Bu gün Vergilər Nazirliyində vergilər nazirinin birinci
müavini Natiq Əmirovun sədrliyi ilə Amerika Birləşmiş Ştatlarının
Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) ilə bağlı iclas
keçirilib. İclasda Vergilər Nazirliyinin və ölkəmizdə fəaliyyət
göstərən bankların rəhbər vəzifəli şəxsləri iştirak
edib.
Nazirliyin Analitik-informasiya şöbəsindən Axar.az-a verilən
məlumata görə, Vergilər Nazirliyinin FATCA ilə bağlı hazırladığı
"FATCA və Azərbaycan" adlı təqdimatdan sonra FATCA ilə əlaqədar
görülmüş işlər, dünyanın müxtəlif ölkələrində FATCA ilə bağlı
mövcud vəziyyət barədə iclas iştirakçılarına məlumat verilib,
məsələ ilə bağlı ətraflı müzakirələr aparılıb.
FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı
(Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18
mart 2010-cu il tarixində qəbul edilib və 1 yanvar 2013-cü il
tarixindən qüvvəyə minib. Bu Akt ABŞ vətəndaşları və digər vergi
ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları
haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür
müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə
(IRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi
ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal
vergi gəlirlərinin artırılmasıdır.
Banklar da daxil olmaqla, xarici maliyyə institutları IRS-ə
onlarda hesab açmış ABŞ vergi mükəlləfləri barədə məlumatları, o
cümlədən onların adları, vergi identifikasiya nömrələri, ünvanları,
hesab qalıqları, hesaba daxil olan və hesabdan çıxan ödənişlər
barədə məlumatları verməlidirlər.
İyunun 5-i tarixinə olan məlumata əsasən, artıq 34 ölkə ABŞ-la
müvafiq saziş imzalayıb, 36 ölkə isə (o cümlədən Azərbaycan) saziş
imzalamaq üçün danışıqları davam etdirir (həmin ölkələrlə
bağlı məlumat
http://www.treasury.gov/resource-center/tax-policy/treaties/Pages/FATCA-Archive.aspx
linki vasitəsilə əldə edilə bilər).
FATCA ilə bağlı Azərbaycan tərəfindən indiyə kimi
görülmüş işlər:
Azərbaycan Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 103s
nömrəli sərəncamı ilə FATCA-nın tətbiqi məqsədilə Amerika Birləşmiş
Ştatları hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında
FATCA tələblərinin həyata keçirilməsi barədə hökumətlərarası
sazişin bağlanması məqbul hesab edilib. Qeyd edilən sərəncamla
bağlanması nəzərdə tutulan hökumətlərarası sazişin modeli kimi
mümkün olan ən əlverişli model, yəni dövlətlər arasında qarşılıqlı
məlumat mübadiləsini nəzərdə tutan 1A Modeli, məlumat mübadiləsinin
aparılması məqsədi ilə səlahiyyətli orqan qismində isə Azərbaycan
Vergilər Nazirliyi müəyyən edilib.
Hökumətlərarası saziş layihəsinin mətninin razılaşdırılması
məqsədilə Nazirlər Kabinetinin eyni sərəncamı ilə Komissiya
yaradılıb və Komissiya tərəfindən hökumətlərarası saziş layihəsinin
ilkin mətni üzrə diplomatik kanallar vasitəsilə ABŞ tərəfi ilə
aparılmış müzakirələr nəticəsində saziş layihəsinin 1A Modeli üzrə
ümumilikdə razılıq əldə edilib, 16 may 2014-cü il tarixdə
Azərbaycan Respublikası tərəfdaşlıq edən ölkələr siyahısına daxil
edilib
(http://www.treasury.gov/resource-center/tax-policy/treaties/pages/fatca-archive.aspx).
Azərbaycanın tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilməsi
nəticəsində Azərbaycanın maliyyə institutları üçün IRS-in
portalında qeydiyyatdan keçməyin son müddəti 5 may 2014-cü il
tarixindən 31 dekabr 2014-cü il tarixinədək uzadılıb, bununla da
Azərbaycan maliyyə institutlarının 1 iyul 2014-cü il tarixindən
başlayaraq tətbiq ediləcək sanksiyaların təsiri altına düşmə
ehtimalının qarşısı alınıb.
FATCA ilə bağlı bundan sonra görüləcək
işlər:
Azərbaycan 31 dekabr 2014-cü il tarixinədək ABŞ-la
hökumətlərarası saziş imzalamalı və həmin tarixədək Azərbaycanın
maliyyə institutları IRS-in portalında qeydiyyatdan keçməlidirlər.
Mahiyyəti üzrə razılıq əldə edilmiş hökumətlərarası saziş
layihəsinin imzalanması təmin edildikdən sonra tərəflərin
səlahiyyətli orqanları arasında məlumat mübadiləsinin praktiki
təşkilinin formatı, konfidensiallığın qorunması və digər məsələləri
tənzimləyən əlavə razılaşma bağlanacaq. Həmin razılaşmanın
bağlanmasının son tarixi kimi 30 sentyabr 2015-ci il nəzərdə
tutulub.