Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Bundan əvvəl Ukrayna nümayəndə heyəti Avropa Birliyi və ABŞ nümayəndələri ilə məsləhətləşmələr keçirilib. Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri, eləcə də ABŞ-ın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər.
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Rusiya ilə müzakirələrdən əvvəl keçirilən məsləhətləşmələr Ukrayna üçün müttəfiqləri ilə koordinasiyanı gücləndirmək baxımından əhəmiyyətlidir. Bu məsləhətləşmələr vasitəsilə Ukrayna müttəfiqləri ilə vahid mövqedən çıxış etməyə çalışır. Avropa dövlətlərinin məsləhətləşmələrdə iştirakı Kiyev üçün ona görə vacibdir ki, ABŞ Rusiya ilə danışıqlarda Ukraynanın və Avropanın təhlükəsizlik məsələlərini nəzərə alsın. Ukraynanın Əbu-Dabi danışıqlarında əsas hədəfi hərbi əməliyyatların dayandırılması, etibarlı təhlükəsizlik zəmanətlərinin əldə edilməsi, ölkənin iqtisadi bərpasını təmin etmək və humanitar məsələlərin həllidir.
Kremlin müharibəyə baxışında dəyişiklik yoxdur. Bu səbəbdən Əbu-Dabi görüşündən müharibənin dayandırılacağını gözləmək çətindir. Halbuki Əbu-Dabi danışıqları Rusiya üçün cəbhəboyu atəşkəsə razılaşmaq üçün yaxşı fürsətdir”, - o bildirib.
Politoloq vurğulayıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski diplomatik fəallığını artırıb:
“O, Türkiyəyə səfərində Ankaranın vasitəçillik təşəbbüslərinə müsbət yanaşdığını bir daha vurğulayıb. Zelenski Ankaranın Kremlə təsir etməsini istəyir. Bundan başqa Ankara kimi Kiyev də Qara dənizdə ticarət gəmilərinin təhlükəsiz şəkildə yük daşımalarının tərəfdarıdır. Bu mövzu Ankarada geniş müzakirə olunub. Vladimir Zelenski bu mövzunu daha sonra noyabrın 9-da telefonla Hindistanın Baş naziri Narendra Modi ilə müzakirə edib.
Ukrayna Prezidenti və Hindistanın Baş naziri Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətində diplomatik səyləri və Hindistanın bu prosesə töhfə verə biləcəyi sahələri müzakirə ediblər. Zelenski telefon danışığından sonra bildirib ki, Hindistan ərzaq dəhlizlərinin yaradılmasında vasitəçilik etməyə hazırdır və bu istiqamətdə səylərin davam etdiriləcəyinə ümid edirik. Öz növbəsində Narendra Modi telefon danışığından sonra X sosial şəbəkəsində paylaşım edərək, Dehlinin Moskva ilə Kiyev arasında münaqişənin nizamlanmasına hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Yeni Dehli müharibədə neytral mövqe tutsa da, tərəflərə müharibəni bitirməklə bağlı çağırışlar edir.
Qara dənizdə ticarət gəmilərinin sərbəst hərəkəti bir çox dövlət üçün əhəmiyyətlidir. Kremlin Qara dəniz yollarını bloklamağa çalışması, ticarət gəmilərinə təhlükə yaratması müxtəlif ölkələrlə yanaşı, öz iqtisadiyyatına da mənfi təsir edir. Buna baxmayaraq, Kreml müxtəlif ölkələrin Qara dəniz üzərindən Ukrayna ilə ticarət aparmasını əngəlləmək siyasətindən imtina etmir. Əbu-Dabidə tərəflər arasında böyük razılaşmanın əldə edilməsi çətin olsa da, Qara dənizlə bağlı razılaşma müharibənin miqyasını azaldardı”.
Qeyd edək ki, Əbu-Dabidə üçtərəfli danışıqlar sabah davam etdiriləcək.