"Hazırda cəbhə xəttində
vəziyyət Müdafiə Nazirliyi tərəfindən tam şəkildə idarə olunur,
bütün məsələlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun
tam ciddi nəzarəti altındadır. Ordumuz düşmənin istənilən hücumunu
dəf etməyə, onu susdurmağa hazır və qadirdir və buna əməl də
edir".
Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin şöbə rəisi
polkovnik Elnur Məmmədov deyib.
Onun sözlərinə görə, müdafiə nazirinin göstərişinə əsasən, bütün
cəbhə boyu Azərbaycan Silahlı Qüvvələri gücləndirilmiş iş rejiminə
keçib və düşmənin bütün addımları diqqətlə izlənilir: "Mən özüm
hazırda Tərtərin Qapanlı kəndindəyəm. Əslən də buralıyam. İndi
məzuniyyətdəyəm və ailəmlə kənddə dincəlirəm. Evimiz də ön cəbhə
xəttindən cəmi 250-280 metr aralıda yerləşir. Rayonda, kənddə
ajiotaja səbəb ola biləcək heç nə yoxdur. Hər şey tam nəzarət
altındadır. Vəziyyət normal şəkildə idarə olunur. Təsəvvür edin ki,
mən Bakıdan gəlib burada ailəmlə dincəlirəm. Nəsə bir problem
olsaydı, ailəm, uşaqlarım, anam burada olardımı?"
Şöbə rəisinin sözlərinə görə, ermənilər tərəfindən atəşkəsə əməl
olunmur və Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri, o cümlədən
kənd atəşə tutulur. Amma hər dəfə belə bir fakt olduqda Ordumuz
tərəfindən düşmənin susdurulması üçün lazım olan bütün tədbirlər
görülür: "Bu dəqiqələrdə hələ ki, heç bir atışma yoxdur. Lakin
düşmən mövqelərimizi və ya kəndi atəşə tutarsa, qarşı tərəfin
istifadə etdiyi silah növündən asılı olaraq ona cavab verilərək
susdurulur. Hazırda yerləşdiyim istiqamət üzrə heç bir əlavə hərbi
texnika cəlb olunmur. Çünki Ordumuzun hər bir istiqamət üzrə həm
müdafiə olunmağa, həm də hücuma keçməyə gücü çata biləcək qədər
döyüş texnikası, silahı, sursatı və şəxsi heyəti var".
Polkovnik E.Məmmədov qeyd edib ki, cəbhədə Silahlı
Qüvvələrimizin texnika, silah-sursat və qidalanma ilə də bağlı heç
bir problemi yoxdur: "Təminat ən yüksək səviyyədədir. Bir orduya
ki, ölkə Prezidenti, müdafiə naziri şəxsən nəzarət edir, orada
hansı çatışmazlıqdan söhbət gedə bilər? Hazırda bu kəndin özündə də
30 nəfərə yaxın şəxs müddətdən artıq xidmət edən hərbi qullquçu
kimi Silahlı Qüvvələrdə xidmət edir və hər biri də maddi cəhətdən
yüksək səviyyədə təmin olunur".
Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, cəbhədə idarə oluna
bilməyəcək hal müşahidə edilmədiyindən onun məzuniyyətdən geri
çağırılmasına ehtiyac duyulmayıb: "Mənim məzuniyyətdən geri, iş
başına qayıtmağıma ehtiyac duyulmayıb. Axı elə bir səbəb də yoxdur
ki, məzuniyyətdən geri çağırılım. Bilirsiniz ki, əgər orduda nəsə
idarə olunmayan ciddi problem olarsa, onda ilk növbədə
məzuniyyətdə, ezamiyyətdə olan hərbi qulluqçular geri çağırılır.
İndiki şəraitdə buna heç bir ehtiyac yoxdur".
Cəbhə xəttində yaranmış gərgin vəziyyətdən təşvişə düşənlərə
müraciət edən polkovnikin sözlərinə görə, hazırda bunun üçün heç
bir səbəb yoxdur: "Azərbaycan xalqına demək istəyirəm ki, bu dəqiqə
üçün narahat ola biləcək, ajiotaja səbəb ola biləcək heç nə yoxdur.
Ordunun şəxsi heyəti arasında yüksək döyüş ruhu hökm sürür. İstər
tağım, istər bölük, istər tabor olsun, verilən istənilən döyüş
tapşırığını yerinə yetirməyə hazırdır. Yerli əhali də öz
növbəsində, Orduya hərtərəfli dəstək verir və verəcək. Camaatın
ordumuza inamı çox böyükdür. Bu inam olmasaydı, mən düşməndən cəmi
250 metr məsafədə ailəmlə istirahət edərdimmi? Mənim ailəmlə birgə
kənddə bundan sonra hələ 15-20 gün də istirahət etmək fikrim
var".