Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Universitetinin (SDU) 3-cü tədris korpusunda aparılan əsaslı təmir və yenilənmə işləri ilə tanış olub.
Axar.az xəbər verir ki, şəhər rəhbəri universitetin rektoru, professor Nurəli Yusifbəyli ilə birlikdə tədris korpusuna baxış keçirib, burada görülən işlərin mövcud vəziyyəti və həyata keçirilən yenilənmə tədbirləri barədə məlumat alıb. Baxış zamanı yenilənmiş auditoriyalar, inzibati və yardımçı otaqlar, eləcə də binanın maddi-texniki təminatı nəzərdən keçirilib.
Bildirilib ki, həyata keçirilən işlər əsasən tədris mühitinin müasir tələblərə uyğunlaşdırılmasına, tələbə və professor-müəllim heyəti üçün daha əlverişli və funksional şəraitin yaradılmasına, həmçinin tədris infrastrukturunun maddi-texniki imkanlarının genişləndirilməsinə xidmət edir.
Qeyd olunub ki, SDU-nun 3-cü tədris binasında Humanitar və sosial-siyasi elmlər fakültəsi və Əlavə təhsil şöbəsi fəaliyyət göstərir. Korpusda tələbələrin istifadəsi üçün kitabxana və yeməkxana ilə yanaşı, idman imkanlarından yararlanmağa şərait yaradan müvafiq infrastruktur da mövcuddur. Binanın idman zalında Azərbaycan Qılıncoynatma Federasiyasının nəzdində yaradılmış Sumqayıt mərkəzi fəaliyyət göstərir.
Bununla yanaşı, 3-cü tədris korpusunun istilik təminatının daha da yaxşılaşdırılması məqsədilə qazanxananın və istilik sisteminin əsaslı təmiri istiqamətində işlər həyata keçirilir. Müasir avadanlıq və idarəetmə sistemi ilə təchiz ediləcək yeni istilik sisteminin binanın etibarlı, səmərəli və davamlı istilik təminatına imkan verəcəyi nəzərdə tutulur.
Universitetin rektoru, professor Nurəli Yusifbəyli görülən işlərin əsas məqsədinin müasir standartlara cavab verən, rahat və tələbəyönümlü təhsil mühitinin formalaşdırılması olduğunu bildirib.
Rektor qeyd edib ki, universitetin maddi-texniki bazasının gücləndirilməsi, tədris infrastrukturunun müasir tələblər əsasında yenilənməsi və tələbələrin təhsil imkanlarının genişləndirilməsi SDU-nun inkişaf strategiyasının əsas istiqamətləri sırasındadır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil infrastrukturunun müasirləşdirilməsinin şəhərin sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib. Şəhər rəhbəri universitetdə həyata keçirilən yenilənmə işlərinin tələbələrin təhsil şəraitinin və professor-müəllim heyətinin fəaliyyət imkanlarının yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb.
Bildirilib ki, hazırda Sumqayıt Dövlət Universitetində 3 tədris binası və 2 tələbə yataqxanası fəaliyyət göstərir.
Universitetin əsas tədris binasında Energetika və rəqəmsal texnologiyalar, eləcə də Sənaye iqtisadiyyatı və idarəetmə fakültələri, universitet rəhbərliyi və struktur bölmələri yerləşir. Binada, həmçinin auditoriyalar, laboratoriyalar, kitabxana, informasiya-hesablama mərkəzi, akt zalları, idman klubu və yeməkxana fəaliyyət göstərir.
Universitetin ikinci tədris binasında Təbiət elmləri və riyaziyyat fakültəsi, həmçinin Kimya və ekologiya fakültəsi fəaliyyət göstərir. Binada müasir laboratoriyalar və ayrıca yeməkxana mövcuddur.
Üçüncü tədris binasında isə Humanitar və sosial-siyasi elmlər fakültəsi və Əlavə təhsil şöbəsi fəaliyyət göstərir. Burada kitabxana və yeməkxana ilə yanaşı, tələbələrin idman və asudə vaxt imkanlarından səmərəli istifadə etmələri üçün müvafiq infrastruktur yaradılıb.
Universitetin bütün tədris binalarında tələbə və əməkdaşların istifadəsi üçün yeməkxanalar fəaliyyət göstərir. Sözügedən obyektlər müasir avadanlıqlarla təchiz olunub.
Vurğulanıb ki, SDU-nun sosial infrastrukturunda tələbə yataqxanaları xüsusi yer tutur. SDU-nun 2 tələbə yataqxanası mövcuddur. Onlardan 1 saylı tələbə yataqxanası əsaslı təmir olunaraq müasir tələblərə uyğun vəziyyətə gətirilib.
Hazırda Tələbə Evində 248 yer, o cümlədən 124 oğlan və 124 qız üçün yaşayış imkanı yaradılıb. Tələbələrin rahatlığının təmin edilməsi məqsədilə burada mətbəx, duş, camaşırxana, kitabxana, yeməkxana, tibb və izolyasiya otaqları, idman zalı, mini-futbol və voleybol meydançaları, internet və istilik sistemi yaradılıb. Bununla yanaşı, qonaqlar üçün də otaqlar nəzərdə tutulub.
Tələbə Evində 500 və daha yüksək bal toplayaraq universitetə qəbul olan tələbələrin ödənişsiz yerləşdirilməsi təmin edilir. Həmçinin, bu tədris ilindən etibarən rəhbərliyin göstərişinə əsasən, Tələbə Evi şəhid övladları üçün də ödənişsizdir.
Bununla yanaşı, 500 və daha yüksək balla universitetə qəbul olan tələbələr təqaüdlə təmin edilirlər.
2026–2027-ci tədris ili üzrə SDU-ya qəbul göstəricilərində də əhəmiyyətli artım qeydə alınıb. Cari qəbul kampaniyasının nəticələrinə əsasən, universitetə 2090 tələbə qəbul olunub. Əvvəlki tədris ilində bu göstərici 1659 nəfər təşkil edib. Beləliklə, bir il ərzində universitetə qəbul olunan tələbələrin sayı 431 nəfər və ya təxminən 26 faiz artıb.
Builki qəbul kampaniyasında yüksək balla qəbul olunan tələbələrin sayında və qəbul ballarında artımın müşahidə edilməsi SDU-ya marağın yüksəldiyini və universitetin təhsil imkanlarına inamın artdığını göstərən amillərdən biri kimi qiymətləndirilir.
Qeyd olunub ki, artan tələbə kontingenti, eləcə də yüksək nəticə göstərən abituriyentlərin universitetə marağının yüksəlməsi nəzərə alınaraq tədris infrastrukturunun genişləndirilməsi, tələbə xidmətlərinin təkmilləşdirilməsi və təhsil prosesinin rəqəmsal həllərlə zənginləşdirilməsi istiqamətində tədbirlər bundan sonda da davam etdiriləcək.