Avropanın "Neurope.eu"
informasiya portalında Azərbaycan prezidenti İlham Əliyevlə
müsahibə dərc olunub.
NE: Siz ötən ilin oktyabrında keçirilən prezident
seçkilərində növbəti dəfə qalib gəldiniz. Bunun başlıca səbəbini
necə izah edərdiniz?
İlham Əliyev: 2013-cü ildə keçirilən prezident seçkiləri
Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur. Bu
seçkilər vətəndaşların son 10 ildə ölkəmizdə həyata keçirilən
siyasi kursa münasibətini göstərdi. Son 10 ildə biz Heydər Əliyevin
əsasını qoyduğu yolla irəliləmişik və ölkəmiz, cəmiyyətimiz
qarşısında qoyduğumuz məqsədlərin reallaşmasına nail olmuşuq.
- Yəni 10 il öncə qarşıya qoyduğunuz vəzifələr artıq
reallığa çevrilib?
- Tamamilə doğrudur. İqtisadi inkişaf templəri baxımından
Azərbaycan dünya liderinə çevrilmişdir. Bu isə ölkəmizi daha da
gücləndirmişdir. Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü
fəaliyyət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə,
iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə
artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard
ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ
dollarından artıq sərmayə yatırılmışdır.
- Bütün bunlar əhalinin yaşayış səviyyəsinə təsir
edibmi?
- Əlbəttə, bu cür sürətli inkişaf vətəndaşlarımızın rifahının
yüksəlməsinə səbəb olmuşdur. Son 10 ildə əhalinin gəlirləri 6,5
dəfə, orta aylıq əmək haqqı isə 5,5 dəfə artmışdır.
- Bu, həqiqətən yaxşı göstəricidir.
- Həmçinin yoxsulluğun 49 faizdən 5,3 faizə, işsizliyin isə 5
faizə düşməsi də mühüm nailiyyətlər sırasına daxildir. Son 10 ildə
ölkəmizin şəhərləri, qəsəbələri və kəndlərində tikinti-quruculuq
işləri görülmüş, bütün şəhərlərdə müasir standartların və qabaqcıl
texnologiyaların tətbiqinə başlanmışdır.
- Bu nailiyyətlər yalnız Azərbaycanda hiss olunur, yoxsa
beynəlxalq aləmdə də tanınır?
- Azərbaycanın uğurları beynəlxalq təşkilatlar və nüfuzlu
reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya
İqtisadi Forumunun 2013-2014-cü il üzrə Qlobal Rəqabətlilik
Hesabatına əsasən Azərbaycan dünya ölkələri arasında 39-cu
sıradadır.
- Bəs ölkənizin regionda və dünyada statusu barədə nə
deyə bilərsiniz?
- Bu illər ərzində ölkəmizin dünyadakı mövqeyi güclənmişdir.
Azərbaycan beynəlxalq münasibətlər sistemində yaxşı imic və hörmət
qazanmışdır. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda
keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni
mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halı almışdır. 2013-cü
ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım
məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun,
İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi
Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi
bunu bir daha təsdiq edir.
- Deməli, dünyada gedən arzuolunmaz proseslər
Azərbaycana toxunmamışdır...
- Xeyr. Bütün dünyada gərginliyin, işsizliyin və yoxsulluğun
artdığı bir dövrdə Azərbaycanda tamamilə fərqli proseslər - sürətli
inkişaf, tərəqqi, əhalinin rifahının, ictimai və siyasi sabitliyin,
milli birliyin və s. yüksəlməsi müşahidə edilmişdir. Düşünürəm ki,
bütün bunlar 2013-cü ildə keçirilən seçkilərdə qazanılan qələbənin
də əsas səbəbləri olmuşdur.
- Bu seçkilər beynəlxalq birlik tərəfindən necə qəbul
edildi?
- AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı,
MDB və digər nüfuzlu təşkilatlar birmənalı olaraq seçkilər barədə
yüksək fikirlər bildirmiş və seçkilərin azad, ədalətli və şəffaf
keçirildiyini vurğulamışlar. Bütün bunlar seçkilərlə bağlı
xalqımızın və beynəlxalq ictimaiyyətin fikirlərinin üst-üstə
düşdüyünü göstərir. Azərbaycan xalqı verdiyi səslə bu günədək
həyatda müşahidə etdiyi siyasətə öz dəstəyini nümayiş etdirmiş və
bu siyasətin davamlı olması üçün bizə mandat vermişdir.
- Gələcək barədə fikirlərinizi bilmək maraqlı
olardı.
- Bizim gələcəklə bağlı planlarımız böyükdür. Gündəliyimizdə bir
sıra vacib məsələlər vardır. Azərbaycanın potensialının inkişaf
etdirilməsi, iqtisadiyyatımızın rəqabətliliyinin artırılması,
müasir cəmiyyət quruculuğu, əhalinin rifahının yaxşılaşdırılması,
xarici siyasətin prioritetlərinə uyğun olaraq beynəlxalq
mövqeyimizin möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa və
digər mənfi hallara qarşı sistemli mübarizənin daha da
gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı ardıcıl şəkildə
davam etdiriləcəkdir.
- 2013-cü ildə Azərbaycanda həm də İKT-nin inkişafı
sahəsində böyük addımlar atılmışdır.
- Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin üstünlüyü
ondadır ki, bütün işlər ölkənin real imkanları, ən yaxşı beynəlxalq
təcrübələr və xüsusi proqramlar üzərində qurulur. Təcrübə göstərir
ki, müasir texnologiyaların tətbiqi rəqabətədavamlı iqtisadiyyat
üçün ilkin şərtdir. Bu səbəbdən də innovasiyadan təkcə
iqtisadiyyatda deyil, eyni zamanda, digər sahələrdə də geniş
istifadə edilir. İnformasiya-kommunikasiya texnologiyaları sürətlə
inkişaf edir və böyük gələcəyə malikdir. 2003-cü ildə Milli İKT
Strategiyasının, sonrakı illərdə isə "Elektron Azərbaycan" Dövlət
Proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan
vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3
milyard ABŞ dollarından artıq vəsait yatırılmışdır. Nəticədə, son
10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə
artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin
orbitə buraxılması və ölkədə kosmik sənayenin əsasının qoyulması
tarixi hadisədir. Növbəti illərdə daha iki peykin orbitə
buraxılması ilə bağlı işlər aparılır.
- Bütün bunların fonunda internetin inkişafını necə
qiymətləndirmək olar?
- Son illər ərzində internet də sürətlə inkişaf etmişdir.
Beynəlxalq Telekommunikasiya Təşkilatının hesabatına əsasən,
Azərbaycan əhalisinin 70 faizi internetdən istifadə edir. Biz
Azərbaycanın bütün şəhərlərinə genişzolaqlı internet xətlərinin
çəkilməsinə başlamışıq.
- Azərbaycanın müəllifi olduğu innovasiyalar haqqında nə
deyə bilərsiniz?
- Biz dünyada mövcud olan texnoloji yenilikləri tətbiq etməklə
yanaşı, özümüz də bəzi innovasiyaların yaradılması ilə bağlı
təşəbbüslər göstəririk. Nümunə kimi Azərbaycan brendi olan
Vətəndaşlara Xidmətlər və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyini və onun "ASAN xidmət" mərkəzlərini qeyd edə bilərik.
"ASAN xidmət" vətəndaşların məmnunluğu prinsipinə əsaslanan və bir
çox xidmətin bir mərkəzdə cəmləşdirildiyi təsisatdır. "ASAN xidmət"
mərkəzlərinin fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının
fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin
aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı
inteqrasiyası, elektron xidmətlərin səmərəli təşkili və bu sahədə
idarəçilik sisteminin müasirləşdirilməsi daxildir. Bu mərkəzlər
mütərəqqi hökumət-vətəndaş münasibətlərinin nümunəsidir. Mərkəzlər
hazırda 25 sayda ictimai xidmət təklif edir. Təsadüfi deyil ki, bir
il ərzində bir milyondan çox vətəndaş bu mərkəzlərə müraciət
etmişdir. Buna görə də "ASAN xidmət" mərkəzlərinin təklif etdiyi
xidmətlərin miqyasını genişləndirmək niyyətindəyik.
- Gələcəyə nəzər salsaq, innovativ texnologiyalar
Azərbaycanın inkişafında necə rol oynayacaqdır?
- Qabaqcıl texnologiyaların Azərbaycanın gələcək inkişafında
oynayacağı rol barədə qeyd edə bilərəm ki, iqtisadiyyatın dinamik
inkişafını asanlaşdırmaq və rəqabətliliyi artırmaq üçün qabaqcıl
elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrini inkişaf
etdirmək, bu sferaya yerli və xarici sərmayələri cəlb etmək,
ixtisaslı mütəxəssis bazası yaratmaq və s. üçün xüsusi addımlar
atılır. Bu məqsədlərə nail olmaq üçün Yüksək Texnologiyalar Parkı
və İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis edilmişdir.
İnnovasiyaya əsaslanan güclü iqtisadiyyatın yaradılması əsas
məqsədlərimizdən biridir və biz dayanmadan bu istiqamətdə
irəliləyirik.
- Siz 2014-cü ili "Sənaye ili" elan etmisiniz. Bundan
məqsəd nədir və hansı işlərin görülməsi nəzərdə
tutulmuşdur?
- Azərbaycan əvvəllər aqrar ölkə hesab olunurdu. 1970-1980-ci
illərdə sənayenin inkişafı üçün ciddi addımlar atıldı, yüzlərlə
yeni sənaye müəssisəsi yaradıldı. Amma SSRİ-nin süqutu keçmiş sovet
respublikaları arasında əlaqələrin itirilməsinə səbəb oldu.
Ümumilikdə, planlı iqtisadiyyat uğursuzluqla nəticələndi. Eyni
zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmin dövrdə
ölkədə baş alıb gedən anarxiya, istehsal müəssisələrinin
köhnəlməsi, texnoloji cəhətdən gerilik iqtisadi tənəzzülə və
istehsal prosesinin dayanmasına gətirib çıxardı. Yalnız ümummilli
lider Heydər Əliyevin səyləri nəticəsində 2000-ci illərin
əvvəllərində istehsalı 1990-cı ilin səviyyəsinə qaldırmaq mümkün
oldu.
Son 10 ildə neft və qaz sahəsində əldə edilən gəlirlərin müəyyən
qismi xüsusi proqramlar çərçivəsində milli iqtisadiyyatın
şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, yüksək
texnologiyalı sənayenin formalaşdırılmasına yönəldilmişdir.
Nəticədə, qeyri-neft sektorunda hər il 10 faiz artım qeydə alınır.
Bundan əlavə, sahibkarlığın inkişafına göstərilən hərtərəfli
dəstək, iri sərmayə proqramlarının həyata keçirilməsi,
sosial-iqtisadi infrastrukturun yenidən qurulması və qabaqcıl
texnologiyalara əsaslanan rəqabətədavamlı müəssisələrin yaradılması
sənaye istehsalı həcminin 2,7 dəfə artmasına səbəb olmuşdur.
Hazırda əsas məqsədlərimizdən biri Azərbaycanı güclü sənaye
ölkəsinə çevirmək üçün mümkün imkanlardan istifadə etməkdir. Artıq
sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində
müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları
istehsal dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye
parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna
görə də 2014-cü il "Sənaye ili" elan olunmuş, cari ildə həyata
keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq
edilmişdir. Eyni zamanda, "Sənayenin inkişafına dair 2015-2020-ci
illər üçün Dövlət Proqramı"nın hazırlanması nəzərdə tutulur.
İnanırıq ki, topladığımız təcrübə və Azərbaycanın iqtisadi
potensialı bizə məqsədlərimizə çatmaq imkanı verəcəkdir.
- Regionların sosial iqtisadi inkişafı ilə bağlı üçüncü
Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram 2014-2018-ci illəri
əhatə edir. İlk iki proqramın həyata keçirilməsini necə
qiymətləndirirsiniz və üçüncü proqramdan nə
gözlənilir?
- 2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən
məqsədimiz bölgələrin hərtərəfli inkişafını təmin etmək və
paytaxtla ölkənin qalan hissəsi arasındakı uyğunsuzluğu aradan
qaldırmaq olmuşdur. Hətta 2003-cü ildə keçirilən seçkilərdən öncə
demişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə
regionların inkişafı məsələsi ilə məşğul olacağıq və bu məqsədlə
xüsusi dövlət proqramı qəbul ediləcək. Bu baş verdi. 2004-2008-ci
və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu
proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata
keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olmuş və
bölgələrimizn sosial-iqtisadi mənzərəsini dəyişmişdir. Nəticədə
regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial
infrastruktur əsaslı dərəcədə təkmilləşmiş, biznes mühiti daha
əlverişli olmuş, sərmayələr artmış, minlərlə yeni müəssisə
istifadəyə verilmiş və 900 mini daimi olmaqla, 1,2 milyondan artıq
yeni iş yeri yaradılmışdır. Son 10 ildə regionlarda məhsul
buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artmışdır.
Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşmış və
müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş
proqramlar ölkəmizin regionlarının, ümumilikdə Azərbaycanın
iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir.
- Qarşınıza qoyduğunuz strateji məqsəd
nədir?
- Gündəliyimizdəki strateji məqsəd Azərbaycanın müstəqilliyini
bundan sonra da gücləndirmək və ölkəmizi dünyanın ən inkişaf etmiş
və rəqabətə davamlı ölkələri səviyyəsinə yüksəltməkdir. Buna görə
də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı
sürətli inkişaf davam etdiriləcəkdir. İnanıram ki, "Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi
inkişafı Dövlət Proqramı"nın və digər böyük layihələrin icrası
qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai
xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və
Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.
- Yeni enerji layihələrinin region və dünya üçün
əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Hazırda Azərbaycan bir sıra yeni transmilli və regional
layihələr irəli sürmüşdür. Ölkəmizin həyata keçirdiyi enerji
siyasəti təkcə bizim üçün deyil, həm də region və dünya üçün böyük
əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də
Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz
ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə
"Şahdəniz-2" beynəlxalq yekun investisiya qərarı imzalanmışdır.
Hesab edirəm ki, TAP və TANAP layihələri ilə yanaşı, "Şahdəniz-2"
dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb
olacaq və tarixə "XXl əsrin kontraktı" kimi düşəcəkdir.
- Ölkənin həm iqtisadi, həm də sosial inkişafı, eyni
zamanda, həm də güclü beynəlxalq status deməkdir. Xarici
siyasətinizin uğurları barədə nə deyə bilərsiniz?
- Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının
güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin
nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını,
ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir.
Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi
proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi
olan və böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir.
2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru,
həmçinin dünyadakı nüfuzumuzun göstəricisi olmuşdur. Aydın görünür
ki, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir,
addımlarımızı təqdir edir. Azərbaycan bütün beynəlxalq
təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən
üstün tutur. BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlüyümüz,
həmçinin təşkilata sədrlik dövründə Azərbaycan qlobal
təhlükəsizliyə, dünyada sülhün bərpasına və ölkələr və
sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini
vermişdir.
- Beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə
münasibətlər hansı vəziyyətdədir?
- Bizim dünyanın aparıcı beynəlxalq təşkilatları və ayrı-ayrı
ölkələrlə münasibətlərimiz də inkişaf etmişdir. Azərbaycan ATƏT,
Avropa Şurası, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla
səmərəli münasibətlərini davam etdirmişdir. Ötən il biz viza
qaydalarının sadələşdirilməsi ilə bağlı Aİ ilə mühüm bir müqavilə
imzaladıq. Bu, Aİ ilə əlaqələrin göstəricisidir. Əminəm ki,
əməkdaşlığımızı inkişaf etdirmək üçün Aİ ilə strateji tərəfdaşlıq
formatının yaradılmasına nail olacağıq.
- Yeni tərəfdaşlıq münasibətləri kontekstində
Azərbaycanın nailiyyətləri barədə nə deyə bilərsiniz?
- Region ölkələri və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı
etimada əsaslanan münasibətlərin inkişafına əlavə olaraq biz
qeyri-ənənəvi tərəfdaşlarla da əlaqələr qururuq. Avropa və Asiyanın
ənənəvi ölkələri ilə əməkdaşlıq münasibətlərini genişləndirməklə
yanaşı, biz həm də Qoşulmama Hərəkatının üzvləri olan Latın
Amerikası və Afrika ölkələri ilə siyasi, iqtisadi və humanitar
əlaqələri inkişaf etdiririk. Bu, bizim xarici siyasətimizin
prioritetlərindən biridir.
Artıq bəzi Latın Amerikası ölkələri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli
mövqeyini dəstəkləmişlər. Ümumilikdə, dünyanın 10 ölkəsi Ermənistan
silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində
törətdiyi qırğını soyqırımı aktı kimi tanımışdır. Bu ölkələrin
parlamentləri müvafiq qərarlar qəbul etmişlər. Növbəti illərdə biz
ölkəmizin siyasi və iqtisadi potensialını daha da gücləndirməyə,
beynəlxalq nüfuzumuzu artırmağa, beynəlxalq təşkilatlarla,
ayrı-ayrı ölkələrlə əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik.
Bizim xarici siyasətimiz milli maraqların qorunması üzərində
qurulmuşdur və bu istiqamətdə lazımi addımlar atılacaqdır.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllində hər hansı irəliləyişdən danışmaq olarmı?
- Təəssüflə qeyd edim ki, xarici siyasətimizin mərkəzində
dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllində heç bir irəliləyiş əldə edilməmişdir. Ermənistan tərəfi
danışıqlar prosesini gecikdirmək üçün müxtəlif bəhanələrdən
istifadə edir və status-kvonu saxlamağa çalışır. Ötən ilin
sonlarında danışıqlarda müşahidə edilən canlanma bizə 2014-cü ildə
irəliləyiş olacağı ilə bağlı müəyyən ümidlər verdi. Ermənistan
rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz torpaqlarında ikinci
erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəkdir.
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
və həll ediləcəkdir. Münaqişə həll olunmadıqca, Ermənistan dövləti
bütün transmilli və regional layihələrdən kənarda qalacaq, erməni
xalqının acınacaqlı vəziyyəti daha da pisləşəcək və ölkənin bütün
imkanları tamamilə tükənəcəkdir.
- Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına ev
sahibliyi edəcəkdir. Hazırlıq prosesi necə gedir?
- 2014-cü il Birinci Avropa Oyunlarına hazırlıq baxımından çox
əhəmiyyətli ildir. Bildiyiniz kimi, bu cür genişmiqyaslı yarışlara
hazırlıq prosesi 7-8 il vaxt tələb edir. Avropa Oyunlarını keçirmək
üçün bizim yalnız iki il yarım vaxtımız var idi. Əminəm ki,
yarışlarla əlaqədar bütün məqsədlərə nail olacağıq. Təşkilat
Komitəsi yaradılmışdır və olduqca məhsuldar fəaliyyət göstərir.
Oyunların keçiriləcəyi məkanların tikintisi bu ilin sonunadək
tamamlanacaqdır.
Amma hazırlıq prosesi müxtəlif binaların tikintisi ilə
məhdudlaşmır. Təhlükəsizlik, nəqliyyat, Olimpiya Kəndinin
yaradılması, qonaqların və idmançıların yerləşdirilməsi, məşqlərin
keçirilməsi və s. məsələlər böyük diqqət və səy tələb edir.
Azərbaycanın mövcud potensialını, müasir idman infrastrukturunun
mövcudluğunu və beynəlxalq tədbirlərin keçirilməsi sahəsində
təcrübəsini nəzərə alsaq, əminəm ki, Birinci Avropa Oyunlarını
gözləniləndən də yüksək səviyyədə təşkil edəcəyik. Faktiki olaraq,
Birinci Avropa Oyunları ilə bağlı Azərbaycanda yaradılmış
standartlar gələcək Avropa Oyunları üçün əsas təşkil edəcəkdir.
AzərTAc