Xəbər verildiyi kimi,
bugünlərdə Ukraynanın yeni hökumətində üç soydaşımıza yüksək vəzifə
verilib. Onlardan biri Paşa İlisuyski (Məmmədov) Ukrayna Xarici
İşlər Nazirliyinin Radasına təyinat alıb. Qeyd edək ki, o, XİN-in
Radasında yer alan yeganə azərbaycanlıdır.
Diaspor Jurnalistləri Birliyi P. Məmmədovun müsahibəsini
axar.az-a təqdim edir.
- Əvvəla, yeni vəzifənizlə bağlı sizi təbrik edirik.
Öncə, özünüz haqda məlumat vermənizi xahiş edirik.
- Mən dörd təhsilimdən ikisini Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışam.
2003-cü ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə, o cümlədən
nazirliyin Həmkarlar İttifaqının sədr müavini və Azərbaycanın
Dubayda konsulu vəzifələrində çalışmışam. Diplomatik fəaliyyətim
zamanı Azərbaycan dövləti tərəfindən bir sıra təltiflərə layiq
görülmüş, eyni zamanda GUAM və Bakı Enerji sammitlərinin, İslam
Konfransının 33-cü sessiyasının və Azərbaycan Respublikası
Prezidentinin 2003 və 2008-ci illərdə inauqurasiya mərasiminin
yüksək səviyyədə təşkilinə görə xüsusi təşəkkürnaməyə layiq
görülmüşəm. Azərbaycan Respublikasının səfirlikləri və dövlət
qurumlarının istifadə etdiyi "Azərbaycanın dövlət rəmzləri və
atributları" ləvazimatının müəllifi olmuşam.
- Yeni vəzifənizdə Azərbaycan-Ukrayna əlaqələrinin
inkişafı istiqamətində hansı planlarınız var?
- Peşəkar diplomat kimi qeyd etmək istərdim ki, Azərbaycanla
Ukrayna arasında əlaqələr çox yüksək səviyyədədir.
Ukrayna-Azərbaycan münasibətlərinin dərin tarixi var. Dövlətlərimiz
müstəqillik qazandıqdan sonra bu əlaqələr günbəgün daha da inkişaf
edib. Ukraynanın çətin vaxtlarında Azərbaycanın dəstəyi hiss
olunub. Hələ ötən əsrin doxsanıncı illərinin ortalarında Ukraynada
yanacaq böhranı baş verəndə Heydər Əliyevin qərarı ilə Ukraynaya
kömək göstərilməsi nəticəsində Ukrayna baş verə biləcək iqtisadi
böhranı adladı. Builki siyasi dəyişikliklərdən sonra burada siyasi
böhran baş verdi və bunun nəticəsində ölkədə məlum olan proseslər
getdi. Ukraynanın belə çətin vəziyyətində bu ölkədə yaşayan
azərbaycanlıların Ukraynanın milli maraqları çərçivəsində çıxış
etməsi və Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarda Ukraynanı
dəstəkləməsi bu münasibətlərin hansı səviyyədə olmasının real
təzahürüdür. Mənim də fəaliyyətim bu əlaqələrin daha da inkişaf
etdirilməsinə öz töhfəmi vermək və Ukraynada yaşayan
azərbaycanlıların başını daha da uca etməkdən ibarət olacaq.
- Ukraynada gözlənilmədən üç azərbaycanlının irəli
çəkilməsi nə ilə bağlıdır?
- Üç azərbaycanlı hələ azdır, inşallah, yüz üç olmalıdır.
Ukraynanın çətin vəziyyətində bu ölkədə, əsasən də şərq
vilayətlərində yaşayan soydaşlarımızın Ukrayna xalqına sadiq
mövqedən çıxış etməsi, Azərbaycan dövlətinin Ukrayna ilə bağlı
tutduğu mövqe, Ukrayna və Rusiya arasında baş vermiş siyasi
anlaşılmazlıqla bağlı apardığı incə və düşünülmüş siyasət
nəticəsində bu ölkədə yaşayan azərbaycanlıların nüfuzu yüksək
zirvəyə çıxdı. Belə bir vəziyyətdə Ukraynada vəzifələrə gətirilmiş
hər bir azərbaycanlı, Ukraynada yaşayan soydaşlarımızın tutduğu
mövqe və Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətə
borcludurlar. Şəxsən mən Ukraynada yaşayan hər bir azərbaycanlıya
öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
- Ukraynada Azərbaycan diasporunun gücü və mövqeyi hansı
səviyyədədir?
- Ukraynada azərbaycanlıların ümumukrayna və regional miqyasda
bir çox cəmiyyəti fəaliyyət göstərir. Hər biri öz ətrafında
cəmləşmiş soydaşlarımızı və bir-birilərini yüksək səviyyədə
dəstəkləyirlər. Mən bu dəstəyi ictimai fəaliyyətimdə atdığım ilk
addımlar zamanı hiss etdim. Təbii ki, bizim diasporumuzun nə qədər
güclü olmasından asılı olmayaraq, mən bir azərbaycanlı kimi onun
daha da güclü və nüfuzlu olmasını arzulayıram. Bizim diasporumuzun
gücü, Ukraynada yaşayan hər bir azərbaycanlının gücüdür.
Diasporumuzun güclü və nüfuzlu olması Ukraynada yaşayan hər bir
azərbaycanlının fəallığından və diaspor təşkilatları ətrafında sıx
birləşməsindən asılıdır. Bizim diaspor təşkilatlarının, yəni bizim
güc və mövqeyimizi keçiriləcək regional və ümumukrayna seçkilərində
əldə olunacaq nailiyyətlər göstərəcək. Bu nailiyyətlərin yüksək
səviyyədə olması və baş verəcək seçkilərin nəticələrinin ürəyimizcə
olması üçün biz hamımız bütün gücümüzü və imkanlarımızı səfərbər
etməliyik. Artıq, "Kim nə edəcək?" sualını yox, "Mən ümumi məqsəd
üçün nəyə qadir ola bilərəm?" sualını hər birimiz özümüzə
verməliyik. Hər şey yalnız bizim fəallığımız və birliyimizdən
asılıdır.