Gürcüstanda baş verən hadisələri "Qeyrət" Xalq Hərəkatının
lideri Əlibala Əsgərovla müzakirə edirik:
- Əlibala müəllim, Qardabanidə nələr baş
verir?
- İqtidar "Gürcü arzusu" koalisiyasında ötən əsrin 90-cı
illərinin ab-havası tüğyan edir. Qardabaniyə hələ bir neçə il
bundan öncə Savanetiya bölgəsindən svanlar köçürülmüşdü. Hazırkı
iqtidar partiyası da onların böyük əksəriyyətini qarşıdan gələn
seçkilərdə namizəd kimi irəli sürüb. Azərbaycanlıların əksəriyyəti
isə Saakaşvilinin rəhbəri olduğu Milli Hərəkat Partiyasından
namizəd göstəriliblər. O, qeyd etdiyimiz svanlar da gözəl anlayır
ki, azərbaycanlılar onlara səs verməyəcək. Başlayıblar təxribatlara
əl atmağa, indidən aqressivləşməyə. Əminəm ki, onların arxasında
iqtidardan olan gözəgörünməz əllər var. Svanların onların dəstəyi
ilə seçkilərə qədər müəyyən təxribatlar törədəcəyi qaçılmazdır.
Borçalılar da indi ayıqdır, 1992-ci illər deyil. İstənilən
təxribatlara anında reaksiya veriləcək. Çox şükür ki, etnik
münaqişəyə çevrilmədi. Amma bu təhlükə hər an qalmaqdadır.
- Sizə elə gəlmirmi ki, bu, olduqca təhlükəli kartdır?
90-cı illərdə azərbaycanlıların nələr çəkdiyi
məlumdur...
- Razıyam, bəli, həddindən artıq təhlükəli gedişlərdir.
- Orada azərbaycanlılar sıxışdırılır, bir erməni
təəssübkeşliyi var...
- Ermənilərin kompakt yaşadığı Samsxe Cavaxetiyanın iki
rayonunda erməni namizədin irəli sürülməsi, elə həmin bölgədə
qondarma erməni soyqırımı abidəsinin ucaldılması, Tiflisdə
ermənilərə Şuşa bayramının keçirilməsinə icazənin verilməsi
nələrisə demirmi? Bəli, hazırkı iqtidarın bir erməni sevgisi var.
Təmtəraqla Gürcüstan Baş nazirinin bölgəmizə gələcəyi deyilsə də,
bu səfəri özünə rəva bilmədi, Borçalıdan uzaq düşdü.
- Yeni siyasi qüvvələr gələndə onların Rusiyaya
bağlılığı olduğu deyilirdi. Siz hansı qənaətdəsiniz, deyilənlər
həyatda düz çıxırmı?
- Yəni bu iqtidar regionumuz üçün o biri hakimiyyətlər kimi,
ancaq iqtidarın xeyrinə səs balansı kimi baxır. Amma mənə elə gəlir
ki, səhv edirlər, artıq borçalıların da öz sözünü demək zamanıdır.
Marneulidə Saakaşvilinin Milli Hərəkat Partiyası azərbaycanlı gənc
namizədi irəli sürüb və hal-hazırda xalqdan böyük dəstək gördüyü
açıq görünür.
- Əlibala müəllim, bir az konkretləşdirək - iqtidara
təsirdə rusun barmağı var, ya yox?
- Bəli, bu hadisələr Rusiyanın çıxarlarına tam uyğundur. Məncə,
bu kimi hadisələri Rusiya dəyərləndirməyə bilməz, ona görə bütün
borçalıları təmkinli olmağa çağırıram və mümkün qədər sözlərini
küçələrdə deyil, seçki qutularının başında desinlər.
- Axı seçkidə necə desin ki, çayxanada oturduğu yerdə
gürcü gəlib ona nalayiq ifadələr işlədir?
- Hər halda qarşıdurma və toqquşmalar çözüm deyil.
- Qarşıdurma istəyən kimlərdir ki?
- Başda söylədim, artıq gürcülər də anlamalıdır ki, 1990-cı
illər arxada qaldı, indi o zaman deyil. Hal-hazırda Allah
göstərməsin o ssenarilər əgər yenidən həyata keçirilsə, hər iki
tərəfdən çox canlar yanacaq.
- Bu hadisələrlə əlaqədar Qardabaniyə yüksək çinli məmur
gəlmişdimi?
- Qubernator.
- Söyüş söyən svanlar cəzalandırılacaq?
- İki gündür hadisə davam edir, hələ saxlanılan yoxdur.
- Bu o demək deyilmi ki, elə iqtidar həmin insanlarla
əlbirdir?
- Hətta o hadisələr dünən gecə patrul xidmətinin gözü qarşısında
baş verib. Dedim axı, gözəgörünməz dəstəkçiləri var.
- Deməli, iqtidar özü dəstəkləyir bu təxribatları,
qarşıdurmaları?
- Dəstək görünməzdir, amma var.
- Azərbaycan səfiri Gürcüstanın daxili işinə qarışa
bilməz, sadəcə, tövsiyyə və müəyyən qaydaların qorunmasını tələb
edə bilər. Soruşuram - onda hanı bəh-bəhlə təqdim olunan Savalan
Mirzəyev (Gürcüstan Baş nazirinin azərbaycanlı gənc müşaviri),
deputat Mahir Dərziyev? Niyə onlar məsələyə reaksiya
vermirlər?
- Bəli, çox təəssüf, bu günə kimi nə millət vəkillərimizdən, nə
də bizi susdurmaq üçün vəzifəyə gətirilən 2-3 dövlət məmurundan heç
bir açıqlama görməmişik.
- Onda gəlin, məsələni adı ilə deyək də. Nə vaxt lazım
gələcəklər onlar?
- Onsuz da millət onlardan heç nə gözləmir.
- Niyə demirsiniz ki, bunlar iş görən azərbaycanlı
deyil, ad naminə irəli çəkilən azərbaycanlı
məmurlardır?
- Çox dedik, amma faydası yoxdur.
- Bəs diaspor təşkilatının rəhbəri Əli Babayev nə işlə
məşğuldur, hazırkı iqtidarı tərifləyirdi, nə oldu?
- Yanvarda xəbəri olmadan "Gürcü arzusu" partiyasının siyasi
bürosundan azad ediblər. Hazırda heç bir qüvvəyə malik deyil.
- Deməli, bu qədər azərbaycanlının taleyi Allahın
ümidinə qalıb?
- Bəli, azərbaycanlılar acı taleyin hökmünə buraxılıblar.
- Bəs deputat Mahir Dərziyev? Məsələni parlamentdə niyə
qaldırmır? Axı ona parlamentdə kim mane olur?
- Mane olan yoxdur, sadəcə istəmirlər. Vəssalam!
- Sabiq Baş nazir İvanişvili azərbaycanlıların yüksək
posta gətirələcəyini deyirdi...
- Boş vədlər idi...
- Qardabanidəki hadisələrin video yazısına baxmışam.
Orada svanlar tərəfindən azərbaycanlılara "tatarlar", "sizə burada
yer yoxdur" kimi ifadələr işlədilib. Məlumdur ki, prezident
Saakaşvilinin "tatar" ifadəsini işlədənlərə qarşı cəzanı nəzərdə
tutan qərarı vardı. İndi bu hüquq prezidentə şamil olunacaqmı,
həmin şəxslər cəzalandırılacaqlarmı?
- Məncə, heç bir cəzalanma-filan olmayacaq.
- Demək olarmı ki, Saakaşvili azərbaycanlıların
kisəsindən getdi?
- Onun da səhvləri vardı. Amma atalar sözü var: yağışdan çıxdıq,
yağmura düşdük.
- 10 ballıq şkalada azərbayacanlılar üçün etdiyinə görə
Saakaşviliyə və hazırkı iqtidara necə qiymət
verərdiniz?
- Saakaşvilinin komandasına 7 verərdim.
- Bəs hazırkı iqtidara?
- Acizəm nəsə deməkdə... Hələ region üçün bir layihə vədləri
yoxdur, nə qiymət verim ki?
- Deməli heç 1 də deyil?
- Bəli...
- Azərbaycan hökumətindən xahişiniz nədir? Kömək
istəyirsinizmi?
- Təəssüf ki, Azərbaycan Gürcüstana neft borularının üstündən
girdi, bu qədər!..