Dünən ölkə
mətbuatında
Azərbaycanda sələfi liderlərindən olan Əlixan Musayevin İraqa
gedərək İraq Şam İslam Dövlətinə (İŞİD) qoşulması ilə bağlı
məlumatlar yayılmışdı.
Məlumatlarda Ə.Musayevin qruplaşmanın tərkibində vuruşan
azərbaycanlıların əmiri vəzifəsini daşıdığını və hazırda İraqa
hücuma keçən İŞİD-in tərkibində döyüşən azərbaycanlı döyüşçülərə
rəhbərlik etdiyi qeyd olunmuşdu.
Əlixan Musayev məsələ ilə bağlı Axar.az-a verdiyi
müsahibəsində haqqında deyilənlərə aydınlıq gətirib:
Kəlbəcər burdan 80 km-dir
- Uzun zamandır sizin İŞİD-ə qoşulmağınızla bağlı
məlumatlar yayılır. Niyə çıxıb təkzib vermirdiniz?
- Kim mənim haqqımda nə deyir, nə yazır, mən onların hamısına
cavab verməliyəm? Münafiqlərə baş qoşmaq, onların səviyyəsinə
enmək, hər münafiqin dediyinə cavab vermək dinimizə görə düzgün
deyil axı.
- Bəs hazırda haradasınız?
- Bu dəqiqə mən Göygöl rayonunda Toğana adlı yerdəyəm. Burda həm
dincəlirəm, həm də qəşəng bir kitabın üzərində işləyirəm.
Qurani-Kərimin arxasında olan təfsiri bir az da genişləndirirəm.
İnşallah, bu yaxınlarda işıq üzü görəcək. Cihada gəldikdə isə, əgər
cihad etmək lazım olsa, Kəlbəcər burdan 80 km-dir, elə ora
gedərəm.
- İŞİD-ə münasibətiniz necədir?
- Biz bilmirik axı, orda nə oyunlar gedir? Biz bilmirik... Bu,
elə-belə balaca qruplaşmaların apardığı döyüşlərdir. Biz onlara
necə baş qoşa bilərik? Əgər ordakıların niyyəti həqiqətən Allah
yolunda vuruşmaqdırsa, öz namusunu, öz ailəsini, valideynlərini,
arvadını, uşaqlarını qorumaqdırsa, o yolda ölənlər şəhid sayılır.
Yox əgər terrorçudursa, fitnəkardırsa, fitnənin yaradıb özləri
kənarda durursa, əlbəttə, bunlar cəhənnəmlik olacaq.
Qiyamət günü nə cavab verəcəksən?
- Onda belə çıxır ki, İŞİD terrorçu
qruplaşmadır?
- Qardaş, mən tanımıram onları. Bilmirəm onlar kimlərdir.
Bilmədiyim insanlar barəsində nə yaxşısına, nə də pisinə hökm verə
bilərəm. Ən azı onu deyə bilərəm ki, bizim onların məsələsinə
qarışmağa haqqımız yoxdur. Bir kənarda durmalıyıq. Peyğəmbərimizdən
(s.a.v) hədis var, deyir, müsəlmanın gözəlliyi ondadır ki,
bilmədiyi şeylərə qarışmasın. Bax, indi pisləyəcəksən, birdən onlar
yaxşı insanlar oldu, qiyamət günü nə cavab verəcəksən? Yaxud, yaxşı
deyəcəksən, birdən pis insan olar, onda nə cavab verəcəksən? Ona
görə nəsə demək düz deyil. Nə pis olduqlarını, nə də yaxşı
olduqlarını deyə bilmərəm.
- Azərbaycanlı olaraq bizim üçün cihad nədir və harda
olur?
- Xatırlayırsınız, Bibiheybət məscidinin açılışında mərhum
müdrik prezidentimiz, ümumimilli liderimiz Heydər Əliyevə sual
vermişdilər ki, Azərbaycandakı vəhabizmin qarşısını necə almaq
olar? O da cavab verib ki, Azərbaycanda vəhabi yoxdur və Azrbaycana
xaricdən gələn istənilən dini təhlükənin qarşısını Azərbaycan
hökuməti səssizcə alacaq. Onun necə müdrik birisi olduğunu elə bu
sözlərdən də görmək olur. Onu demək istəyirəm ki, Azərbaycanın
Qarabağ boyda problemi var, bizim xarici ölkələrin dini
məsələlərinə qarışmağımız düzgün deyil.