"Bir işğalçı ölkənin mövqeyinin Şavarş Köçəryan kimi
qeyri-adekvat və məntiqsiz bir insana həvalə edilməsi Ermənistanın
hazırda nə vəziyyətdə olduğunu bir daha göstərir".
Bu sözləri Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin
Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan Xarici İşlər
nazirinin müavini Şavarş Köçəryanın prezidentlərin görüşü haqqında
fikirlərinə cavab olaraq verdiyi açıqlamasında deyib.
O, Ermənistan rəhbərliyinin bir gün öz xalqı qarşısında cavab
verəcəyini bildirib:
"Birincisi, təxribatçı Ermənistan və onun rəhbərliyidir. 20
ildən artıq bir müddətdə Azərbaycanın ərazisini işğal altında
saxlamaq hansı dəyərlərlə əsaslandırıla bilər?! Azərbaycanlılara
qarşı törədilmiş etnik təmizləmə, vəhşiliklər isə insanlığa qarşı
cinayətdən başqa heç cür qiymətləndirmək mümkün deyil. Bunu
beynəlxalq ictimaiyyət də bilir. Başa düşürəm ki, Ermənistan
rəhbərliyi aciz durumdadır. Beynəlxalq ictimaiyyət onu işğalçı kimi
tanıyır. Qətnamələr və qərarlar var. Bir işğalçı ölkənin Şavarş
Köçəryan kimi qeyri-adekvat və məntiqsiz bir insana həvalə edilməsi
Ermənistanın hazırda nə vəziyyətdə olduğunu bir daha aydın
göstərir. Ermənistan rəhbərliyi bir gün öz xalqına Ermənistanı niyə
bu günə qoyduqlarını izah etməli və hesabat verməli olacaq".
Mətbuat Xidmətinin rəhbəri Ermənistanın öz günahını başqasının
üzərinə qoymağa çalışmasını cılızlıq adlandırıb:
"Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan görüşü görüş
xatirinə keçirmir. Əgər Ermənistan münaqişənin həllini uzatmaqda,
status-kvonu möhkəmləndirməkdə maraqlıdırsa, Azərbaycan münaqişənin
həllində əməli addımların tərəfdarıdır. Bugünkü status-kvonun qəbul
edilməzliyi Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin də
bəyanatlarında dəfələrlə vurğulanıb və onun tezliklə
dəyişdirilməsinin zəruriliyi dəfələrlə qeyd olunub. Əgər Ermənistan
öz günahını başqasının üzərinə qoymağa çalışırsa, bu çox cılız
görünür. Beynəlxalq ictimaiyyət üçün də yenilik deyil ki,
Ermənistan münaqişənin həllini və status-kvonu uzatmaqda və eyni
zamanda işğalı möhkəmləndirməkdə maraqlıdır".
Elman Abdullayev cəbhədəki bütün gərginliyin məsuliyyətinin
İrəvanın üzərinə düşdüyünü bildirib:
"O ki qaldı cəbhə xəttindəki gərginliyə, bunun bütün məsuliyyəti
rəsmi İrəvanın üzərinə düşür. Azərbaycanın işğal olunmuş
ərazilərindən öz Silahlı Qüvvələrini çıxartsınlar və gərginlik də
olmasın. İnsidentlərin baş verməsinin səbəbkarı Azərbaycan
torpaqlarını işğal edən Ermənistanın Silahlı Qüvvələridir.
Ermənistan tərəfinin konstruktivlikdən danışmağa heç bir mənəvi
haqqı yoxdur. Bir işğalçı dövlət konstruktivliyi münaqişənin
həllinə dair siyasi iradənin nümayişi ilə göstərməlidir".
Qeyd edək ki, bu gün Ermənistanın Xarici İşlər nazirinin müavini
Azərbaycan tərəfini Əliyevlə Sərksiyanın görüşünə mane olmaq üçün
bütün vasitələrə əl atmaqda günahlandırıb.