ATƏT PA-nın Bakıda davam edən sessiyanın bugünkü
iclasında iki məsələ üzrə azərbaycanlı deputatlarla ATƏT
nümayəndələri arasında fikir ayrılığı yaranıb.
Axar.az xəbər verir ki, birinci məsələ sessiyanın gündəliyinin
22-ci maddəsi ilə bağlı olub. Müzakirələr zamanı 22-ci bəndə Bakıda
ATƏT-in ofisinin açılmasına çağıran düzəliş təklif edilib. İsveçdən
olan depuatat Vulburqe Habsburq Dulas bunun mühüm bir addım
olduğunu deyib.
Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova isə bu
təklifin əleyhinə olduqlarını bildirib və bu səbəbdən məsələ
səsverməyə çıxarılıb.
Sənədin tam səsvermə ilə qəbulundan sonra Rəbiyyət Aslanova
müzakirələrin aparıcısı İsabel Santasa etiraz edərək bunun
ədalətsiz olduğunu deyib:
"Siz müzakirələri doğru aparmadınız və mənim iradlarım nəzərə
alınmadı".
Qarşı tərəf isə deyilənlərlə razılaşmayaraq bu məsələdə bütün
tərəflərin mövqeyinin olduğunu deyib:
"Xanım Aslanova, mən sizin fikrinizlə qəti razı deyiləm. Siz
müzakirələr zamanı etiraz etmədiniz, sənədin qəbulundan sonra isə
etirazlar doğru deyil".
Sessiyada qarışıqlıq yaradan digər məsələ isə Norveç nümayəndəsi
Qayr Corgen Bekkevoldun 21-ci maddəyə Anar Məmmədli ilə bağlı
dəyişiklik təklifi olub.
Məsələyə etiraz edən Rəbiyyət Aslanova norveçli deputata sualla
müraciət edib:
"Bir insan sahibkarlıq fəaliyyəti ilə məsuliyyətə cəlb edilibsə,
onu siyasi fəaliyyətinə görə bu cəzadan azad etmək lazımdırmı?
Hesabata düzəlişin müəllifi Anar Məmmədlinin işi ilə bağlı ətraflı
məlumata malik deyil. Mən bəyan edirəm ki, müəllifin müxalifətdən
verilən məlumat əsasında hazırladığı dəyişiklik təklifi doğru
deyil. Bir daha demək istəyirik ki, Anar Məmmədlinin işi siyasi
deyil. O, konkret cinayət əməlinə görə həbs edilib".
Bütün bu etirazlara baxmayaraq, həmməruzəçi bu düzəlişin
tərəfdarı olduğunu bildirib.
Bu sənəd də səsverməyə çıxarılıb və 30 nəfər lehinə, 14 nəfər
əleyhinə olmaqla qəbul edilib.