Rusiyanın politrus.com portalında anonim müəllifin
Qarabağa dair sensasion məlumatı dərc olunub.
Virtualaz.org saytı xəbər verir ki, məlumatda Azərbayanın
Qarabağı geri almaq üçün Ermənistana 5 milyard dollar təklif etdiyi
iddia olunur.
Məlumatda deyilir: "Politrus.com saytının prezident İlham
Əliyevin ətrafına yaxın məlumatlı mənbədən aldığı informasiyaya
görə, Azərbaycan Emənistana 5 milyard dollar tranş verməyə
hazırdır. Bu, Ermənistanın bütün xarici borcunu ödəməyə bəs edər.
Pul köçürülməsini birbaşa iki ölkənin Mərkəzi bankları arasında
deyil, beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta
Fondu (BVF) üzərindən həyata keçirmək nəzərdə tutulur.
Bakı BVF-nin bu köçürmə üçün xidmət haqlarını da ödəməyə
hazırdır. Bunun əvəzində Ermənistan 2015-ci ilin sonuna qədər
Qarabağdan bütün hərbi birləşmələrini çıxarmalı və əraziləri
2019-cu ilədək orada qalacaq ATƏT, yaxud Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı sülhməramlılarının nəzarətinə verməlidir.
Həmin dövrdə Azərbaycan Dağlıq Qarabağda paritet əsasda yerli
hakimiyyət orqanları yaratmalı, Konstitusiyada dəyişiklik edib
erməni dilinə ikinci regional dil statusu verməli, regionun bütün
təhsil müəssisələrində erməni dilinin mütləq tədris edilməsini
qanuniləşdirməlidir".
Sayt iddia edir ki, bu məsələ ilə bağlı danışıqlar Cenevrədə
gedir. Rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinə ikili vətəndaşlıq
verilməsinə müsbət baxmır. Çünki ikili vətəndaşlığa görə məsuliyyət
nəzərdə tutulur. Ermənistan tərəfi isə öz vətəndaşlarının 180
təqvim günü ərzində Dağlıq Qarabağa sərbəst-gedib gələ bilməsini
istəyir.
"Ən başlıcası isə budur ki, İrəvan kompensasiyanın məbləğinə
razı deyil. Politrus.com-un mənbələrinin məlumatına görə, Serj
Sərkisyanın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar
məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına
razılıq verə bilərlər. Yəni ildə 3 milyard dollar. Bu isə
Ermənistanın illik büdcəsinə bərabərdir" - deyə sayt iddia
edir.
Qeyd edək ki, Azərbaycanın Qarabağ anlaşmasına görə Ermənistana
hansısa formada milyardlarla dollar kompensasiya təklif etməsi
barədə söz-söhbətlər çoxdandır dolaşır. Bakı rəsmiləri bir vaxtlar
bildirmişdilər ki, Azərbaycan sülh razılaşmasından sonra Qarabağa
milyardlarla dollar yatırmağa hazırdır.