Yuxarı

Elçibəy Heydər Əliyevi qorumaq üçün istefa vermədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdrət Həsənquliyevdən şok iddialar…

Son günlər 1993-cü ilin 4 iyun qiyamı ilə bağlı yeni, bu günəcən kimsəyə bəlli olmayan ilginc informasiyalar üzə çıxır. Həmin dövrdə hakimiyyətin müxtəlif qanadında çalışanlar, AXC hakimiyyətində təmsil olunanlar çox maraqlı iddialarla çıxış edirlər. O çağda hakimiyyətdə təmsil olunan və hadisələri daha yaxından izləmək imkanına sahib BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin fikirlərinin diqqət çəkəcəyini düşünüb, onunla 1993-cü ilin 4 iyun qiyamı ilə bağlı söhbət etdik.

- Qüdrət bəy, 21 ildir iyun qiyamı baş verib və hər dəfə bu ərəfədə şahidlərin sözləri yenə də hansısa qaranlıq məqamı üzə çıxarır. Bu dəfə də elə oldu. Xüsusilə, həmin dövrdə Millit Təhlükəsizlik nazirliyində çalışan Ərəstun Oruclunun yazıları bir neçə məqamı da üzə çıxardı. Daha nəyi bilmirik?

- Əslində, 4 iyun qiyamı barədə danışarkən, real mənzərəni təsəvvür etmək lazımdır. Mənzərə belə idi: ölkənin şimalında SADVAL, cənubunda dırnaqarası TMR separatizmi baş qaldırmışdı, silahlı qüvvələrdə əhəmiyyətli mövqeyi və nüfuzu olan briqadalardan ikisini komandiri – Ələkrəm Hümbətov və Surət Hüseynov mərkəzə tabelikdən imtina etmişdi və bu briqadalar faktiki olaraq, özbaşına silahlı qruplaşmaya çevrilmişdi, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi qarşısında idi…

- Belə acınacaqlı vəziyyət hansı siyasi diktənin nəticəsi idi?

- Əsas səbəbi o idi ki, Elçibəyin rəhbərliyi ilə qurulan milli hökumət müstəqil daxili və xarici siyasət yürüdürdü və bu siyasətlə həm şimal, həm də cənub qonşumuz barışmırdı.

Süleyman Dəmirəl MDB-yə qoşulmağımızı istəyirdi

- İran xüsusi xidmət orqanlarının həmin ərəfədə Azərbaycanda aktiv fəaliyyət göstərdiyini Ə.Oruclu da vurğuladı…

- Tamamilə doğrudur… Digər tərəfdən, Avropa xristian faktoru və güclü erməni diasporunun təsiri alrında Dağlıq Qarabağda atəşin dayandırılmasını tələb edirdi. Hətta qardaş Türkiyə prezidenti Süleyman Dəmirəl təkidlə tələb edirdi ki, MDB-yə daxil olun, atəşi dayandırın, danışıqlara gedin. Vəziyyət çox çətin idi. Elçibəy hökuməti isə müharibəni dayandıra bilmirdi. Çünki hakimiyyətdə olanlar xalq hərəkatından gəlmişdi və xalq da Dağlıq Qarabağın azad olunmasını tələb edirdi.

- Və bunlar nəticədə qiyama və qiyam qarşısında acizliyə gətirib çıxardı…

- Qiyam zamanı ciddi addımlar atıla bilməməsinin bir səbəbi müharibə idisə, ikincisi, iqtisadi gücü yox idi. Üçüncü tərəfdən, ana müxalifətdə olan və kifayət qədər elektorata malik Etibar Məmmədov hərbi müxalifətə açıq dəstək verdi. Hətta Elçibəyin prezidentlikdən kənarlaşdırılması haqda qanun layihəsini parlamentə Etibar Məmmədov təqdim etdi. Layihəni isə Fuad Ağayev hazırlamışdı. Etibar Məmmədovun əsas adamlarından olan Şadman Hüseynov Gəncədə oturmuşdu.

İsa Sadıqov qorxaqlıq etdi

- Həmin ərəfədə qəbul edilən qərarları necə qiymətləndirirsiz?

- Qətiyyətsiz qərarlar idi. Gəncədə hökumətə tabe olmayan 709-cu hərbi hissəni tərksilah etmək məqsədilə başda İsa Sadıqov olmaqla ora göndərilən şəxslərin qorxaq və cəsarətsizliyi qiyamda ciddi rol oynadı. İsa Sadıqov yaxşı insandır, amma hərbçi kimi qeyri-peşəkardır. O, hərbi hissəni tərksilah etmək əvəzinə Sürət Hüseynovla çay içmişdi. Hərbi hissəni tərksilah etmək üçün çay içmirlər, konkret vaxt qoyub, tələb edirlər. Tabe olmayanda isə fiziki baxımdan ya məhv, ya da həbs edirlər. Hesab edirəm ki, Gəncəyə göndərilən şəxslərin bacarıqsızlığı, qorxaqlığı və səriştəsizliyi bu vəziyyəti yaratdı. Amma əslində bunlar qiyamın baş verməsi üçün köməkçi faktorlar idi.

- Əsas faktorlar hansılar idi?

- Əsas faktor Elçibəy komandasının - İsa Qəmbərin, Pənah Hüseynin və Əli Kərimlinin öz prezidentlərinə xəyanəti idi. Bir hadisə xatırlayıram. Həmin vaxt yenicə Dövlət katibinin (həmin ərəfədə Dövlət katibi Əli Kərimli idi – red.) köməkçisi təyin olunmuşdum. Mən 8.45-də işdə olurdum, iş isə 09.00-da başlayırdı. 4 iyun günü işə gəldim, az sonra hökumət telefonu ilə Gəncədən zəng edib dedilər ki, şəhərdə atışma gedir. Saat 10-a qalmış Əli Kərimli işə gəlirdi. O gələndə həmişə məndən soruşurdu ki, nə var, nə yox. Mən də ona dedim ki, Gəncədən zəng ediblər, deyirlər şəhərdə atışma gedir. Onun rəngi ağardı və otağına keçdi. Üstündən 30 dəqiqə keçəndən sonra bayıra çıxıb, mənə heç nə demədən getdi. Həmin dövrdə mobil telefon olmadığından yüksək postda olan şəxslər otaqdan çıxanda hara getdiyini deyirdi. Çünki prezident onu axtara bilərdi. Ancaq 4 iyun günü Əli Kərimli otaqdan çıxanda hara getdiyini demədi. Xeyli sonralar Əbülfəz bəylə Kələkidə söhbət etdik. Məni bir məsələ ciddi narahat edirdi və heç kim mənə düzgün cavab verə bilmirdi. Əbülfəz bəyə sual etdim ki, necə oldu ki, siz Bakını tərk edəndə bu haqda Dövlət katibinə heç nə demədiniz? Ona görə yalnız Dövlət katibini soruşdum ki, həmin dövrdə Pənah Hüseyn və İsa Qəmbər istefa vermişdi, Elçibəyin komandasında yüksək vəzifədə olanlardan ancaq Əli Kərimli yerində idi. Mən bu sualı Əli Kərimliyə də çox ünvanlamışam, indi də ünvanlayıram, amma o bu haqda danışmaq istəmir.

- Elçibəy Bakını tərk edəndə Əli Kərimli harada idi ki?

- Axşam saatlarında Zağulbadakı bağına getmişdi. Amma Prezidentin paytaxtı tərk edəcəyini Dövlət katibinə deməməsi maraqlıdır. Prezident ona bu haqda heç nə deməmişdi.

- Bəs siz 4 iyun günü Əli Kərimlidən hara getdiyini soruşmamışdınız?

- Xeyr. Bu etikadan kənar olardı. Düzdür, bizim şəxsi münasibətlərimiz əla idi, tələbə vaxtından yaxın idik. Amma etik baxımdan köməkçinin dövlət katibindən hara getməsini soruşması doğru deyildi. Ancaq sonradan bu suala cavabı ondan deyil, Əbülfəz Elçibəydən aldım.

Pənahgil Elçibəydən xəbərsiz Heydər Əliyevə zəng vurmuşdu

- Maraqlıdır, Elçibəy nə dedi?

- Əbülfəz bəy dedi ki, həmin gün köməkçisi ona bildirib ki, Naxçıvandan Heydər Əliyev zəng edib və onunla danışmaq istəyir. Bəy dedi ki, Heydər Əliyev mənə bildirdi ki, bəs indicə Pənah Hüseynov mənə zəng etdi və dedi ki, Daxili İşlər nazirinin otağından danışıram, İsa Qəmbər və Əli Kərimli də burdadır. Gəncədə qiyam baş qaldırıb və hesab edirik ki, qiyamı yatırmaq üçün siz Bakıda olmalı, qiyamın yatırılması prosesinin önündə dayanmalısınız. Heydər Əliyev Pənah Hüseyndən soruşub ki, sizin zənginizdən Prezidentin xəbəri varmı? Pənah Hüseyn duruxub, sonra bildirib ki, əgər siz razılıq versəniz, biz Elçibəylə danışarıq. Heydər Əliyev isə deyib ki, sizin komandanın lideri Əbülfəz Elçibəydir, onunla danışmadan mənə niyə zəng açmısınız? Sözsüz ki, Heydər Əliyev təcrübəli siyasətçi idi, anlayırdı ki, Pənah Hüseyn onunla söhbətini yanındakılara danışacaq və beləcə razılığa gələnə qədər bir neçə dəqiqə vaxt keçəcək. Odur ki, dərhal Əbülfəz bəyə zəng edərək bu haqda ona deyib.

Elçibəy bu sözü eşidəndə şoka düşüb

Rəhmətlik Bəy mənə bildirdi ki, Heydər Əliyevdən bu sözləri eşidəndə şoka düşdüm. Yəqin xatırlayırsınız, həmin vaxt Pənah Hüseyn qəfildən çıxıb bəyan etdi ki, Baş nazir postundan istefa verir. Məgər ölkədə qiyam olanda istefa verərlər? Əvvəl qiyamı yatırarlar, sonra onun nəticəsindən asılı olaraq istefa vermək olar. Məhz o hadisədən sonra Əbülfəz bəy Pənahı yanına dəvət edərək deyib ki, istefa ver. Bu zaman Pənah Hüseyn çalışıb ki, Heydər Əliyevə zəng etmələrini əsaslandırsın. Fikir verin, Elçibəyin komandasının əsas fiqurları olan İsa Qəmbər, Pənah Hüseyn və Əli Kərimli prezidentdən xəbərsiz gedib Daxili İşlər naziri Abdulla Allahverdiyevin otağında toplaşıblar. Ancaq Bəy demədi ki, onlar kimin təşəbbüsü əsasında ora yığışıb. Mən bu şəxslərin Daxili İşlər nazirinin otağında toplaşma səbəblərini bilmək üçün dəfələrlə suallar vermişəm, amma heç biri buna cavab verməyib. Məncə, məhz bu hadisədən sonra Əbülfəz Elçibəy artıq psixoloji baxımdan sınmış və iqtidar savaşını uduzmuşdu. Ona ən yaxın ətrafı xəyanət etmişdi. Elçibəy ruh, ideya adamı idi. Belə bir insan üçün komandanı yenidən formalaşdırmaq, qiyamı yatırmaq çətindir. Bu cür xəyanətlərə öyrəşən, uzun müddət dövlət həyatında iştirak edən şəxslər bəlkə də bu mərhələni keçə bilərdi, amma Elçibəy keçə bilmədi.

Savaş iyunun 4-də uduzuldu

- Bəs İsa Qəmbər niyə istefa verdi? Axı görünən budur ki, İsa Qəmbər istefa vermək istəmirdi?

- Artıq iyunun 4-də bu savaş uduzulmuşdu. Məhz bundan sonra Bəy Pənah Hüseynova deyib ki, istefaya get, İsa Qəmbərə də deyin, istefaya getsin. Amma İsa Qəmbər bir müddət istefa vermədi. Sonra mən Bəyə sual etdim ki, bəs onda niyə Dövlət katibini istefaya göndərmədiniz? Elçibəy dedi ki, Əli Kərimli onların içərisində ən gənci idi, onu yoldan çıxara bilərdilər. Bəyin dediyinə görə, həmin ərəfədə onu çıxarıb yerinə başqasını qoymağın fərqi yox idi. Əbülfəz Elçibəyin dediyini deyirəm, indi o haqq dünyasındadır, amma göydə Allah var. Bəy dedi ki, İsa Qəmbərə istefa verməsi üçün zəng vurdum. Bundan sonra İsa Qəmbər istefa verdi. Kələkidən qayıtdıqdan sonra Əli Kərimliyə dedim ki, 4 iyun günü hara getdiyini indiyə qədər mənə deməmisən, amma siz həmin gün Heydər Əliyevə telefon açmısız. O bildi ki, Elçibəy bu söhbəti mənə danışıb. Bundan sonra isə dediklərimin doğru olduğunu təsdiqlədi.

Fəhmin Hacıyev də təcrübəsiz idi o vaxt

- Amma daha bir nüans odur ki, qiyam zamanı Bakıdan Gəncəyə xüsusi təyinatlılar göndərilib və onlara qiyamçı polkovniki məhv etmək tapşırığı verilib. Onlar Gəncədə post qurublar, lakin Surət Hüseynov evindən çıxaraq asanlıqla bu postu keçib və 709 nömrəli hərbi hissəyə daxil olub...

- Gəncəyə göndərilən şəxslər - Qabil Məmmədov, Tahir Məmmədov və digərləri parta arxasından təzəcə durmuşdular, gənc uşaqlar idi, onların heç bir təcrübəsi yox idi. Eləcə də Fəhmin Hacıyevin (Daxili Qoşunların o vaxtkı komandanı) səriştəsi yox idi. Orada önəmli rolu qorxaqlıq, təcrübəsizlik, səriştəsizlik oynamışdı. Daha sonra AXC-nin batalyonları Navahı istiqamətinə getdi. Onlar da silahlarını ataraq 60 nəfərin qarşısından qaçdılar. Bəziləri qorxaqlığına, bəziləri cəsarətsizliyinə görə uzun illər həbsdə yatdı. Amma nə xalq onları bağışlayır, nə də ilahi təqdir. İndi də fikirlər yayırlar ki, guya Elçibəy özü əvvəlcədən Heydər Əliyevi gətirmək istəyirmiş. Bunların hamısı cəfəngiyatdır.

- Axı Elçibəy deyirdi ki, Heydər Əliyevi mən dəvət etdim...

- Bir dəfə Əbülfəz bəydən soruşdum ki, Heydər Əliyevi bura dəvət etmədən Naxçıvana nədən getmədiniz? O zaman Naxçıvanda Heydər Əliyev Sizi Prezident kimi qəbul edəcəkdi. Siz birlikdə Bakıdakı qanunsuz hakimiyyəti tutacaq şəxslərlə mübarizə apara bilərdiniz. Bəy dedi ki, Prezident statusu daşımasına baxmayaraq, uduzduğunu artıq görürdü. Narahat imiş ki, hakimiyyətə Rəhim Qazıyev, Surət, sonra Mütəllibov gələr. Beləcə, ölkə viran qalar. Həmin dövrdə bu dövləti idarə edəcək bir adam var idi - Heydər Əliyev...

Elçibəy istefa verməməklə Heydər Əliyevi qorudu

- Belədə, Elçibəy Kələkiyə niyə istefa verib getmədi?

- Bunu mən də soruşmuşdum. Əbülfəz bəy cavabında bildirdi ki, hər bir dövlətin, xalqın və siyasi təşkilatın taleyi olur. Bu da cəbhəçilərin taleyi idi ki, öz mərhumiyyətləri ilə Azərbaycanı qorusunlar. Əlavə etdi ki, mənim prezidentlikdən istefa verməməyim Heydər Əliyevi İranın, Rusiyanın və Avropanın təzyiqlərindən qorudu. Bildirdi ki, mən qanuni prezident olduğumu bəyan etdiyim üçün Heydər Əliyevdən çox şey tələb edə bilmirdilər.

Fəhmin mövhumata uymuşdu, elə bilirdi, general olacaq…

- Bəs necə oldu ki, Heydər Əliyev qiyamçılara qalib gəldi, amma Elçibəy yox?

- Heydər Əliyevin partiyası onun şəxsiyyəti ətrafında yaranmışdı. Heydər Əliyev partiyada istənilən adamı istənilər yerə qoya bilirdi. AXC isə Azadlıq meydanında formalaşmışdı. Orada üzdə olanlar yığılıb qərara gəlmişdilər ki, AXC-ni təsis etsinlər. Bəyi də AXC İdarə Heyətinin sədri seçmişdilər. İkincisi, biz hakimiyyətə demokratiya, çoxpartiyalı sistemin inkişafı şüarı ilə gəlmişdik. Hər kəs gedib özünə bir partiya yaratdı. Əslində, bu kökündən yanlış bir addım idi. Siz baxın, AXC İdarə Heyətinin üzvlərinin bir-ikisindən başqa hamısı partiya yaratdı. Həm də siyasi maarifçiliyin aşağı olması da ciddi faktor oldu. Həmin vaxt Daxili Qoşunların komandanı Fəhmin Hacıyev idi. Özü yaxşı oğlandır, amma etiraf edək ki, həmin vaxtlar qaçıb gizlənmişdi. Təsəvvür edin ki, Əli Kərimli Dövlət katibi idi, amma onu tapmırdı. Mən köməkçisinə zəng edib dedim ki, Fəhmin bəyə təcili xüsusi dövlət sirri çatdırmalıyam. Beş dəqiqədən sonra köməkçisi Fəhmin Hacıyevi birləşdirdi, mən də dedim ki, utanmırsan, qaçıb gizlənmisən? Dövlət katibi səni axtarır, amma tapa bilmir. Cəbhənin həmin dövrdə öndə olan şəxsləri öz sahələrində intellektləri ilə seçilməyən insanlar idi, cəmi bir-ikisi fərqlənmə diplomu ilə universitet bitirmişdi. Onların çoxunda mövhumat var idi. Bu hadisələrdən qabaq Fəhmin Hacıyevin yanına bir falçı göndəriblər, o da deyib ki, bəs sənə qaranlıq görünür, əgər bu qaranlığa girməsən, general poqonları taxacaqsan. Gəncədə qiyam baş verəndən sonra Fəhmin elə bilib ki, qaranlıq budur, düşünüb ki, bu qaranlığa girməsə, general olacaq...

Dəmirəl ikicə ədəd mülki vertolyot vermədi

- Ərəstun Oruclu qiyamla bağlı yazısında bildirir ki, həmin ərəfədə ABŞ da Əbülfəz Elçibəyin iqtidarda qalmasında maraqlı deyildi...

- Ərəstun bəy həmin ərəfədə AzTV-də senzor idi və proseslərin içində deyildi. Onun geniş informasiyası ola bilməzdi. Amma sizə deyim ki, həmin dövrdə ABŞ 907-ci düzəlişi qəbul etdi. Ankaranı da məcbur etdi ki, konfliktə müdaxilə etməsin, Ermənistana taxıl yardımı göndərsin. Elçibəy ürək ağrısı ilə deyirdi ki, Kəlbəcərin işğalı günü Süleyman Dəmirəldən iki mülki vertolyot istədim, vermədi.

Redaksiyadan: Müsahibədə adı çəkilən şəxslərin fikirlərini tirajlamağa hazırıq.

Tarix
2014.06.10 / 15:17
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Qurulevdən Musabəyova cavab: Səs yazısını dinlə, axmaq...

İki vəkilə xəbərdarlıq edildi, birinin isə...

Kremlin Zəngəzurla bağlı şərtləri - Paşinyan cavab verəcək!

İlham Əliyevlə Trampın dialoqunun tam versiyası - Video

Qarabağ Fondunun Müşahidə Şurasındakı dəyişiklik...

Nazirlik binasının şüşələrini 248 min manata təmizlətdirəcək

Asim Munirə Azərbaycanın hərbi medalı təqdim edildi

Paşinyan inqilabi dönüş yaratdı - Şmuleviç

Minsk qrupunun işinə son qoyuldu - Qurtulmuş

Bakı ilə İrəvan arasında razılaşma... – Pakistan prezidenti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla