Bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Mübariz Qurbanlı "Azadlıq" radiosuna
müsahibəsində Azərbaycanda İŞİD-ə qoşulmaq istəyənlərin olduğunu
etiraf etmişdi.
Komitə sədri bu marginal terror təşkilatına qoşulmaq
istəyənlərin statistikasının müvafiq dövlət orqanlarında olduğunu
açıqlamışdı:
"Xüsusi xidmət orqanları bununla ciddi məşğul olurlar. Bizim
silahımız sözdür. Biz hansısa gəncin bir qrupa qoşulub getməsi və
s. haqda məlumat aldıqda profilaktik söhbətə üstünlük veririk. İzah
edirik ki, Suriyada baş verənlər din söhbəti deyil, İŞİD din
altında pərdələnmiş terrorçu qrupdur. İŞİD-ə qoşulmaq istəyənlərlə
bağlı statistika var, amma bu, mətbuata açıqlamaq üçün deyil".
Komitə sədrinin müsahibəsində dediyi "müvafiq dövlət
qurumlarında statistika var" ifadəsinin ardınca hüquq-mühafizə
orqanları əməli fəaliyyətə keçdi. Bu müsahibədən sonra çox çəkmədi
ki, Azərbaycanda İŞİD-ə bağlı olan, Suriya və İraqda döyüşmüş
şəxslər həbs olundu. Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən
həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26
Azərbaycan vətəndaşı tutuldu.
***
Bu əməliyyat komitə sədrinin də çıxışının təsdiqləyici sübutudur
ki, İŞİD terror təşkilatı artıq nəinki qapımıza kimi yaxınlaşıb,
hətta içəriyə daxil olmağa macal tapıb. Təbii ki, zaman-zaman
Azərbaycan hüquq-mühafizə orqanları elə dəstələr ifşa ediblər. Daha
əvvəl də Vüqar Padarov adlı Çeçenistanda təlimat almış vəhhabi
qruplaşması ilə birlikdə məhv edildi, dövlət obyektlərinə hücum
planlayanlar barəsində hökm oxundu. Amma MTN-nin son əməliyyatı
göstərir ki, təhlükə qətiyyən sovuşmayıb. Dünyanı lərzəyə gətirən
və medianın bir nömrəli müzakirə mövzusu olan İŞİD qatilləri
Azərbaycana da ayaq açıb.
M.Qurbanlının müsahibəsində isə bu əməliyyatın anonsunu
qabaqcadan verdiyini də ehtimal etmək olar. Eyni zamanda, rəsmi
Bakı bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz arealında bu
qaniçən terrorçulara qarşı mübarizədədir.
Əslində dövlət və xalq üçün təhdid olan bu qruplaşma üzvlərinin
həbsi ilə iş məhdudlaşmır. Bu, bir mesajdır ki, İŞİD aramızdadır və
mühafizə gücləndirilməli, paralel maarifləndirmə aparılmalıdır.
Bir nüansı da yada salmaq yerinə düşər ki, vaxtaşırı dərc olunan
bəzi siyahılarda İŞİD-in hədəfində olan ölkələrdən biri kimi məhz
Azərbaycan göstərilirdi.
Xatırlatma:
MTN-nin rəsmi məlumatına görə, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya
qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı
maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz
etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik
yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və
başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər
Azərbaycan vətəndaşı - Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh
Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin
oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu,
Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu,
Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov
Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel
Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu,
Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn
Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu,
Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu,
Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev
Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs
qismində saxlanılıblar. Müəyyən edilib ki, Firdovsi Yusifov və
Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin
dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər.
Təqsirləndirilən digər şəxslər - Vilayət Həsənli, Malik Musayev,
Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan
Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin
Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir
Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan
Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və
Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək
Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı
birləşmələrin fəaliyyətində iştirak etmişlər. Elşən Qurbanlı
Suriya, İraq və Azərbaycan respublikalarının qanunvericilikləri ilə
nəzərdə tutulmayan "İraq-Şam İslam Dövləti" - "İŞİD" adlı qanunsuz
silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa
şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və
hərbi təlimlər keçmişdir. Təlimlər bitdikdən sonra bölgü zamanı
Elşən Qurbanlı öz istəyilə şəxsiyyəti istintaqla araşdırılan
"Xattab" ləqəbli "əmir"in rəhbərlik etdiyi "Azəri camaatı" adlı
qanunsuz silahlı dəstənin tərkibinə daxil olub.