. Ölkə hökuməti
tarazlaşdırılmış xarici siyasət yürüdür və milli mənafelərin tələb
etdiyi kimi hərəkət edir. Azərbaycanın tarazlaşdırılmış xarici
siyasətini hakimiyyətdə monolitliyin olmaması kimi qələmə vermək
arzuedilənin həqiqət kimi təqdim edilməsi cəhdidir, bəlkə də
təhrikçilikdir. Hökumət xarici siyasətini müəyyən edərkən ayrı-ayrı
şəxslərin simpatiyalarını və antipatiyalarını əsas götürmür,
ölkənin həyati mənafelərini rəhbər tutur. Bu mənafelər Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında aydın
yazılmışdır. ABŞ səfiri istəsə bu sənədlə tanış ola bilər.
Görünür, səfir belə bir fikir söyləməklə öz ölkəsinin
təcrübəsindən çıxış edir, orada ABŞ-ın siyasi elitası arasında
xarici siyasətin bu və ya digər istiqaməti barəsində ciddi fikir
ayrılıqları mövcuddur. Əyani misal kimi bir faktı xatırlamaq olar
ki, ABŞ Prezidenti düz bir il ərzində Azərbaycanda səfir təyin edə
bilmədi. Məgər bu fakt ABŞ-ın siyasi elitasında aşkar
ziddiyyətlərin göstəricisi deyilmi? Bu fakt onu sübut edir ki,
ABŞ-ın Cənubi Qafqazda xarici siyasəti erməni lobbiçilərinin
əhval-ruhiyyəsindən nə qədər asılıdır. Zənnimcə, hər şeyi öz adı
ilə adlandırmaq lazımdır və səfir bunu başqalarından daha yaxşı
bilməlidir.
- ABŞ səfirinin Ukraynada Maydan hadisələri barədə
sözləri də suallar doğurur. Cənab Morninqstarın fikrincə, bu
hadisələrdən müvafiq nəticələr çıxarmaq və ibrət dərsi almaq
lazımdır. Sizin fikrinizcə, səfir nəyə eyham vurur?
- Morninqstar haqlıdır, Ukrayna hadisələri hər bir suveren
dövlət üçün dərs olmalıdır. Bu hadisələr bizim inkişaf yolumuzun
düzgün olmasını bir daha sübut edir. Demokratiya uzun və çox
mürəkkəb prosesdir, ona can atmaq lazımdır, lakin bunu səliqə ilə
etmək və hərtərəfli ölçüb-biçmək lazımdır. Avantüra və emosional
çıxışlar, kənardan qızışdırılan qüvvələr heç vaxt ölkədə sabitliyin
bərqərar olmasına və inkişafa şərait yaratmayacaqdır. Biz uzun
illər boyu bu dərsləri öyrənirik. Maydanda baş verən faciəli
proseslərdə Qərbin fəal iştirakı göz qabağındadır. Qərb
nümayəndələri pozucu qüvvələri hüquqazidd hərəkətlərə açıq təhrik
edir, Kiyevdə qanuni hakimiyyətə qarşı etiraz aksiyalarında iştirak
edir, nümayişçiləri dəstəkləyir, Ukraynanın o vaxtkı Prezidenti
Yanukoviçə qarşı sanksiyalar tətbiq ediləcəyi barədə
hədələyirdilər. Bütün bu hərəkətləri suveren ölkənin daxili
işlərinə bilavasitə və kobud müdaxilə kimi səciyyələndirmək olar.
ABŞ və Aİ gizlətmirdilər ki, onlar Prezident Yanukoviçi devirmək və
onların maraqlarına cavab verən qüvvələri hakimiyyətə gətirmək üçün
hər cür səy göstərirlər. Onlar buna 1990-cı illərin əvvəlindən
hazırlaşırdılar. Təsadüfi deyildir ki, ABŞ Dövlət Departamentinin
rəsmi nümayəndəsi V.Nuland bəyan etmişdir ki, ABŞ hakimiyyət
orqanları 1991-ci ildən bəri Ukraynada demokratik proseslərə 5
milyard dollar xərcləmişlər. Lakin təcrübə göstərir ki, əksər
hallarda bu pullar dağıdıcı qüvvələrin yaradılmasına xərclənir.
Ukraynada qeyri-hökumət təşkilatlarının və millətçi qüvvələrin
fəaliyyətinin Qərb tərəfindən maliyyələşdirilməsinin hansı fəlakətə
gətirib çıxarması heç kəsdə şübhə doğurmur.
Müqayisə üçün demək istəyirəm ki, müxtəlif vaxtlarda bizə də
informasiya daxil olurdu ki, müəyyən qüvvələr ölkəmizdə də buna
oxşar ssenariləri reallaşdırmağa cəhd göstərirlər. Ekspertlərin və
analitiklərin fikrincə, 2013-cü ilin baharında "feysbuk inqilabı"
üçün 3 milyon dollardan artıq vəsait sərf edilmişdir. Özü də bu,
demokratiyanın dəstəklənməsi kimi qələmə verilir. Gərək siyasi
cəhətdən tam savadsız olasan ki, bu qondarma "inqilab" arxasında
nələr gizləndiyini başa düşməyəsən. Bütün ərəb dünyası gözümüzün
qabağındadır.
Bu və ya digər dövlətdə demokratik təsisatların təşəkkülünə
kömək etmək müsbət addımdır, lakin yalnız o zaman ki, həmin
niyyətlər vətəndaş cəmiyyətinin maraqlarına xidmət etsin, "nüfuz
agentləri" və ya "beşinci kolon" xarici dövlətlərin xüsusi
xidmətləri tərəfindən qarşıya qoyulmuş vəzifələri yerinə yetirəndə
yox.
Maydan hadisələri göstərdi ki, ölkələrin daxili işlərinə
müdaxilə və onları qonşularla münaqişəyə sövq etmək sonda faciəli
nəticələrə gətirib çıxarır. İnkişafın təbii dinamikasını pozmaq və
demokratiyanı zorakı üsullarla bərqərar etmək olmaz. Başa düşmək
lazımdır ki, demokratiyanın güclə tranziti strategiyası demokratik
təsisatların inkişafına gətirib çıxara bilməz, əksinə, nəticələri
məlum olmayan yeni münaqişələr yaranmasına kömək edir. Belə təcrübə
həmişə bu təşəbbüsü irəli sürənlərin özləri üçün qanlı sonluqla
bitir. Bu gün Ukrayna öz dövlətçiliyini itirmək təhlükəsi ilə
üzləşmişdir, lakin münaqişənin tənzimlənməsi üçün Qərb tərəfdən
praktiki tədbirlər görülməsi müşahidə olunmur. Bəs, Ukraynanın
siyasi və kriminal qruplarını bu cür canfəşanlıqla demokratik
inqilaba çağıranlar və bunun üçün sanballı məbləğlər ayıranlar indi
haradadırlar?
Qərb özünün, necə deyərlər, "gözaltı etdiyi" ölkələrdə öz
agentlərinə mövcud hakimiyyətdən necə yaxa qurtarmaq, Qərbi qane
etməyən hakimiyyəti hansı üsullarla devirmək, necə inqilab etmək
barədə təlimatlar verir. Lakin "beşinci kolon" fəaliyyətə başlayan
kimi Qərb dərhal özünün bütün təbliğat arsenalını onun nəzarət
etdiyi dağıdıcı qrupların dəstəklənməsinə səfərbər edir.
Səfir Morninqstar Azərbaycan barədə heç narahat olmasın və
həyəcan keçirməsin. Biz özümüz üçün çoxdan lazımi nəticələr
çıxarmışıq, özü də bunlar heç də "ən pis" nəticələr deyil. Daha
dəqiq desək, biz həmin nəticələri hələ 2003-cü və 2005-ci illərdə
çıxarmışıq. Tarix təkrarlanır və biz həmin qanunauyğunluğu növbəti
dəfə Ukrayna nümunəsində izləyirik. Ukraynanın bugünkü
qarmaqarışıqlıqdan sonra özünə gəlməsi üçün hələ çox vaxt
lazımdır.
- Səfir Morninqstar müsahibəsində korrupsiyaya qarşı
mübarizə məsələsinə də toxunur. O, iddia edir ki, bu mübarizə seçmə
xarakter daşıyır və əsasən məişət korrupsiyasına aiddir. Məsələnin
bu cür qoyuluşu həqiqəti nə dərəcədə əks etdirir?
- İcazə verin, məsələnin bu şəkildə qoyuluşu ilə razılaşmayım.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemli xarakter daşıyır,
o cümlədən də səhiyyə və təhsil sahələrində. "ASAN xidmət"in
yaradılması buna sübutdur. Bu, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində
son onilliyin ən əhəmiyyətli institusional islahatıdır. O, Qərbin
özü üçün də nümunə ola bilər. 2013-cü ilin yanvarında fəaliyyətə
başlayandan bəri 1 milyon 711 min nəfər "ASAN xidmət"dən istifadə
etmişdir.
Azərbaycan ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə
yaradılmış Açıq Hökumət Tərəfdaşlığına qoşulmuş birinci ölkədir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, "Transparency
International" kimi ixtisaslaşdırılmış beynəlxalq təşkilatların
əksəriyyəti Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində
fəaliyyəti yüksək qiymətləndirmişdir. "Transparency International"
tərəfindən aparılmış son tədqiqatlara görə, ölkə əhalisinin 68
faizi korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirləri
səmərəli hesab edir. Bundan əlavə, vətəndaş cəmiyyəti
təsisatlarının korrupsiyaya qarşı mübarizəyə və maarifçiliyə cəlb
edilməsi üçün "İctimai iştirakçılıq haqqında" Qanun qəbul
edilmişdir. Preventiv tədbirlərə gəldikdə isə, təkcə 2013-cü ildə
korrupsiya ilə bağlı 201 iş, 2014-cü ilin ilk beş ayı ərzində isə
66 iş məhkəməyə verilmişdir. Gördüyümüz kimi, bu məsələdə də
səfirin rəyi qərəzlidir. Mənim fikrimcə, göstərilən rəqəmlər sizin
suala ən yaxşı cavabdır.
- Səfir Morninqstar hesab edir ki, Azərbaycanda
hakimiyyət orqanları demək olar ki, bütün istiqamətlərdə QHT-lərin
fəaliyyətinə ciddi əngəllər törədir, Vergilər və Ədliyyə
nazirlikləri isə daim onları yoxlayırlar. Bu ittihamlar nə dərəcədə
əsaslıdır?
- Mən hələ keçən il bir müsahibəmdə qeyd etmişdim ki,
qeydiyyatdan keçmiş beynəlxalq təşkilatlarla yanaşı, qeydiyyatdan
keçməmiş təşkilatlar da fəaliyyət göstərir. Təbii ki, onların
fəaliyyəti şübhə doğurur. Eyni zamanda, qeydiyyatdan keçmiş
beynəlxalq QHT-lərin maliyyə hesabatı praktiki olaraq yoxdur.
Xarici donorlardan alınan qrantların və ianələrin çox hissəsinin
nəyə xərclənməsi əslində məlum deyildir. Bu məsələdə şəffaflıq
yoxdur. Qüvvədə olan qanunvericiliyə görə, yerli və xarici
QHT-lərin gəlirləri və xərcləri barədə informasiya dövlət sirri və
ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə
müvafiq hesabat təqdim etməli, nazirlik isə qanunun tələblərinin
yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bütün sivil ölkələrdə
bu cür qayda vardır. Bəzi hallarda belə təşkilatların həqiqi
məqsədləri gizli qalır. Hökumət milli mənafelərin müdafiə edilməsi
məqsədilə bu işdə qayda yaratmağa, müəyyən addımlar atmağa
çalışanda yerli QHT-lər və onların beynəlxalq himayədarları dərhal
hay-küy qaldırır, söz və toplaşmaq azadlığının pozulmasından dəm
vurmağa başlayırlar.
Aparılmış araşdırmalar göstərir ki, hətta qrantlar qeydiyyata
alınandan sonra da iri maliyyə vəsaitləri ayrılması davam edir, bu
vəsaitlər haqda məlumat verilmir. Maliyyə axınları barədə
informasiyanın olmaması latent korrupsiya təzahürlərinə dəlalət
edir. Bəzi beynəlxalq QHT-lər əslində onların mandatlarına uyğun
olmayan məsələlərlə məşğul olurlar. Onlar rəsmən müəyyən qrant
layihəsi elan edir, əslində isə tamamilə başqa, çox vaxt dağıdıcı
məqsədlər üçün vəsait ayırırlar.
- Sirr deyildir ki, son vaxtlar bəzi xarici QHT-lərin
nümayəndələrinin maliyyə əməliyyatları ilə ölkədə dağıdıcı
qüvvələrin fəallaşması arasında sinxron əlaqə müşahidə olunur. ABŞ
Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin
keçmiş rəhbərinin fəaliyyəti yəqin ki, yadınızdadır. Bu cür
hərəkətlər Azərbaycanın daxili işlərinə qarışmaq
deyildirmi?
- Bir daha vurğulamaq istəyirəm ki, ölkəmizdə fəaliyyət göstərən
beynəlxalq QHT-lər öz fəaliyyətlərini Azərbaycan qanunlarının
tələblərinə müvafiq şəkildə təşkil etməlidirlər. Beynəlxalq
QHT-lərin əsas məqsədlərindən biri ölkənin daxili işlərinə
qarışmaq, qanunazidd hərəkətlərə təhrik etmək, öz fəaliyyətinə
siyasi don geydirmək deyil, vətəndaş cəmiyyəti təsisatlarının
inkişafına kömək etməkdir.
Bu suala rəqəmlərlə cavab vermək istərdim. ABŞ-ın IREX, ABA,
NDI, Revenue Watch Institute, USAID, NED kimi qeyri-hökumət
təşkilatlarının Azərbaycandakı filialları və nümayəndəlikləri
2003-2013-cü illərdə yerli QHT-lərə təqribən 25 milyon dollar
məbləğində qrantlar ayırmışlar.
Bundan əlavə, təqribi hesablamalara görə, Soros Fondu və onunla
əlaqədar təşkilatlar 1996-cı ildən bəri Azərbaycan QHT-lərinə
təqribən 50 milyon dollar vəsait ayırmışlar. Fond ölkəmizdə
fəaliyyətini rəsmən hələ 2012-ci ildə dayandırmasına baxmayaraq,
QHT sektorunun maliyyələşdirilməsini dayandırmamışdır. O, özü ilə
affinasiya edilmiş təşkilatlar vasitəsilə maliyyələşdirməni davam
etdirir. Xatırlatmaq istəyirəm ki, Soros Fondunun – Açıq Cəmiyyət
İnstitutunun Yardım Fondunun fəaliyyətini dayandırmasına səbəb
iqtidar ilə onun qarşılıqlı münasibətləri deyil, məhz yerli
QHT-lərə ayrılmış pullarla bağlı korrupsiya qalmaqalları olmuşdur.
Bu işin təşəbbüsçüləri isə radikal müxalifətçi partiyaların
mənafelərinə xidmət edən yerli QHT-lər idi. Fondun baş ofisi bu
qalmaqaldan diqqəti yayındırmaq üçün belə bir addım atmağa məcbur
olmuşdu. Bu, aysberqin yalnız görünən hissəsidir.
Morninqstar iddia edir ki, vətəndaş cəmiyyəti institutlarına,
beynəlxalq və xarici QHT-lərə təzyiq göstərilir. Vergilər Nazirliyi
və Ədliyyə Nazirliyi onları yoxlayır. Sırf məntiqdən çıxış etmək
lazımdır: Məgər bu nazirliklər onları yoxlamalı deyilmi? Belə halda
ABŞ-da Vergilər Nazirliyi və Ədliyyə Nazirliyi necə hərəkət edərdi?
Axı, ABŞ qanunvericiliyi də qanunun pozulmasına görə, ən ciddi
tədbirlər nəzərdə tutur.
- Sonuncu sual. ABŞ səfiri hesab edir ki, Azərbaycanda
söz və toplaşmaq azadlığı sahəsində ciddi problemlər vardır. Guya
hakimiyyət orqanları vətəndaşların öz iradələrini müstəqil ifadə
etməsinə mane olur və müasir vətəndaş cəmiyyətinin təşəkkülü
yolunda əngəllər yaradır. Səfir guya Qərb dəyərlərinin daşıyıcıları
olan vətəndaşların təqib edilməsinə görə xüsusi təəssüflənir. Bu
barədə siz nə deyə bilərsiniz?
- Sizin sualınıza sualla cavab verəcəyəm. Siz deyin, ABŞ-ın
özündə söz azadlığına və insan hüquqlarına riayət edilməsi
baxımından hər şey qaydasındadırmı? Sadəcə məsələ bu problemə hansı
rakursdan və hansı niyyətlə baxmağımızdan asılıdır. Elə həmin
Birləşmiş Ştatları götürək. Quantanamoda və ABŞ-ın Avropadakı başqa
məxfi həbsxanalarında amerikalı əsgərlərin müsəlman əsirlərə necə
işgəncələr verməsini bütün dünya dəhşət içində müşahidə edirdi.
Sonradan məlum oldu ki, məhbusların əksəriyyətinin cinayətlərdə və
terrorizmdə, ümumiyyətlə, əli olmamışdır, onları Amerika xüsusi
xidmətlərinin anlaşılmaz gümanları əsasında həbs etmişlər. İnsanlar
qandallanmış və uzun müddət ən dəhşətli şəraitdə saxlanmışlar.
ABŞ-da və Avropada "Uoll Striti zəbt et", "Frankfurtu zəbt et" və
başqa etiraz aksiyalarını xatırlamaq olar. Bu ölkələrin polisinin
nümayişçilərlə necə kobud və qəddar rəftar etməsini dünya
ictimaiyyəti unutmamışdır. Bəs bu yaxınlarda Belçikada və
Almaniyada nümayişlər zamanı polisin həddi aşan hərəkətlərini necə
izah etmək olar? Axı, adlarını çəkdiyimiz ölkələrin hamısı inkişaf
etmiş vətəndaş cəmiyyətinə malik olan demokratik ölkələr hesab
edilir.
Son illərdə ABŞ-ın nəinki ayrı-ayrı şəxslərə, hətta bütöv
dövlətlərə münasibətdə beynəlxalq hüquq normalarını pozması ilə
bağlı təkzibedilməz faktlar vardır. Avropa dövlətlərinin
başçılarının telefon söhbətlərinin dinlənilməsi halları buna parlaq
nümunədir. Bəs, özündə insan hüquqlarının çox kobud şəkildə
pozulması ilə bağlı çoxsaylı faktlar olduğu halda, ABŞ nə üçün
başqalarına demokratiya dərsi keçməyə çalışır?
Azərbaycan Respublikasında insanların bütün hüquq və azadlıqları
təmin edilmişdir. Müxalifət partiyaları fəaliyyət göstərir,
müxalifət qəzetləri nəşr edilir. Müxalifət partiyaları öz
fikirlərini söyləmək və qanun çərçivəsində kütləvi toplantılar
keçirmək üçün hər cür imkana malikdirlər. Polisin icazəsiz
aksiyaların qarşısını alması normal haldır, çünki hamı qanun
qarşısında bərabərdir və qanunun tələblərinə hamı riayət etməlidir.
Hakim partiya da qanunun müddəalarına riayət edir və biz qanunun
pozulmasını təşviq etmək niyyətində deyilik.
Qərb dəyərlərinin daşıyıcıları anlayışına gəldikdə isə, səfir
Morninqstarın konkret kimi nəzərdə tutduğunu bilmirəm. Mənə belə
bir kateqoriya məlum deyil. Vətəndaşların iki kateqoriyası var.
Birinci – ölkənin qanunlarına hörmətlə yanaşanlar, ikinci – öz
tamahkar məqsədlərini təmin etmək üçün üçüncü qüvvələrin əlində
alətə çevrilməyə hazır olan şəxslər. Onların dəqiq dəyərlər sistemi
yoxdur. Bu cür adamlar Şərqdə də var, Qərbdə də və mənim fikrimcə,
səfirin bu cür bölgü aparması bizim milli dəyərlərə açıq-aşkar
hörmətsizlik təzahürüdür.
Nəhayət, Amerika səfirini bizə necə yaşamaq lazım olduğunu
öyrətməkdən əl çəkməyə çağırmaq istərdim. Əgər tərəflər bir-birinə
hörmət etməsələr, bir-birini başa düşməsələr onların münasibətləri
heç vaxt yaxşı nəticə verməyəcəkdir. Bizə saxta təbəssümlər lazım
deyil. Bizə səmimi tərəfdaşlar lazımdır. Biz öz dostluğumuzu
dəfələrlə sübut etmişik və səfir Morninqstar bunu yaxşı bilir.
Azərbaycan xalqı adekvat münasibət gözləyir.