2014-07-23 08:00
"MƏNƏM" DEYƏNLƏRİN AİLƏSİ PİS YOLA DÜŞÜR
Vüqar Muradov "Yeni Ulduz 6" və "Ulduzların döyüşü"
layihəsinin qalibidir. Onunla müsahibəni təqdim
edirik.
- Yay fəslidir. Hamı istirahətə üz tutur, bəs
siz?
- Açığı, mən yeni gəlmişəm Norveçdən. Oranı çox sevdim, təsəvvür
edin ki, meşənin içində şəhərdir, cənnət kimi bir yerdir.
- Yeni mövsümdə hansı yeniliklərlə çıxacaqsınız tamaşaçıların
qarşısına?
- İki yeni mahnı yazdırmışam. Biri "Səni sevdim" adlı lirik bir
mahnıdır, digəri isə çox gözəl ritmik olan "Qıdığım gəlir" adlı yay
mahnısıdır. Yay tətili bitən kimi "Qıdığım gəlir" adlı mahnıma klip
çəkdirəcəyəm.
Kənanın qolu çıxmamışdı...
- "Yeni Ulduz 6" yarışamasının qalibi oldunuz. Bundan
sonra telekanalların birində yayımlanan "Ulduzların döyüşü"
layihəsinin qalibi olub 20.000 qazandınız. Bildiyimiz qədər, həmin
layihədə siz güclü olaraq qalib gəlməmisiniz. Sadəcə olaraq,
rəqibiniz Kənan Mahmudov qolu çıxdığı üçün oyundan uzaqlaşdırılıb
və oyun avtomatik olaraq sizə qalıb. Mümkündürsə, bir az bundan
danışaq.
- Gülməlidir, bu bir bəhanədir. Kənanın qolu-filan çıxmamışdı,
sadəcə, olaraq mən güclü olaraq qalib gəldim və Kənan bunu həzm edə
bilmir. Yarış günü hər şey yaxşı idi, mən qalib olduqdan sonra
Kənan mənimlə düşmənçiliyə başladı.
- İddia edirsiniz ki, Kənan Mahmudovun yarışma zamanı
qolu çıxmayıb?
- Bəli, qolu sıxmamışdı. İnsanın qolu çıxanda ağrıdan tərpədə
bilmir. Necə onun qolu çıxmışdı ki, mən onun qolunu tutub
qaldırdım?! Lap deyək ki, qolu çıxıb. Bəs o qolu kim çıxarıb?!
Demək ki, Kənanın qolu mənim ağır zərbəmdən sonra çıxıb. Güclüyəm
ki, onun qolunu çıxara bilmişəm. Mən qalibəm, vəssalam! Kənan göyə
də çıxsa, xeyri yoxdur. 20 mini də bala-bala xərcləyirəm (gülür)...
Sadəcə o, dediyini edə bilmədi. Kənan demişdi ki, mən Vüqarı
birinci raundda sındıracağam. Dedim, ay Kənan, böyük-böyük danışma.
Allah təkəbbürlüləri sevmir. Heç kim "mənəm-mənəm" deyə bilməz.
Güclü olan bir tək Allahdır.
Şou-biznesin ən güclüsü mənəm...
- İdman heç, bəs şou-biznesin ən güclüsü
kimdir?
- Şou-biznesin də ən güclüsü mənəm. Bunu sübut da etdim. Məni
sevənlər, dəyər verənlər üçün yaşayıram mən. Başqaları mənim üçün
maraqlı deyil. Sevməyənlərim də çoxdur və bu məni xoşbəxt edir.
Hamı sevə bilməz ki məni? Buna normal baxıram. Bu o deməkdir ki,
mən varam, varlığım da həmin insanları narahat edir.
Kənanın səviyyəsiz dostları...
- Sizcə, niyə sizin haqqınızda həqiqətən qalib
olmadığınız barədə söz-söhbətlər gəzir?
- Həmin şəxslər Kənan ətrafında olan səviyyəsiz dostlarıdır ki,
Kənanın gözünə girmək üçün "sənin qolun çıxmasaydı, noqdaun edərdin
Vüqarı" kimi sözlər danışırlar.
- 20 mini nəyə və yaxud kimə xərclədiniz?
- Həmin məbləğin yarısını mən öz məşqçimə verdim. Artıq dörd
aydır ki, üzərimdə çalışaraq, məni döyüşə hazırlayırdı. 3-4 min
manatını qonaqlıqlara xərclədim. Əlimdə 5-6 min pul qaldı, həmin
pulları da Osloda xərcləyib gəldim.
- Norveçdə dincələrkən nələri gördünüz? Bizimlə onların
fərqli cəhətləri nələrdir?
- Ora tam başqa cürdür. Heç kim qeybət etmir, kimsə küçədə
dalaşmır, kimsə-kiməsə söz atmır. Norveçin İcra Hakimiyyətinin
başçısı velosipedlə gəzirdi. Bir ölkənin ki, həbsxanaları boşdur,
cinayətkarlar yoxdur, görün bu nə deməkdir? Şəxsən mən çox sevdim
oranı.
- Vüqar bəy, sadalıqlarınız bizdə yoxdur?
- Bilirsiniz, bizim millət hər zaman deyir ki, bizdən yoxdur. Ən
böyük bədbəxtçiliyimiz elə bundadır. Gərək özümüzdəki əyriləri
düzəldə bilək. Düz hər zaman acı olur və mən də hər zaman düz
danışıram.
Pinəçi dostum var
- Şou-biznes əhlindən kimləri özünüzə yaxın
bilirsiniz?
- Heç kimi. Şou-biznesdə heç kimi özümə yaxın bilmirəm. Pinəçi
dostum var, satıcı dostum var, məmur dostum var, qarson dostum var,
nazir dostum var, amma müğənnilərdən kimsəylə yaxın dostluq
etmirəm. Sadə insanlara daha çox üstünlük verirəm. Mənə yaxın
olanlardan elə biri millət vəkili və Kiq-boksinq Federasiyasının
prezidenti Adil Əliyevdir. Onun haqqında çox yaxşı sözlər deyə
bilərəm. Bu insan tam başqa cür insandır. Allah onun öz ürəyinə
görə versin.
"Arvad" anlayışı...
- Vüqar bəy, iki dəfə nişanlı olmusunuz və nişanınız
qayıdıb. Niyə ailə qurmursunuz?
- Bir çoxları bu cür fikirlə ailə qurur ki, evlənim, uşağım
olsun və evdə "arvadım" olsun. Mən bu cür düşünmürəm. Mənim üçün
həyat yoldaşım mənim dostum-sirdaşım, bacım, sevgilim, övladlarımın
anası və evimin xanımı olmalıdır. Bu günün bəlası elə odur ki,
yalnız "arvad" anlayışı var. Bu cür hallara görə, "mənəm-mənəm"
deyən kişilərin arvadları pis yola düşürlər. Mənim üçün həyat
yoldaşı kölə, qul deyil. Hər bir kişinin xanımı onun üçün müqəddəs
olmalıdır.
Kişiliklərini görmürəm...
- Kişi müğənnilərimiz var ki, ailə qurub təmtəraqlı toy edirlər.
Lakin media əhli üçün toya girişə qadağa qoyurlar. Siz necə?
Gələcəkdə toy etməli olsanız, siz də eyni addımı atarsınız?
- Mənim üçün maraqlı deyil. Bilirsiniz, o, yekəxanalıqdan irəli
gəlir ki, mən kişiyəm, mənim həyat yoldaşımı media görməsin.
Çalışaq özümüz kimi yaşayaq. Danışanda hamısı ağız dolu kişilikdən
danışır, amma əməldə bir kişiliklərin görmürəm. Əməldə olan
camaatın namusuna sataşmaqdır, haram yeməkdir, kiminsə haqqına
girməkdir. Amma danışanda "mən kişiyəm" deyirlər! Kim ki hər zaman
nədən çox danışırsa, bilin ki, həmin adamda o şey yoxdur.
- Ramazan ayıdır, ibadət edirsiniz?
- Əlhəmdülillah!