Qüdrət Həsənquliyev: "Azərbaycan Prezidenti Beyləqanda
etdiyi çıxışda xalqımıza çox əhəmiyyətli bir sual ünvanladı: Bizim
ən ağır günlərimizdə bizə kim kömək elədi?" "Hər kəs Prezidentin bu
sözlərindən nəticə çıxarmalıdır"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili
Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, son günlər regionda və dünyada kifayət
qədər ciddi proseslər baş verir. Baş verənlər haqqında qənaətiniz
necədir?
- Hazırda Azərbaycan da daxil olmaqla regionda və bütün dünyada
çox təhlükəli proseslər baş verir. Rusiya SSRİ-nin süqutundan sonra
xeyli dərəcədə güclənib və artıq öz iddialarını açıq şəkildə ortaya
qoyur. Rusiya çalışır ki, onun keçmiş sovet respublikaları
üzərindəki dominant təsiri beynəlxalq birlik tərəfindən qəbul
edilsin. Kremlin bu iddialarının nəticəsi olaraq Rusiya ilə Ukrayna
müharibə vəziyyətinə gəlib çatıb. Rusiyanın artan gücünü layiqincə
dəyərləndirə bilməyən ABŞ və Avropa İttifaqı çox çıxılmaz bir
vəziyyətə düşüblər. Qərbin İraqa, Misirə, Liviyaya düşünülməmiş
hərbi müdaxiləsi və bu ölkələrdəki daxili proseslərə qarışması
böyük bir regionu alova bürüyüb. Ukraynadakı daxili proseslərə
müdaxilənin isə nəticəsi göz qabağındadır. Daha öncəki
müsahibələrimdə də vurğulamışdım və indi bir daha təkrar edirəm:
ABŞ-ın və Böyük Britaniyanın imkanı var idi ki, Ukraynada baş verən
proseslərlə bağlı önləyici tədbirlər görsün. ABŞ prezidenti Barak
Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron Ukraynanın
ərazi bütövlüyünün qorunacağına təminat verən qarant dövlətlərin
rəhbərləri kimi ləyaqətli davranaraq prinsipial mövqe nümayiş
etdirsəydilər o zaman tamamilə fərqli bir mənzərənin şahidi
olacaqdıq. Amma onlar belə bir mövqe sərgiləməkdən çəkindilər,
yaxud nələrisə düzgün hesablamadılar. Bəlkə də hesab etdilər ki,
belə bir müharibə - iki qardaş xalqın bir-birinə düşmən kəsilməsi
onlar üçün daha əlverişlidir. Qərb üçün Ukraynanın 1-2 bölgəsinin
Rusiyanın tərkibinə qatılıb-qatılmamasının heç bir önəmi yoxdur.
Yetər ki, Polşadan, yəni NATO-nun sərhədlərindən sonra Rusiya ilə
Avropa İttifaqı arasında bir bufer-dövlət yaransın. Hesab edirəm
ki, qarant dövlətlər Ukraynaya münasibətdə çox ləyaqətsiz
davrandılar və bununla da digər keçmiş sovet respublikalarını daha
böyük təhlükə altına atdılar. Rusiya onların cəsarətsiz mövqeyini
görəndən sonra daha da aqressiv siyasət yürütməyə başlayıb.
Rusiyanın Qazaxıstanı Ukraynada baş verənləri nümunə gətirməklə
açıq şəkildə təhdid etməsi onu göstərir ki, Moskva ABŞ-ı və Avropa
İttifaqını artıq "dişinə vurub", onların bərkliyini yoxlayıb və
"lax" olduqlarını özü üçün yəqinləşdirib. Buna görə də indi Rusiya
daha cəsarətlə və inamla özünün ekspansianist siyasətini daha da
genişləndirir. Bu kontekstdə Azərbaycanın daxili və xarici
siyasətinə diqqət yetirsək ölkəmizin çox asan günlərini yaşadığını
deyə bilmərik. İstənilən ölkənin rəhbərliyi o ölkədə yaranmış
vəziyyətə görə birbaşa məsuliyyət daşıyır. Mən bununla
vətəndaşların, siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq,
siyasi partiyaların, ictimai sektor təmsilçilərinin, medianın
məsuliyyətini kənara qoymuram. Amma xalqı hökumət təmsil etdiyi
üçün əsas məsuliyyəti də birbaşa o daşıyır. Nəzərə alsaq ki,
Azərbaycanda müxtəlif etnik qruplar yaşayır və onların arasında
etnik separatizmi qızışdırmaq üçün iş aparılır o zaman yaranmış
vəziyyətin mahiyyətini tam çılpaqlığı ilə anlaya bilərik. Bu sıraya
qonşularımızı – Azərbaycanla müharibə vəziyyətində olan işğalçı
Ermənistanı, bizə dost münasibətində olmayan İranı və Rusiyanı,
müxtəlif dini cərəyanların pöhrələndiyi qardaş Türkiyəni də əlavə
etsək mənzərə tamamlanmış olur. Radikal dini cərəyanların təsiri
nəticəsində bu gün yüzlərlə Azərbaycan vətəndaşı Suriyada ayrı-ayrı
qruplaşmaların tərkibində döyüşürlər, hətta ailələrini də özləri
ilə aparıblar. Buna görə də hesab edirəm ki, Azərbaycan hökuməti
dünyada baş verənləri görür və böyük bir narahatlıq hissi keçirir.
Bunu isə çox normal və doğru hesab edirəm. Düşünürəm ki, hər bir
azərbaycanlının narahat olmağa kifayət qədər əsası var. Bu illər
ərzində biz əmin olduq ki, Qərb "insan haqları və demokratiya"
pərdəsi altında müxtəlif ölkələrə müdaxilə edir və həmin ölkələri
qana bulayır. İndi nə Liviya demokratikləşməyib, nə İraq, nə
Misir... Suriyanın hansı vəziyyətdə olduğunu hər kəs görür. Həm
Suriya daxilində baş verənlərin, həm də İŞİD terror qruplaşması ilə
bağlı məsələnin kənar müdaxilə olmadan gerçəkləşməsinə inanmaq çox
çətindir. Burada da Qərbin barmağının olduğuna ciddi şübhələr var.
Rusiya-Ukrayna qarşıdurmasından sonra Rusiyanı tamamilə çökdürmək
üçün neftin qiymətinin aşağı salınması ilə bağlı məsələ bütün Qərb
dairələrində ciddi müzakirə olunur. Səudiyyə Ərəbistanı isə
hasilatın artırılması və neftin qiymətinin aşağı salınması ilə hələ
ki, razılaşmır. İŞİD əməliyyatı vasitəsilə vahid ərəb xilafətinin
yaradılması iddiaları Səudiyyə Ərəbistanını qorxudub və baş
verənlərin təməlində neft hasilatının artırılması və qiymətin aşağı
salınması missiyası da dura bilər. Yəni əgər ABŞ istəsəydi dünyada
ən böyük hərbi potensiala və gecə sahib olan dövlət kimi İŞİD
qruplaşması ilə bağlı məsələni qısa bir zaman kəsiyində həll edə
bilərdi. Göründüyü kimi, ABŞ və müttəfiqləri bu addımı atmırlar və
deməli təhlükənin daha da böyüməsində maraqlıdırlar. Amma ABŞ bu
məsələlərlə bağlı bütün ittihamları üzərinə yönəltməmək üçün
tamamilə kənarda dayanmır. Sadəcə aviasiyadan istifadə edir.
İŞİD-in həyata keçirdiyi qanlı edamların sosial şəbəkələrdə yer
alması və təbliğ olunması da maraqlı qüvvələrin bu qruplaşma
ətrafında qorxu və xof yaratmaq niyyətindən xəbər verir. Artıq
Səudiyyə Ərəbistanının kralı qorxuya düşüb və xarici ölkələrin
səfirləri ilə keçirdiyi görüşdə Qərb dövlətlərinə İŞİD təhlükəsi
ilə bağlı xəbərdarlıq edib. Bildirib ki, əgər İŞİD terror
qruplaşmasının qarşısı alınmasa Qərb ölkələrinin ərazisində də
oxşar hadisələr cərəyan edə bilər. Düşünürəm ki, İŞİD-in başında
duranlar Qərbin bu və ya digər xüsusi xidmət orqanları ilə əlaqələ
şəxslərdir. Bu cür düşünməyə ən azından çox ciddi əsaslar var.
- Azərbaycanın narahatlığından söz
açdınız....
- Bəli... Azərbaycan hökumətinin son zamanlar qəbul etdiyi sərt
qərarlar da düşünürəm ki, daha öncə qeyd etdiyim narahatçılıqdan
irəli gəlir. Son zamanlar daha da aqressivləşən radikal müxalifətin
və Qərblə yaxından əməkdaşlıq edən bəzi QHT rəhbərlərinin
davranışları da buna əsas verib. Doğrudur, bu QHT rəhbərləri
arasında bəziləri var ki, onlar səmimi şəkildə adanıblar. Biz də
siyasi proselərə yeni qoşulanda Qərbdən səslənən hər bir sözü az
qala müqəddəs kəlam kimi qəbul edirdik. Qərbin timsalında öz
gözümüzdə bir mələk obrazı yaratmışdıq və düşünürdük ki, bu
"mələyin" yeganə məqsədi Azərbaycanda demokratik proseslərin
inkişafına nail olmaqdan ibarətdir. Lakin Qərbin işğalçı
Ermənistana deyil işğala məruz qalan Azərbaycana qarşı 707-ci
düzəlişi tətbiq etdiyini, 1 milyon qaçqın və köçkünün taleyinə nə
qədər biganə yanaşdığını, saysız-hesdabsız ikili standartlarını
görəndə aydın oldu ki, məqsəd Azərbaycana qarşı təzyiq göstərmək,
ölkəmizi daim basqı, təzyiq və nəzarətdə saxlamaqdan ibarətdir. Bu
səbəbdən də bəzi QHT təmsilçilərinin və onları himayə edənlərin
ayrı-ayrı fərdlərin hüquqları ilə bağlı sərgilədikləri davranışlar
səmimi görünmür. Amma düşünürəm ki, bütün narahatçılıqlara,
vəziyyətin nə qədər ciddi və gərgin olduğuna baxmayaraq, Azərbaycan
ayrı-ayrı dövlətlərin maraqlarını ifadə etdikləri bəlli olsa da
dünyada insan haqlarının müdafiəsi təşkilatları kimi tanınan
qurumların "vicdan məhbusu" kimi təqdim etdikləri şəxslər haqqında
həbs qəti imkan tədbirini dəyişməlidir. İmkan verməməliyik ki,
həmin təşkilatlar 5-6 nəfərə görə ölkəmizin imicini beynəlxalq
aləmdə korlasınlar və Azərbaycana qarşı total bir qara PR
kampaniyası başladılsın. 2015-ci ildə Azərbaycanda Avropa Yay
Olimpiya oyunları keçiriləcək, ölkəmiz böyük bir idman tədbirinə və
heç şübhəsiz ki, həm də mühüm siyasi hadisəyə ev sahibliyi edəcək,
o zaman qeyd etdiyim şəxslər haqqında seçilən həbs qəti imkan
tədbirinin ev dustaqlığı ilə əvəz olunması, yaxud başqa yerə
getməyəcəkləri haqda iltizam verəcəkləri təqdirdə azad olunmaları
daha doğru olardı. Bu mənim qiymətləndirməmdir... Çalışmalıyıq ki,
maraqlı qüvvələrin bütün sivil dünyanı ölkəmizə qarşı qoymalarına
imkan verməyək. Əks təqdirdə Azərbaycanın özünü qoruma və kənardan
dəstək alma imkanları xeyli dərəcədə məhdudlaşacaq. Biz artıq
görürük ki, baş verənlərdən Azərbaycana qarşı istifadə etməyə cəhd
göstərirlər. Hesab edirəm ki, hökumət rəsmiləri bu məsələlərə
diqqət yetrsələr daha yaxşı olar.
- Ukraynada baş verən hadisələrin perspektivi barədə nə
düşünürsünüz?
- Ukraynada baş verən
hadisələrin indiki şəkil alacağı öncədən də bəlli idi. Ukrayna 1-2
rayonu azad edəndə bizim bəzi "uzaqgörən" siyasətçilər bildirdilər
ki, "Rusiya bitdi, Ukrayna öz torpaqlarını azad elədi" və s. Mən o
zaman sadəcə acı təəssüf hissi ilə gülürdüm... Düşünürdüm ki, görün
kimlər Azərbaycanda siyasi hakimiyyətə iddialıdırlar. Biz də bir
vaxtlar Xankəndinin 7 kilometrliyinədək gedib çıxmışdıq. Bu adamlar
ən azından öz başımıza gələnləri düzgün təhlil edə və bu müstəvidə
indi baş verən hadisələri qiymətləndirə bilmirlər. Rusiya
gözləyirdi ki, öncə Ukrayna tərəfi hücuma keçsin və Rusiya da bunu
əsas götürərək daha böyük qüvvə ilə əks hücuma başlasın. Ukraynada
xalqı öz arxasınca apara biləcək parlaq bir lider yoxdur. Poroşenko
arxasında siyasi qüvvə olmayan bir şəxsdir və indiki dövrdə belə
bir şəxsin ölkəyə rəhbərlik etməsi xeyli problemli görünür.
Göründüyü kimi, Ukrayna səfərbərlik elan edib orduya kifayət qədər
qüvvə toplaya bilmir, Qərbdən, ən azından qarant dövlətlərdən öz
öhdəliklərinə əməl etmələrini tələb etməyi bacarmır. Məsələn,
Obamaya deyə bilımirlər ki, Ukraynaya kömək edə bilməyəcəksənsə,
heç olmasa bunu tez-tez təkrarlayıb ukraynalıları ruhdan salma.
Obama hər zaman deyir ki, "biz Rusiyaya sanksiya tətbiq edəcəyik,
ancaq Ukraynaya kömək etməyəcəyik. Əgər Ukraynaya kömək olmayacaqsa
45 milyonluq bir ölkənin 140 milyon əhalisi və nüvə dövləti olan
Rusiyanın qarşısında dayanması xeyli çətindir. Qarant dövlətlər isə
Ukraynanı ləyaqətsizcəsinə aldadaraq onu nüvə silahından mərhum
ediblər. Xalqı vətən müharibəsinə səfərbər etmək isə Ukrayna
rəhbərliyinin imkanları daxilində deyil. İqtisadiyyat olduqca
zəifdir, korrupsiya ölkəni acınacaqlı duruma salıb. Bu münaqişədə
Ukraynanın taleyi həll olunub. Bundan sonra Ukrayna da Azərbaycan
kimi uzunmüddətli danışıqlara başlayacaq. Yəni Ukrayna ərazisində
artıq yeni bir Qarabağ yaranıb. Ukrayna əgər separatçı bölgələrə
nəzarəti bərpa etsə də yenə də onu qalib saymaq olmaz. Ona görə ki,
Krım əldən gedib. Poroşenko başda olmaqla Ukraynanın indiki
rəhbərliyinin baş verənlərdə çox böyük günahı var. Ona görə ki
onlar regiondakı və ölkə daxilindəki real vəziyyəti, Qərbin onlara
verə biləcəyi dəstəyin miqyasını nəzərə almadan Yanukoviç
hakimiyyətini faktiki surətdə devirdilər. Nəticə isə göz
qabağındadır. Yanukoviçin üzərində nə qədər məsuliyyət varsa, ondan
da artığı Ukraynanın indiki hakimiyyətinin üzərinə
düşür.
- Ukraynada baş verən hadisələrin fonunda Qarabağ
probleminin həlli necə görünür?
- Rusiya həddindən artıq
güclənib. Soçi görüşü də bunu təsdiq etdi. Son baş verənlərdən
sonra bu qənaətdəyəm ki, Azərbaycanın Rusiya ilə dil tapmadan bu
məsələni həll edə biləcəyi çox problemli görünür. Biz hər zaman
bəyan etmişik ki, işğala son qoymanın 2 yolu var. Birincisi odur
ki, Azərbaycan Vətən müharibəsinə hazırlaşsın və bütün xalqı bu
savaşa səfərbər etsin. Biz Ermənistanla ölüm-dirim savaşına
hazırlaşmalıyıq. Ermənilər də inanmalıdırlar ki, hətta Rusiya
onlara kömək etsə də belə Ermənistanda daş daş üstə qalmayacaq. Bu
da indiki dövrdə real görünmür. Zənnimcə, bu məsələdə Rusiya ilə
dil tapmalıyıq və bu ölkə ilə yeni qarşıdurmadan çəkinməliyik.
Çalışmalıyıq ki, Rusiyanın hansısa maraqlarını təmin etməklə
Moskvanın Qarabağ məsələsində ədalətli mövqe nümayiş etdirməsini
təmin edə bilək. Üçüncü yol yoxdur.
- Bildiyiniz kimi Türkiyə prezidenti Azərbaycana səfərə
gəlib. Rəcəb Tayyib Ərdoğanın bu səfərini necə
qiymətləndirirsiniz?
- Sözsüz ki, bu səfər
alqışlanmalıdır. Qardaş ölkənin prezidenti Azərbaycana gəlib və bu
mühüm hadisədir. Azərbaycanın əsas probleminə bu səfərin hər hansı
bir müsbət təsirinin olacağını isə, sözün doğrusu, düşünmürəm.
Türkiyə hazırda regionda söz sahibi olan dövlət deyil. Bu həqiqəti
dediyimiz üçün qardaşlarımız gərək bizdən inciməsinlər. Biz bunu
Qarabağ məsələsində də, Fələstində, İraqda, Suriyada da görmüşük.
Türkiyənin regionda söz sahibi olmaq üçün yeganə bir yolu var. Bu
da ondan ibarətdir ki, Türkiyə nəyin bahasına olursa olsun nevə
dövlətinə çevrilməlidir. Bu gün Rusiya ona görə dünyaya meydan
oxuya bilir ki, nüvə dövlətidir. Türkiyə də bu statusa yiyələnməli
və Azərbaycan da bu məsələdə Türkiyəyə hərtərəfli dəstək
verməlidir. Azərbaycan və Türkiyə bu istiqamətdə nüvə dpvləti olan
Pakistanla ciddi şəkildə işləməlidirlər. Məhz bu halda türk dünyası
özünü rahat hiss edə, Türkiyə isə regionda söz sahibinə çevrilə
bilər. İndiki durumda isə Türkiyənin regionda baş verən hadisələrlə
bağlı bəyanat verməkdən və Fələstin hadisələri zamanı olduğu qarğış
eləməkdən başqa bir yolu yoxdur. Rəcəb Tayyib Ərdoğan isə qardaş
ölkənin prezidenti kimi Azərbaycana xoş gəlib. Arzu edək ki, bu
səfər iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin
genişlənməsinə öz töhfəsini versin. Qarşılıqlı hərbi yardım
məsələsinə gəldikdə isə, Türkiyə NATO-nun üzvü olduğu üçün
bəzilərinin mətbuatda bu barədə səsləndirdiyi sentemental fikirlər
reallığı əks etdirmir. Azərbaycan Prezidenti Beyləqanda etdiyi
çıxışda xalqımıza çox əhəmiyyətli bir məqamın yer aldığı sual
ünvanladı: Bizim ən ağır günlərimizdə bizə kim kömək
elədi?
- Heç kim...
- Düşünürəm ki, hər kəs Prezidentin bu sözlərindən nəticə
çıxarmalıdır.