Azərbaycanın Milli
Qəhrəmanı, Müdafiə Nazirliyinin Şəmkir Ordu Birləşməsinin
komandiri, general-leytenant Rövşən Əkbərov cəbhə xəttində baş
verən son hadisələrə münasibət bildirib.
Ordu komandiri R.Əkbərov Publika.az-a açıqlamasında deyib ki,
Ermənistan tərəfi cəbhədə verdiyi böyük sayda əsgər itkisini
gizlədir:
"Cəbhənin düşmən tərəfində yerləşən kəndlər köçürülüb. Hətta,
onların qondarma baş naziri də öz çıxışında bunu etiraf edib.
Ermənilər bizim postlarımızı vura bilmirlər. Ancaq kəndlərimizə
güllə atırlar. Ermənilərin Azərbaycan əsgərləri ilə vuruşmağa
hünərləri çatmır. Ona görə də onlar kəndlərimizi və mülkü sakinlərə
atəş açırlar. Ermənilər bütün günü Tovuzun Əlibəyli və Qazaxın bir
neçə kəndlərinə atəş açırlar. Ancaq Azərbaycan ordusunun əsgərləri
onların layiqli cavabını verir və ermənilər yerindəcə susdurulur.
Bu gün ermənilərin itkisi bizdən qat-qat çoxdur. Ancaq ermənilər öz
itkilərini gizlədir. Hətta, Ərəbistandan gələn xüsusi erməni
taborunun başçısı, erməni terrorçusu Monte Melkonyanın "sağ əli"
olmuş Aram Qriqoryan bu yaxınlarda bizimkilər tərəfindən Murovdağda
vuruldu. Ermənilər onun ölümünü istəsələr də, mətbuatdan gizlədə
bilmədilər".
R.Əkbərov qeyd edib ki, erməni tərəfi minaatan, iriçaplı və
"BTR" silahlarından da Azərbaycan tərəfinə, o cümlədən kəndlərə
atəş açırlar:
"Ancaq biz yenə də səbr edirik, istəyirik ki, məsələ sülh yolu
ilə həll olunsun. Ordumuzda yüksək əhval-ruhiyyə var. Bu gün hər
bir əsgərimiz Ali Baş Komandanın əmrini gözləyir. Müharibəyə
başlasaq, ən tez müddətdə torpaqlarımızı işğaldan azad
edəcəyik".
General-leytenant R.Əkbərov həmçinin deyib ki, avqustun 6-da
cəbhənin Qazax-Tovuz istiqamətində ermənilər itki veriblər:
"Bu gecə də erməni hərbiçilərinin avtomobilləri erməni postu
tərəflərə gəlib-gedib, meyid daşıyıblar. İyulun 19-dan 26-adək isə
ermənilər ən azı 50-dən çox itki verib, 60-a yaxın isə yaralısı
olub. İyulun 27-dən sonra, avqustun 2-dək isə ermənilər 21 nəfər
itki verib, 26 nəfər isə yaralanıb. Bunlar dəqiq məlumatlardır.
Ancaq erməni tərəfi bu məlumatları öz mətbuatından da çıxartdırıb
və gizlədir. Ümumilikdə isə ermənilər ötən ayın 19-dan bu ayın
2-dək 80-ə yaxın itki verib".
R.Əkbərov son günlər cəbhədə şəhid olmuş Azərbaycan ordusunun
hərbiçilərinin ailələrinə özünün də iştirakı ilə ordenin təqdim
olunmasından da danışıb:
"Bu mənim borcumdur. Onların övladları mənim də balalarımdır.
Onlar bizim balalarımızdır. Biz hər zaman onların ailələrinin
yanında olmalıyıq. Onlar ataları bizim uğrumuzda, torpaqlarımız və
ərazi bütövlüyümüz uğrunda şəhid oldular. Biz onların intiqamlarını
alırıq və gələcəkdə də alacağıq. Biz onlarla fəxr edirik və hər
zaman onların ailələrinin yanında olacağıq".