Sentyabrın
28-də, 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının
Heydər Əliyev Fondu tərəfindən təşkil olunan təqdimatlardan biri bu
dəfə Afinada "Akropol" muzeyində reallaşıb.
Axar.az AzərTAc-a istinadən xəbr verir ki, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da
iştirak etdiyi mərasimə Yunanıstan parlamentinin sədri, Baş nazirin
müavini, İnzibati İslahatlar naziri, Turizm naziri, millət
vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycan Gənclər
və İdman naziri Azad Rəhimov, Azərbaycanın Yunanıstandakı səfiri
Rəhman Mustafayev də qatılıb. Mərasimin aparıcısı Aleksis Kostalas
"Bakı-2015" Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı
salamladı. 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarına
hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirdi. Sonra ilk
Avropa Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirildi. Filmdə
Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər görülən işlər
əksini tapıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında
deyib:
"Hörmətli Yunanıstan
Respublikası Parlamentinin sədri!
Hörmətli nazirlər, parlament üzvləri, Avropa Parlamentinin
üzvləri, səfirlər!
Hörmətli Yunanıstan Respublikasının Olimpiya Komitəsinin
prezidenti, mənim əziz dostum Mariya.
Hörmətli qonaqlar, cənablar,
xanımlar və dostlar.
Bu möhtəşəm məkanda sizi salamlayıram və 2015-ci ildə Bakıda
keçiriləcək ilk Avropa oyunlarının təqdimatına həsr olunmuş şam
yeməyinə qoşulduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Yunanıstana
yenidən qayıtmaq məndə böyük məmnunluq hissi oyadır və mükəmməl
qonaqpərvərliyiniz üçün sizə təşəkkürümü bildirirəm. Dünən biz
hamımız tarixi İrodio teatrında gözəl konsertdən həzz aldıq və
havanın yağışlı olacağı barədə proqnoza baxmayaraq hava şəraiti çox
yaxşı idi. Əlverişli hava şəraitinin olması çox yaxşı işarə idi.
Dəyərli töhfəsinə görə əziz dostum Marianna Vardinoyannisə dərin və
səmimi təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, onun
simasında həm UNESCO, həm də ikitərəfli əlaqələrimizdə uzun
illərdir ki, yaxın əməkdaşlıq apardığımız həqiqi dostumu
tapmışam.
Hörmətli dostlar icazə verin Yunanıstan və Azərbaycan arasındakı
münasibətlərdən başlayım. Bu münasibətlər qarşılıqlı hörmət, maraq
və dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləridir.
Baxmayaraq ki, ölkələrimizi ümumi sərhədlər ayırmır, bizim
millətlər həmişə bir-birinə qarşı xüsusi simpatiya və isti
münasibət bəsləyiblər. Çox şadam ki, ötən bir neçə il ərzində
ölkələrimiz arasında münasibətlərdə bir çox sahələrdə, o cümlədən,
siyasi, mədəni, iqtisadi və elmi sahələrdə ciddi tərəqqi müşahidə
olunub. Azərbaycan iqtisadiyyatının dinamik artımı ikitərəfli
əlaqələrimizin bir çox sahələrdə, xüsusilə ticarət və investisiya
sahələrində inkişafı üçün əlverişli şərait yaradır. Ermənistanın
Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamasına və 1
milyondan artıq qaçqın və məcburi köçkünün olmasının fəsadlarına
baxmayaraq ötən on ildə ölkəmizin ümum daxili məhsulu üç dəfə
artmışdı və bu gün bütün Cənubi Qafqaz regionunun ümum daxili
məhsulunun 70 faizdən artığı Azərbaycanın payına düşür. Energetika
sektorunda əməkdaşlığımız yeni müstəviyə yüksəldilmişdir. Bu
yaxınlarda "Cənub" Qaz Dəhlizi layihəsinə start verməklə Azərbaycan
Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin
gücləndirilməsinə öz töhfəsini vermişdi. Bu strateji layihənin
həyata keçirilməsi bizim ikitərəfli əlaqələrimizin gələcəkdə
gücləndirilməsinə xidmət edəcəkdir və Yunanıstan ərazisindən
Azərbaycan qazının Avropa bazarına çatdırılacağı ilk Avropa
İttifaqı ölkəsi olacaqdır.
Əziz dostlar, bu gün xüsusi ilə humanitar sahədə əməkdaşlığımızı
qeyd etmək istəyirəm. Son bir neçə ildə universitet, məktəb,
kitabxana, muzey və elmi institutlar arasında əlaqələr daha da
intensivləşmişdi. Ümidvaram ki, Gəncə və Saloniki şəhərləri
arasında qurulmuş birbaşa əlaqələr ölkələrimizin digər şəhərləri
üçün örnək olacaq və xalqlarımızı bir-birinə daha
yaxınlaşdıracaqdır. Ölkələrimizin sıx əməkdaşlıq qurduğu digər bir
vacib sahə idmandır. Bu gün gənclərimizi olimpiya fənləri üzrə
yüksək keyfiyyətli təhsillə təmin edəcək Beynəlxalq Olimpiya
Akademiyası ilə tərəfdaşlığımızı da qeyd etmək istəyirəm. Yalnız bu
bir neçə nümunə göstərir ki, Azərbaycan və Yunanıstan arasında
münasibətlərin güclü potensialı var və ümidvaram ki, bu potensial
gələcəkdə tamamilə reallaşacaqdır. Əziz dostlar bildiyiniz kimi,
Azərbaycanda ilk Avropa Oyunları keçiriləcəkdir. Baxmayaraq ki,
Olimpiya hərəkatı Yunanıstanda, Afinada başlanılmış və bərpa
olunmuşdur Avropada digər qitələrdən fərqli olaraq heç vaxt
Avropaya məxsus oyunlar keçirilməmişdi. Biz fəxr edirik ki,
Azərbaycana bu oyunları ölkəmizdə təşkil etmək üçün tarixi fürsət
verilmişdi. 17 gün ərzində davam edəcək oyunlarda 6000-dən çox
idmançı 20 idman növündə rəqabət aparacaqdır. Avropa Olimpiya
Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük sevinc və
dəstəklə qarşılanmışdır. Bu tarixi qərara görə bu gün Yunanıstan
Olimpiya Komitəsinin prezidenti və "Bakı 2015" Əlaqələndirmə
Komissiyasının sədri cənab Spirius Kapralosun simasında təmsil
olunmuş Avropa Olimpiya Komitəsinə təşəkkürümü bildirmək
istəyirəm.
Bu gün Azərbaycan idman ölkəsi kimi də yaxşı tanınır.
Müstəqilliyimizi bərpa etdikdən sonra idmanın inkişafı dövlət
siyasətinin prioritet istiqamətlərindən biri olmuşdu.
İdmançılarımız 1996-cı ildən etibarən olimpiya oyunlarında iştirak
etmiş və qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edə
bilərik. Son yay olimpiya oyunlarında idmançılarımız 10 olimpiya
medalı qazanmışdı və medal sayına görə ümumi reytinqdə ilk 30 ölkə
sırasına daxil olmuşdu. Ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir
olimpiya kompleksi tikilmişdi və bu da bir çoxunun idmanı peşəkar
karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və
imkanlar açmışdı. Bu yaxınlarda Çində Gənclər arasında keçirilən
olimpiya oyunlarında idmançılarımız 12 medal, o cümlədən 5 qızıl
medal qazanmışdı və ölkəmiz bütün iştirakçılar arasında 10-cu,
Avropa ölkələri arasında isə 6-cı yeri tutmuşdu. Bizim bir çox
Avropa və Dünya çempionatlarının keçirilməsində də zəngin
təcrübəmiz var və bu yarışların hamısı iştirakçılar və rəsmilər
tərəfindən yüksək qiymətləndirilmişdi. Mən nümunə kimi 2014-ci ilin
iyun ayında Bakıda uğurla keçirilən bədii gimnastika üzrə Avropa
çempionatını qeyd etmək istəyirəm. İdmançılarımızın bütün bu
nailiyyətləri, müasir idman infrastrukturu, idmanın inkişafına
göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin mükəmməl iqtisadi
artımı Avropa Olimpiya Komitəsinin qərarına zəmin yaradan əsas
amillər idi. Bu qərara təkcə sevinclə yox, həm də məsuliyyətlə
yanaşırıq. İlk oyunlar gələcəkdə keçiriləcək oyunlar üçün
standartları müəyyən edəcək. Azərbaycan ilk Avropa oyunlarını yay
olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoyub.
"Bakı-2015" Oyunlarının Təşkilat Komitəsinin sədri kimi sizi əmin
edə bilərəm ki, oyunların mümkün olan ən yüksək səviyyədə
keçirilməsi və idmançılara, rəsmilərə, habelə qonaqlara və yerli
vətəndaşlara zəruri şəraitin yaradılması üçün əlimizdən gələni
edəcəyik. Bu oyunların keçirilməsi üçün bizə iki il yarım vaxt
verilməsinə baxmayaraq bu gün əminik ki, bütün hazırlıq işləri
vaxtında tamamlanacaqdır. Biz Avropa Olimpiya Komitəsi və
Beynəlxalq Olimpiya Federasiyası ilə məhsuldar və güclü
əməkdaşlığımızdan məmnunuq və mən həqiqətən də inanıram ki, Bakıda
keçirilən oyunlarda olimpiya oyunlarının ədalətlilik, dostluq və
həmrəylik dəyərlərinə riayət olunacaqdır. Yekunda əziz dostlar
sizin hamınızı bu tarixi oyunlarda iştirak etməyə, zəngin
mədəniyyətə və tarixə malik və qədim ölkə olan, Qərb və Şərqin
ayırıcında yerləşən, müxtəliflik, tolerantlıq və mehribanlığına
görə çox yaxşı tanınan Azərbaycanı kəşf etməyə dəvət edirəm.
Yunanıstan və onun dostsevər xalqına xoşbəxtlik, müvəffəqiyyət və
çiçəklənmə arzu etmək istəyirəm. Səmimi qonaqpərvərliyinizə görə
bir daha təşəkkür edirəm və sizə yaxşı vaxt keçirməyi arzu
edirəm.
Diqqətinizə görə çox sağ olun".
***
Sonra çıxış edən Yunanıstanın İnzibati islahatlar naziri
Kiriakos Mitsotakis ölkəsinin Azərbaycan ilə əlaqələrinə toxunaraq
ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirdi. O,
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının uğurla baş
tutacağına əminliyini vurğuladı və Yunanıstanın dəstəyini ifadə
etdi.
Yunanıstan Mədəniyyət nazirinin müavini Angela Gerekoi bildirdi
ki, Avropa "Bakı-2015"-i səbirsizliklə gözləyir. "Bu bütün qitənin
həyatında mühüm tədbir olacaqdır", - deyən Angela Gerekoi qeyd etdi
ki, bu idman tədbiri Avropa xalqları arasında əlaqələri daha da
gücləndirəcək.
Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spirios Kapralos
Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara hazırlığın yüksək
səviyyədə getdiyini bildirdi. Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin
işlədiyini və bu prosesə Prezident İlham Əliyevin güclü dəstək
verdiyini deyən Spirios Kapralos onu da vurğuladı ki, bütün Avropa
kimi Yunanıstan da bu oyunları həvəslə gözləyir.
Yunanıstanın Kanoe idmanı üzrə olimpiya çempionu Voula Kozumbali
ilk Avropa Oyunlarının yeni dostlar, yeni tanışlıqlar üçün əla
fürsət olacağını dedi, bu idman tədbirində olimpiya və
qeyri-olimpiya oyunlarının bir arada təmsil olunmasının mühüm
hadisə olduğunu diqqətə çatdırdı.
Çıxışlardan sonra Azərbaycan incəsənət ustaları – cazmen Elçin
Şirinovun başçılıq etdiyi trio və balaban ustası Şirzad Fətəliyev
milli musiqilərimizdən ibarət maraqlı konsert proqramı təqdim
etdilər.