Son günlər Cənubi Qafqazda
siyasi vəziyyət xeyli dramatikləşib. Həm Bakıya səfərlər, həm də
Qarabağla bağlı müəyyən informasiyaların yayılması gələcəkdə
regionla bağlı hər hansı təhlükənin olmayacağını düşünməyə imkan
vermir. Üstəlik də, İŞİD təhlükəsinin Qafqazdan da yan keçməyəcəyi
ilə bağlı iddiaların səsləndirilməsi bizi rusiyalı politoloq
Qriqori Trofimçukla söhbətləşməyə məcbur etdi.
Rus məmurlarının səfərlərinə gəlincə...
- Son günlər Bakıda xeyli tədbirlər keçirildi. Bununla
bərabər, həm də Azərbaycana bir sıra məşhur şəxslərin səfərləri
gerçəkləşdi. Maraqlıdır, Qərb və Rusiya Azərbaycanla bağlı nə
fikirləşir?
- Hamı Azərbaycanı ziyarət edir. Moskva, Brussel, Vaşinqton və
digərləri. Qəribədir ki, hər səfərdən sonra da müəyyən siyasi
razılıqdan danışılır. Amma işdə heç bir mühüm irəliləyiş görünmür.
Azərbaycan bir zamanlar özünün formalaşdırdığı çoxvektorlu
siyasətini indi də davam etdirir. Rus məmurlarının səfərlərinə
gəlincə isə onu deyə bilərəm ki, vəziyyət Azərbaycanın xeyrinə çox
ciddi şəkildə dəyişilir. Ermənistana səfər isə məcburi xarakter
daşımırdı. Hələ bu tip balans dəyişməz şəkildə saxlanılır ki, heç
kimin xətrinə dəyilməsin.
Bakı və Moskva İrəvana zəmanət verməlidir
- Amma bəzi analitiklər deyirlər ki, Rusiya Qarabağı
Azərbaycanın xeyrinə həll etmək istəyir.
- Rusiya onsuz da Qarabağ probleminin həll edilməsini çox
istəyir. Amma bilmir ki, bunu praktikada necə etsin. Hazırda
müşahidəçilər və jurnalistlər arasında yayılan bir xəbər var ki,
Rusiya bir növ Azərbaycana üç işğal olunmuş rayonu verməyə
hazırdır. Yeri gəlmişkən, bu ssenariyə uyğun olaraq mən beş il
bundan əvvəl Azərbaycan KİV-lərinə bu mövzuya uyğun olaraq intervü
vermişəm. Bu, həmçinin partlayışa hazır olan situasiyanın həll
edilməsi üçün real şansdır. Amma bunun üçün Ermənistanın
təhlükəsizliyinə etibarlı zəmanət verilməlidir. Bax, belə zəmanəti
indiki qeyri-stabil vəziyyətdə Rusiya verə bilməz. Həmçinin bu
zəmanət öz ərazində, Rusiya arealında yox, Cənubi Qafqaz zonasında
verilməlidir.
Moskva İraqa İŞİD-ə görə silah göndərir
- Son günlər ən məşhur ad İŞİD olub. Maraqlıdır, bu
təşkilat Azərbaycan və Rusiya üçün nə dərəcədə real təhdidə çevrilə
bilər?
- İŞİD tərəfindən Azərbaycan və Rusiyaya təhlükənin olması tam
inandırıcıdır. Həm Bakı, həm də Moskva islam radikallarına qarşı
eyni mövqeyi bölüşürlər. Amerika məhz buna görə onları qaldırıb ki,
onlar öncə Suriyaya, daha sonra isə Qafqaza çatsınlar. Rusiya
İŞİD-in fəaliyyətinin genişlənməsinin qarşısını almağa çalışır. Elə
buna görədir ki, İraqın hazırki rəhbərliyinə bir neçə qırıcı
göndərib. Amma bir tərəfdən də ehtimal etmək olar ki, Moskva
tərəfindən atılmış bu addım İŞİD-də ona qarşı neqativ enerjinin
daha da alovlanmasına şərait yaradar. Ona görə də Vaşinqton
Rusiyanın belə silah tədavülünə heç bir etiraz bildirmir.
İraqda əbədi bataqlıq
- İraq isə üç yerə bölünür…
- İraq faktiki olaraq artıq bölünüb. Sadəcə olaraq, orada hələ
bölünmüş hissələrə rəhbərlik edəcək kifayət qədər gücə sahib olan
lider yoxdur. İraq Kürdüstanı olan bölgə faktiki olaraq öz hökumət
orqanlarına və resurslarına sahib muxtar ərazidir. Amma tam olaraq
bölünmüş hissələrdə rəhbərliyi hələ heç kim bacarmır. Çünki bu, nə
ABŞ-la NATO-ya, nə də İsrailə gərəklidir. Əbədi bataqlıq onlara tam
gərəkli olan variantdır.
Yaxın Şərq xaosu başlayır
- Amma İraqın parçalanması kənar ölkələrə də təsirsiz
ötüşməyəcək. Məsələn, ilkin variant kimi yenə də Türkiyənin
parçalanması göstərilir. Bu, nə dərəcədə realdır?
- Nəinki Türkiyə, bütün Yaxın Şərq parçalana bilər. Bu
əməliyyata artıq start verilib. Onların hamısı total Yaxın Şərq
xaosuna gətirib çıxaracaq. Yalnız axmaq insan düşünə bilərdi ki,
ABŞ İraqa daxil olarkən orada demokratiyanın qurulmasını arzu edir.
Amerikaya sadəcə olaraq, enerji yataqları lazım idi, qalanları isə
onu narahat etmirdi. Fikir verin, İŞİD heç İsraili də o qədər güclü
narahat etmir. Bu isə artıq çox şeydən xəbər verir. Suriya
bölünəcək. Kürdlər çətin ki, nə isə ciddi bir şeyə nail olsunlar.
Çünki onlar özləri də bilmirlər ki, çətin vəziyyətdə hansı addımı
atsınlar. Bu, Türkiyəni daha çox narahat etməlidir, çünki bunun bir
təsiri də onlara olacaq. Bunun üçün onlar NATO-dan çıxmalıdır ki,
əlləri tam sərbəst olsun.
Qafqazda hər an təhlükə var
- Cənab Trofimçuk, bəzi analitiklər sentyabr ayını
Qafqaz üçün ən təhlükəli ay hesab edir. Bu mənada İrəvanın adı daha
çox hallanır. Məsələn, Maydan və ya Moskvanın təzyiqi ilə
dəyişiklik...
- Burada məsələ sentyabr, ya da dekabr deyil. Məsələ orasındadır
ki, istənilən hakimiyyət daxili zərbənin təhlükəsini anlayaraq, onu
öncədən zərərsizləşdirməlidir. Zərərsizləşdirmək çox asandır. Əsas
sosial sferada vəziyyət gücləndirilməlidir. Məsələn, buraya
malların və ya xidmətlərin qiymətlərinin əhali üçün endirilməsi aid
edilə bilər. O zaman əhalini nə Bakıda, nə də İrəvan, nə
Gürcüstanda hakimiyyətə qarşı qaldırmaq mümkün olacaq. Hökumətlərin
özlərini xilas etməsi üçün bu cür maliyyə qurbanları verməsi
gərəkdir. Əks təqdirdə, tamahkarlıq heç bir xeyir verməyəcək.