"Azərsu"ASC-nin mühəndisi Vüqar Musayev Məlaikə
Kərimovanı maşınla vuraraq hadisə yerində yaralını köməksiz
vəziyyətdə qoyub.
Məlumatı Axar.az-a qadının qızı Könül Kərimova verib. Onun
sözlərinə görə, hadisə aprel ayının 25-də səhər saat 10 radələrində
Şəki şəhəri Heydər Əliyev prospektində baş verib:
"Azərsu" ASC Şəki Su Təchizatı və Kanalizasiya xətlərinin
yenidən qurulması layihəsinin su mühəndisi Vüqar Şəfiq oğlu Musayev
idarə etdiyi "KİA sportace" markalı 90 AN 097 dövlət nömrə nişanlı
avtomobillə anam Kərimova Məlakə Sabir qızını piyada keçidini
keçərkən vurub. Anam yol hərəkəti qaydalarına tam əməl edərək yolu
keçirmiş. Bunu görən şahidlər də var. Hadisə zamanı nəinki anama
köməklik etməyib, hətta məsuliyyətdən yayınmaq üçün əyri yollara əl
atıb".
Kəllə-beyin travması, yoxsa adi sıyrılma?
Qəza nəticəsində anasının açıq kəllə-beyin travması aldığını və
başının partlayaraq sümüklərinin çölə çıxdığını deyən K.Kərimova
buna baxmayaraq ilk yardım həkiminin ona sadəcə sıyrıntı diaqnozu
qoyduğunu vurğulayıb:
"Vüqar Musayev Şəki Mərkəzi Rayon Xəstəxanasında Təcili Yardım
Stansiyasının Baş həkimi Arzu İlyaslı ilə birləşərək anamı
xəstəxanadan uzaqlaşdırmaq üçün əllərindən gələni ediblər. Anamın
açıq kəllə-beyin travması alması və başının partlamasına
baxmayaraq, ona laqeyd münasibət bəsləyiblər, sadəcə sıyrıntı
diaqnozu qoyublar. Həmin gün Vüqar Musayev anamın 10 manatlıq
dərmanlarını alıb. Bundan sonra o, anamın vəziyyəti ilə qəti
maraqlanmayıb".
Cinayət işi inzibati xəta kimi tamamlanıb
Anasının tələm-tələsik təcili yardımdan evə göndərdiklərini
deyən K.Kərimova bunun təmənnalı edildiyini düşünür:
"Üç gündən sonra onun vəziyyəti kəskinləşdi və yenidən Şəki
Mərkəzi Xəstəxanasına apardıq. Burada ona lazımı yardım göstərildi,
yaraları tikildi. Lakin xəstə hadisə yerində xeyli qan itirdiyindən
reanimasiya şöbəsinə yerləşdirildi".
Faktla bağlı Şəki Şəhər Polis İdarəsində araşdırma aparılıb.
İstintaq İdarəsinin müstəntiqi Tariyel Qafarov zərərçəkənlərə bu
hadisədə heç bir cinayət tərkibinin olmadığını, sürücünün isə
yalnız İnzibati Xətalar Məcəlləsinin 151.1-ci (sürücülər tərəfindən
yol hərəkəti qaydalarıın pozulması) maddəsi ilə inzibati
məsuliyyətə cəlb ediləcəyini bildirib.
Piyadanı vurmağın cəriməsi - 200 manat
Bu nəticə ilə iş məhkəməyə göndərilib. Dünən - iyunun 12-də Şəki
Şəhər Məhkəməsi sözügedən "inzibatı xətanı" araşdırıb və bir nəfəri
ömürlük şikəst edən sürücünün 200 manat inzibati cərimə ödəməsi
barədə qərar çıxarıb:
"Atam I qrup gözdən əlildir, şəkərli diabet xəstəsidir.Anam ona
baxırdı, mən də həm işləyirəm, həm oxuyuram. Anam 10 gün
xəstəxanada yatıb. Onun nəinki müalicəsini qarşılamaq, heç bir
insan kimi telefonla da olsa halını soruşmadılar".
Onu da deyək ki, hadisənin düzgün qiymətləndirilməsi və yenidən
araşdırılması üçün K.Kərimova artıq ölkə başçısına müraciət
edib.
Günahkar piyada imiş
Məsələyə münasibət bildirən V.Musayev qəzada piyada Məlakə
Kərimovanın günahka olduğunu bildirdi. Digər suallarımız isə
cavabsız qaldı.