Hərbi jurnalist Cəsur Sümərinli LİNKS Dialoq, Analiz və
Təhqiqat mərkəzinin direktoru, Brüsseldə yerləşən Avropa Siyasət
Mərkəzinin Məşvərət Şurasının üzvü, qafqazşünas və siyasi analitik
Dennis Sammutdan bölgəmizdəki siyasi vəziyyətlə bağlı müsahibə
götürüb.
Axar.az həmin müsahibəni təqdim edir.
- Öz təşkilatınız haqqında qısa məlumat verin. LİNKS
nədir?
- LİNKS 1997-də yaradılıb. Onun məqsədi dünyanın müxtəlif
yerlərində konfliktlərin həll olunması yollarına yönəlmiş
prosesləri, xüsusilə də fövqəladə cəmiyyətlərdə demokratiyaya doğru
keçidi dəstəkləməkdir. Son 15-16 ildə bizim əsas işlərimiz Qafqaz
regionunda cəmlənib.
- Cənubi Qafqazda təhlükəsizlik problemi haqqında əsas
fikirlər nədir?
- Bu günlərdə Cənubi Qafqaz dünyada gedən müxtəlif proseslərin
mərkəzindədir. Bura Avropa və Asiya arasında həm coğrafi, həm də
strateji yerdir. Böyük tarixi keçmişinin olması onun hələ də böyük
imperiyalarla əlaqəsinin qalmasının əsas səbəbidir. Hal-hazırda
Cənubi Qafqazda 3 müstəqil ölkə var. Bu ölkələr müstəqilliyinin ilk
20 ilini mövcud olmaq uğrunda mübarizəyə həsr edib. Mən deyərdim
ki, bu mübarizə 2-3 il bundan qabaq bitib. Hamı başa düşür ki,
Azərbaycan, Ermənistan, Gürcüstan hökumətlərinin məqsədi gələcəkdə
beynəlxalq təhlükəsizliyi davam etdirə biləcəklərindən əmin
olmaqdır. Onlar və başqa ölkələr bunu əldə etmək üçün işləyirlər.
Maraqlısı bundadır ki, hər 3 ölkə tamamilə ayrı 3 yola üz tutub.
Gürcüstan uzun müddət iddia edirdi ki, onun gələcəkdə əsas planı
NATO-un üzvü olmaqdır. Ermənistan isə əvvəldən Rusiya ilə
münasibətlərini qorumaq istəyirdi və o, artıq Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan çoxqütblü
inkişaf edən xarici siyasətə malikdir. O da bir neçə il bundan
qabaq Tərəfsiz Dövlətlər Hərəkatına qoşuldu.
NATO və Avropada bəzi insanlar bu 3 fərqli siyasətə böyük hörmət
bəsləyirlər, amma digər bir qismi bu görüşlərlə razılaşmır.
Bu ölkələr üçün ən böyük problemlərdən biri Rusiyanın onların
xarici siyasətinə müdaxilə etməsidir.
Beynəlxalq cəmiyyətdə müstəqil ölkənin öz xarici siyasətini
formalaşdırmaq haqqı var. Heç bir ölkənin onlara müdaxilə etmək
hüququ yoxdur.
NATO heç vaxt Ermənistana müdaxilə etməyib, çünki o
Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həmçinin Rusiya da
Gürcüstanın NATO-ya qoşulmasına müdaxilə edə bilməz.
Rusiya bu ölkələrin əsas qonşusudur və təbii ki, bu ölkələrdə
həmişə marağı olacaq. Hazırda ən əsas məsələ Rusiyanın bu ölkələrlə
münasibətini necə nizamlamasıdır.
- Dağlıq Qarabağ problemi haqqında nə
düşünürsünüz?
- Fikirləşirəm ki, Dağlıq Qarabağ konflikti təhlükəlidir. Bu,
region, hər iki ölkə və beynəlxalq cəmiyyət üçün təhlükəlidir. Buna
görə də münaqişənin həllini tezləşdirmək lazımdır. Bilirsiniz ki,
çoxlu sayda görüşlər keçirilir. Sonuncu görüş noyabr ayında Vyanada
baş tutub. Hər görüşdən sonra biz yenə ümidlə nəticə gözləyirik.
Bir neçə gün keçdikdən sonra yenə eyni vəziyyətə qayıdırıq, cəbhə
xəttində yenə eyni hadisələr baş verir. Avropada, Avropa Şurasında
olan iki ölkənin 21-ci əsrdə belə bir vəziyyətdə olması dəhşətdir.
Prosesi sürətləndirmək lazımdır, burada yanlış anlaşılmanın olması
ehtimalı çox yüksəkdir. Bildiyiniz kimi, danışıqlar sürətlə getmir.
Beynəlxalq cəmiyyət düzgün siyasi qərarların verilməsini gözləyir.
Əgər 20 ildə bunun həlli tapılmayıbsa, mən sizə bunun 20 aya
tapılmaq ehtimalından danışa bilmərəm. Beynəlxalq cəmiyyət
qərarların verilməsinə, danışıqların aparılmasına düzgün mühit
seçərək köməklik edə bilər. Düşünürəm ki, danışıqlar açıq şəkildə -
insanların gözü önündə aparılmalıdır. Heç nəyi gizlətmək lazım
deyil.
- Sizcə Minsk Qrupunun bu məsələyə effektiv təsiri var
?
- 20 ildə həll yolunu tapa bilməyən bir qurumun bundan sonra
məsələni həll edə bilməsi barədə bir şey demək düzgün olmaz. Ancaq
başqa həll yolu da yoxdur. Əgər biz bunu dəyişmək istəsək, onda hər
iki tərəf öz dəyişikliklərini etməyə çalışacaq.
- Danışıqlar prosesində NATO-un rolu barəsində nə deyə
bilərsiniz?
- Bildiyim qədər ilə NATO bu haqda öz fikrini artıq açıqlayıb.
O, bu məsələyə birbaşa müdaxilə etmək haqqına sahib deyil. Çünki
iki ölkədən heç biri NATO-un üzvü deyil. NATO-un edə biləcəyi tək
şey danışıqlar zamanı texniki yardımlar göstərməkdir.