Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan
ordusunun 8 əsgərinin şəhid olması ilə bağlı öz facebook profilində
status paylaşıb.
Həmin statusu təqdim edirik:
Bir az əvvəl Tovuzda, Aşağı Öysüzlüdə torpaqlarımız uğrunda
şəhid olan Vüqarı torpağa tapşırdıq. Əziz şəhidimiz Vüqar
qardaşımız bilirsinizmi ölümündən 3-4 saat əvvəl ailəsi ilə telefon
söhbətində nə deyib, nə vəsiyyət edib? Şəhidimizin dəyərli anası
mənə danışdı ki, şəhid olmasından bir neçə saat əvvəl oğlu onunla
teıefonla danışanda "Ana, şəhid olsam, ağlama, əyilmə deyib. Təki
Vətən sağ olsun". Şəhidimizin gözəl anası deyir ki, ay oğul,
ehtiyatlı ol, sənə bir şey olsa, mən nə edərəm sözlərinin cavabında
Vüqar "ay ana, məndən də yaxşı oğullar torpaqlarımız uğrunda şəhid
olub. Toprpaqlarımızı işğaldan azad etməliyik.
Vətən üçün, torpaqlarımız üçün şəhid olsam, ağlama, başını dik
tut! Çünki şəhid kimi ölmək şərəfli ölümdür" deyib. Bacısı ilə
telefon söhbətində isə anasını, atasını tapşırıb və deyib ki, əgər
mən şəhid olsam, əyilməyin, qürur duyun və anamla, atama yaxşı
baxın. Əziz şəhidimiz Vüqar qardaşımız sözün həqiq mənasında
qəhrəman qardaşlarımızdandır.
Təhsil aldığı məktəbə görə əsgərliyə bir neçə il gec gedə bilmə
imkanı olduğu halda, o özü könüllü hərbiyə yazılaraq hərbi xidmətə
gedib və hər kəsə deyib ki, ilk öncə Vətən qarşısında borcu yerinə
yetirmək lazımdır. Vüqarı hər kəs ağıllı, mehriban, qeyrətli,
torpağını dəlicəsinə sevən bir gənc kimi xatırlayır və bu gün onu
tanıyanların hamısı, hamımız onun üçün Vətəni, çörəyi, suyu sənə
halal olsun dedik. "Oğlum Vətənimiz, torpağımız üçün şəhid olub.
Düşmən bizi heç zaman əyilmiş görməyəcək və oğlumla fəxr edirəm ki,
o, hər şeydən öncə Vətəni, torpağı düşünürdü", - deyən şəhid
anamızın əllərindən öpdük. Bütün ağrı və acılarına rəğmən şəhid
övladı üçün təki Vətən sağ olsun deyən atanın qarşısında baş əyməyə
dəyər. Dəyərli şəhidimiz Vüqar öz qısa həyatı ilə bir çox
gənclərimiz üçün ən gözəl örnəklərdən biridir. Allah ona və bütün
şəhidlərimizə rəhmət etsin, nur içində yatsınlar.
Millətimizin başı sağ olsun! İşğalçı Ermənistana və arxasında
duran güclərə Allah bəlalarını versin! Bu gün Vüqarın yas
mərasimində anasının və bütün şəhid analarının gözündən tökülən
yaşın hər damlası üçün cinayətkar Ermənistan mütləq cavab verəcək.
Vüqar kimi qəhrəman oğlullarımızın varlığı düşmənin mütləq layiq
olduğu cəzanı alacağını deyir. Onlar - şəhidlərimiz düşmənin
təxribatlarına layiqli cavab verərkən şəhid olublar və düşmənə
layiqli cavab verən bu cür oğullarla, bu cür şəhidlərmizlə hamımız
fəxr edirik. Onları heç zaman unutmayacağıq. Dualarımız
onlarladır.
Musavat.com