Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət
Həsənquliyevin Publika.az-a müsahibəsi:
– Sentyabrın 22-23-də Avropa Şurası Parlament
Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur Azərbaycanda
səfərdə olub, Bakıda müxalifət partiya rəhbərləri ilə də görüş
keçirilib. Bu görüş və səfərdən təəssüratınız necə
oldu?
– Əslində, bu cür səfər və ya görüşlərdən narahat olmaq lazım
deyil. Azərbaycana bu cür səfərlər nə qədər tez-tez təşkil olunsa,
düşünürəm ki, bu, ümumi işimizin xeyrinə olar. Yəni, belə səfərlər
xalqımızın maraqlarına cavab verir.
Amma Anne Brasseurun Azərbaycanın ağrılı problemi olan Dağlıq
Qarabağ məsələsinə münasibəti yolverilməzdir. AŞPA prezidenti Milli
Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşən zaman
Azərbaycan parlamentində müxalifətin fəaliyyəti ilə bağlı
maraqlandı. Görüş zamanı mən ona bildirdim ki, biz ölkədə
proporsional seçki sisteminin bərpa olunmasını, Azərbaycanın
parlament respublikasına keçidini və hazırda həbsdə olan bəzi
qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin azadlığa
buraxılmasını istəyirik.
Eyni zamanda, bildirdik ki, bəzi beynəlxalq təşkilatlar ölkəmizə
qarşı ikili standartlara uyğun siyasət yürüdür və Azərbaycan
dövlətinin və xalqının tam haqqıdır ki, onları buna görə ittiham
etsin. Mən söylədim ki, axı nə üçün siz Azərbaycanda ayrı-ayrı
fərdlərin hüquqlarının pozulmasına xüsusi diqqət yetirdiyiniz
halda, Ermənistanın etnik təmizləmə və işğalçı siyasəti nəticəsində
1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşüməsini
görmürsünüz? Nə üçün Azərbaycana Avropa Birliyi tərəfindən yardım
edilməsinin dayandırılmasını tələb etdiyiniz halda, işğalçı
Ermənistana qarşı belə bir qərar qəbul etmirsiniz? Onun bizə cavabı
da çox absurd oldu. AŞPA prezidenti bizə bildirdi ki, Avropa Şurası
Ermənistan ilə Azərbaycan arasında mövcud olan münaqişəyə heç bir
müdaxilə etmir və sairə. O həm də dedi ki, Avropa Şurasında bu
məsələ ilə bağlı İşçi Qrupu yaradılıb və sairə. Ancaq Ermənistan
tərəfi bu İşçi Qrupunda iştirak etmir. Hətta yenə də Ermənistana
qarşı heç bir sanksiya tətbiq olunmur.
Sonra Anne Brasseur açıqladı ki, Dağlıq Qarabağ münaqişəsi
Azərbaycan Avropa Şurasına üzv olmamışdan əvvəl baş verib. Hesab
edirəm ki, belə yanaşmalar çox məntiqsiz və absurddur. Bunu heç cür
qəbul etmək doğru olmaz. Bu qədər ədalətsiz və tərəfli şəxslərin
gəlib Azərbaycanda haqq-ədalətdən danışması böyük qıcıq yaradır.
Mən bunu onun üzünə də söylədim.
Hesab edirəm ki, biz belə görüşlər zamanı çalışmalıyıq ki,
Azərbaycan xalqı bu cür Avropa siyasətçilərini daha yaxından
tanısın və əsl istək və niyyətlərinin nədən ibarət olduğunu
anlasın.
– Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz
Quliyev AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun müdafiəsinə
qalxaraq, digər müxalifət partiya rəhbərlərinin ünvanına bir sıra
ittihamlar yağdırıb. Bu ittihamlara münasibətiniz
necədir?
– Bilirsiniz, Eldəniz Quliyev də Kamil Vəlinin tayıdır. O,
danışığını qanmır. Eldəniz Quliyev danışığını bilmədiyinə və
qanmadığına görə də məhkəməyə verilib. İndi də məsuliyyətə cəlb
olunacağından qorxduğu üçün pişiklənir. Bu adamın əsl mahiyyəti və
kimliyi Rüstəm İbrahimbəyov layihəsində yer alan zaman bəli oldu.
Çünki Eldəniz Quliyev də Rüstəm İbrahimbəyov kimi əmin idi ki,
Rusiya Azərbaycanda prezident seçkiləri öncəsi ölkəmizin daxili
siyasətinə ciddi müdaxilə edəcək, Azərbaycanda hakimiyyət
dəyişikliyi istəyir və sairə. Ona görə də hər kəs gördü ki, Eldəniz
Quliyev süni şəkildə cənub bölgəsində etnik qarşıdurma yaratmaq
üçün guya talışların hüquqlarının pozulduğunu iddia edərək
"talışların müdafiə komitəsi" yaratdı. Yəni bu adam sırf təxribatçı
və səviyyəsizdir. Onun kimi adamların Kamil Vəlinin müdafiəsinə
qalxması gözlənilən idi. Çünki mənəviyyat baxımından hər ikisi
bir-birinə oxşardır.
Eldəniz Quliyevdən soruşmaq
lazımdır ki, sən, doğrudan da, özünü obyektiv göstərməyə
çalışırsansa, o zaman sən çıx mənim Kamil Vəli haqqında
söylədiklərimə cavab ver. De ki, Kamil Vəli haqqında Qüdrət
Həsənquliyev doğru söyləmir. Mən yenə də söyləyirəm. Mərhum Əbülfəz
Elçibəy vaxtilə Kamil Vəliyə istefa verməsini deməmişdi? O vaxtı
bütün nazirlər vəzifələrini dondurdu, amma Kamil Vəli Heydər
Əliyevin keçirdiyi müşavirədə oturub başını yelləyirdi, başı
üzərində dayanmırdı və sifətinə yaltaq təbəssüm ifadəsi vermişdi.
Bütün bu kadrlar AzTV-nin arxivində də var. İndi Eldəniz Quliyev də
desin ki, Kamil Vəli Nərimanoğlu bu cür yaltaqlıq etməyib və sairə.
Desin ki, o adam bu gün mənəvi lideri adlandırdığı Əbülfəz
Elçibəyin tapşırıqlarını yerinə yetirib, gedib istefa verib. Nə
üçün konkret suallarımdan yayınırlar? Fakt qalır bir yanda, bunlar
faktı deyən adamın üzərinə hücum etməyə başlayır. Həmin Eldəniz
Quliyevin mənəviyyatı budur.
İndi də Eldəniz Quliyevin qorxudan daxili işlər nazirinə necə
pişiklənməyini hamı görür. Bu adamlar özlərindən qəhrəman düzəltmək
istəyir, amma əsl mənəviyyatları ortaya çıxır. Bu adamların hamısı
milli maraqları satmış adamlardır. İndi hər kəs görür ki, onlar
gecə-gündüz nələr yazırlar, nələr söyləyirlər. Obama belə dedi,
Avropa bunu dedi və sairə. İndi də özlərini Azərbaycan xalqına Qərb
yönlü kimi göstərmək istəyirlər. Halbuki bu adamlar ötən il
Rusiyanın agenti olan Rüstəm İbrahimbəyovun ətrafında birləşmişdi.
Onlar yaxşı bilirdi ki, Rüstəm İbrahimbəyov Rusiyanın agentidir.
Məhz bunu bildikləri üçün Milli Şuranın təsis sənədində yazdılar
ki, biz Azərbaycanın xarici siyasət kursunu referendum yolu ilə
müəyyən edəcəyik. İndi Eldəniz Quliyev bu sualıma da cavab versin
ki, niyə bu müddəanı o sənədə salmışdınız? Adətən, hər hansı siyasi
qüvvə öz siyasi kursunu bəyan edir, sonra da xalqa müraciət edib
deyir ki, mən bu siyasi kursu dəstəkləyirəm və sairə. Baxın, budur
bunların riyakar sifəti. Bu adamlar Azərbaycanı Rusiyaya satmağa
hazırlaşırdı. İndi də bir sıra mətbu orqanlarda gecə-gündüz bəyan
edirlər ki, guya bunlar Rusiyaya qarşıdır və sairə. Çünki ötən il
prezident seçkiləri ərəfəsində Rusiya Milli Şuradan çox gözəl
istifadə etdi. Bunlar istifadə olunduqlarının da fərqindədir. Ona
görə də Eldəniz Quliyev mənim buradan ünvanladığım bu suallara
konkret cavab versin. Əgər Eldəniz Quliyev düşünürsə ki, başqasını
təhqir etməklə bu cür əməllərini xalqa unutduracaq, o zaman böyük
səhv edir. Azərbaycan xalqı Eldəniz Quliyevin Rusiyanın əlində necə
oynadılmasını, separatizmi və etnik ayrı-seçkilik salmağı necə
dəstəkləməsini yaxşı bilir. Azərbaycan xalqı bunu heç zaman
unutmayacaq. Onlar hər zaman indiki durumlarında, hətta bundan da
pis olacaqlar.
Ümumiyyətlə, bu düşərgədə olan insanların əksəriyyəti
hakimiyyətə gəlmək naminə şeytanla da əməkdaşlıq etməyə hazırdır.
Azərbaycan xalqını təhqir edən və qardaşının səsini yayan Azər
Əsgərovun timsalında bunların əsl simasını hamı gördü. Bunlar
Pavlik Morozov kimi atasını satan bolşeviklərdir. Bunlar öz
valideynlərini, qardaşlarını satan adamlarla, şeytanla əməkdaşlıq
etməklə hakimiyyətə gəlmək istəyən adamlardır.
Konkret bir misal çəkim. Ötən prezident seçkiləri ərəfəsi bunlar
İranın xüsusi xidmət orqanları ilə bağlılığı heç kəsdə şübhə
doğurmayan İslam Partiyası üzvlərini də Milli Şuraya qatmaq
istəyirdi. Çünki yaxşı bilirdilər ki, Azərbaycana qarşı olan
müəyyən məsələlərdə Rusiya və İran ortaq fikir yürüdür. Ona görə də
Milli Şura ötən il Azərbaycanda hakimiyyət dəyişikliyi edilməsi
üçün İranın da dəstəyini almağa görə İslam partiyası üzvlərini də
Milli Şuraya cəlb etmişdi. Yəni, bunların əsl mahiyyəti budur.
Milli Şuraya toplaşan adamların əksəriyyəti zor gücünə müxalifət
olan şəxslərdir. Onların davası demokratiya və insan haqları deyil.
Sadəcə olaraq, onların bu şüarlarla Azərbaycanda hakimiyyəti ələ
keçirmək iddiaları var. Amma Azərbaycanda insanların da əksəriyyəti
başa düşür ki, bu cür qüvvələrin əli ilə Azərbaycanda da Suriya,
İraq, Liviya və Misirdəki kimi sabitlik pozula və ölkə qana bulana
bilər. Ona görə də Milli Şuranın Azərbaycan xalqından heç bir
dəstəyi yoxdur. Bunu hər kəs də görür.
– AXCP-nin qərargah üçün
icarəyə götürdüyü mülkün sahibi Azər Əsgərov mətbuatda bu partiyanı
və onun sədri Əli Kərimlini ittiham edən fikirlər səsləndirib. O,
AXCP və Əli Kərimlini onu yetərincə müdafiə etməməkdə
günahlandırıb. Bu məsələyə sizin münasibətiniz
necədir?
– Əlbəttə ki, əgər bu adamın əmlakı qəzalı vəziyyətdə olduğu
üçün uçurulubsa, o zaman dövlət tərəfindən ona kompensasiya
verilməlidir. Hesab edirəm ki, bu istiqamətdə müvafiq qurumlar
təxirəsalınmaz müvafiq qərar qəbul etməlidir.
Digər tərəfdən isə deyim ki, bu adam da mənəviyyat baxımından
Əli Kərimliyə oxşar adamdır. Misal üçün, bu adam öz qardaşının səs
yazısını qeydə alıb və mətbuatda da həmin səs yazısı açıqlanıb.
Həmin səs yazısından da aydın görünür ki, onun qardaşı Azərbaycan
xalqını küçə adamı səviyyəsində təhqir edir. Buna baxmayaraq, guya
Azərbaycan xalqının hüquqları uğrunda mübarizə aparan bu adam öz
qardaşına irad bildirmir ki, xalq haqqında bu cür danışma və
sairə.
Digər tərəfdən isə, o özü də qeyd edir ki, seçkilər zamanı
Naxçıvan Muxtar Respublikasında seçki komissiyasının üzvü olan
zaman seçilən şəxsin protokolu cırıb kənara ataraq, onun yerinə
protokol yazaraq başqa bir adamı deputat elan edir. Bu adam
seçkiləri bu cür saxtalaşdırdığını özü də etiraf edib. Bütün
bunlardan sonra Əli Kərimli də bu cür adamlarla sıx əməkdaşlıq
edirdi. Hətta, Əli Kərimli son yazısında da onu çox cəsarətli və
mübariz adam kimi təqdim etməyə çalışıb. Yəni, bu cür mənəviyyatın
sahibi olan və seçkini saxtalaşdıran adamlardan daha nə gözləyəsən?
Amma hər kəs də gördü ki, Əli Kərimli belə bir adamla çox gözəl
əməkdaşlıq edirdi. Sözsüz ki, bu cür mənəviyyatın sahibi olan adam
görəndə ki, Əli Kərimli və ətrafında olan adamların dəstəyi ilə ona
vurulan bu ziyan ödənilmir, ona görə də bu adamlar başlayır
bir-birini ifşa etməyə. Çünki hamısı şəxsi maraqları naminə
çalışırlar. Artıq Əli Kərimlinin ətrafındakı bir sıra şəxslər də
onu ittiham etməyə başlayıblar. Söylədiyim kimi, hazırda Əli
Kərimlinin ətrafında olan adamlar əsasən bu dəyərlərə sahib
olanlardır. Ola bilsin ki, bəzi gənclər hələ real vəziyyətin nə
olduğunu bilmirlər. Amma tam əminəm ki, həmin gənclər də oradakı
real vəziyyətin nə olduğunu biləndən sonra oradan uzaqlaşacaqlar.
Proseslər də onu göstərir ki, hələ qarşıda AXCP-də çox ciddi
istefalar olacaq və ictimaiyyət də bunun şahidi olacaq.