Sentyabrın
30-da Daxili İşlər Nazirliyində "Daxili işlər orqanlarında
qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsi" və "Yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında"
Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin
icrası" sahələrində görülən işlərin vəziyyətinə və qarşıda duran
vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası
keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, iclası giriş sözü ilə açan Daxili İşlər naziri,
general-polkovnik Ramil Usubov polisin fəaliyyətinin əsas
prinsiplərindən olan qanunçuluq, insan hüquq və azadlıqlarına
hörmətin cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin
edilməsi sahələrində başlıca şərtlərdən, eləcə də, yetkinlik yaşına
çatmayanların hüquq pozuntularının qarşısının alınmasının, belə
halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının
profilaktik işin vacib elementlərindən biri olduğunu, Nazirlik
tərəfindən bu istiqamətlərdə davamlı şəkildə təşkilati-praktiki
tədbirlər həyata keçirildiyini qeyd edib.
Müzakirəyə çıxarılan hər iki məsələnin aktuallığını, daxili
işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə
etdiyini bildirən nazir artıq ilin doqquz ayının arxada qaldığını,
cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini
sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə də
qorunub-saxlanıldığını, ötən ilin müvafiq dövrü ilə müqayisədə
cinayətlərin açılmasının bir qədər də yaxşılaşdığını, göstərilən
istiqamətlər üzrə şəxsi heyət tərəfindən bir sıra müsbət işlərin
görüldüyünü diqqətə çatdırmışdır. Eyni zamanda, istər qanunçuluğa
riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin
edilməsi istiqamətində, istərsə də yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində
fəaliyyətin təşkilində müəyyən nöqsan və çatışmazlıqların
mövcudluğu da qeyd olunub.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Daxili Təhqiqatlar
İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev çıxış edib. O
qeyd edib ki, son illər bu sahədə kifayət qədər səmərəli işlər
görülmüş, idarəçilik və təşkilatçılıq fəaliyyətinin
təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının yüksəldilməsi,
məsuliyyətinin artırılması, xidməti və icra intizamının
möhkəmləndirilməsi üçün kompleks tədbirləri əks etdirən əmr,
göstəriş və planlar hazırlanıb icraya yönəldilib.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı və 2011-ci illərdə
imzaladığı Sərəncamlar əsasında görülən işlər qanunçuluğun, o
cümlədən insan hüquqlarının qorunması sahəsində fəaliyyətin
keyfiyyətcə yeni müstəviyə keçməsinə, polisin nüfuzunun
yüksəlməsinə, hüquq mühafizə və digər dövlət orqanları, o cümlədən
Ombudsman təsisatı ilə işgüzar əlaqələrin genişlənməsinə, vətəndaş
cəmiyyəti institutları ilə tərəfdaşlıq münasibətlərinin
yaxşılaşmasına xidmət edib.
Belə ki, vətəndaş məmnunluğunun təmin edilməsi, cinayət və
hadisələrə çevik reaksiya verilməsi, ictimaiyyətlə əlaqələrin
səmərəli təşkili məqsədilə yaradılmış "102" xidməti, "Təhlükəsiz
şəhər" sistemi, "Qaynar xətt"lər, elektron poçt ünvanı müvafiq
sahədə qarşıda duran vəzifələrin uğurlu icrasını təmin
etməkdədir.
Qeyd olunmuşdur ki, ərazi polis orqanları üçün beynəlxalq
standartlara cavab verən 38 yeni müvəqqəti saxlama yeri tikilmiş,
24-ü əsaslı təmir olunmuşdur. Hökumət və qeyri-hökumət
təşkilatlarından, eləcə də beynəlxalq qurumlardan olan
müşahidəçilərin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz
monitorinq aparmalarına lazımi şərait yaradılmış və təkcə cari ilin
9 ayında onlar tərəfindən 200-dən çox müvafiq yoxlama tədbiri
keçirilmişdir. Digər tərəfdən, xidməti fəaliyyətin nəticələri
barədə əhalinin kütləvi informasiya vasitələri ilə
məlumatlandırılması, vətəndaşların ayda iki dəfə həm respublikanın
regionlarında, həm də Nazirlikdə qəbul edilməsi qanunçuluğun və
insan hüquqlarının qorunması işində mühüm əhəmiyyət kəsb edən
məsələlər olaraq davamlı surətdə aparılır.
BMT, ATƏT və Avropa Şurası, Beynəlxalq Əməkdaşlıq və Beynəlxalq
Miqrasiya Təşkilatları, Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də bu
təşkilatların Azərbaycandakı müvafiq qurumlarının nümayəndələri ilə
insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri ilə bağlı
Nazirlikdə çoxsaylı görüşlər keçirilmişdir. Son 10 ildə daxili
işlər orqanlarının 5 mindən çox əməkdaşı müvafiq məsələlərə həsr
olunmuş seminarlarda, treninqlərdə iştirak etmişdir. Bildirilmişdir
ki, həyata keçirilən bu və digər tədbirlər qanunçuluğun
möhkəmlənməsinə, fəaliyyətin müvafiq istiqamətində müəyyən müsbət
nəticələrin əldə olunmasına xidmət etmişdir. Son 2 ilə yaxın
müddətdə əsassız saxlama, polisə əsassız gətirmə, sürücülərin
hüquqlarının pozulması hallarının sayı xeyli azalmış, işgəncə
vermə, döymə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz
tətbiq etmə halları qeydə alınmamışdır. Cari ilin ötən dövründə isə
polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı
8,1 faiz, bununla əlaqədar cəzalandırılanların sayı 13,2 faiz
azalmışdır. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulması
ilə bağlı aşkarlanmış 129 fakt üzrə 202 əməkdaş intizam
məsuliyyətinə cəlb olunmuş, o cümlədən 30 nəfər xidmətdən xaric
edilmiş, daha 30 əməkdaş tutduğu vəzifədən azad olunmuş, 1 nəfərin
xüsusi rütbəsi bir pillə aşağı salınıb.
Gündəlikdəki ikinci məsələ barədə çıxış edən Baş İctimai
Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir
Məmmədov demişdir ki, son illər insan hüquq və azadlıqlarının
təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması, əhalinin bütün
qrup və təbəqələri ilə əlaqələrin möhkəmləndirilməsi, gənc nəslin
hüquq və mənafelərinin müdafiəsi sahəsində həyata keçirilən
tədbirlər yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili
üzrə xidmət sahəsini də əhatə edib.
Ölkədə aparılan hüquqi islahatlar çərçivəsində "Uşaq hüquqları
haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq
pozuntularının profilaktikası haqqında", "Məişət zorakılığının
qarşısının alınması haqqında" qanunlar da qəbul olunmuş, Azərbaycan
uşaqların hüquqlarının qorunmasına dair müxtəlif beynəlxalq
konvensiyalara qoşulmuş, bu sahəyə dair digər normativ-hüquqi
aktlar hazırlanaraq icraya yönəldilmişdir. Yeniyetmələr arasında
hüquqpozmaların və baxımsızlığın profilaktikası, uşaq hüquqlarının
müdafiəsi, habelə dövlətin köməyinə və qayğısına ehtiyacı olanların
problemlərinin həlli yönümündə aidiyyəti dövlət orqanları,
beynəlxalq və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələr
genişləndirilmiş, birgə fəaliyyətin səmərəsi daha da
yaxşılaşdırılıb.
UNİCEF-in Azərbaycan Nümayəndəliyi, BMT-nin Beynəlxalq Əmək və
Səhiyyə Təşkilatları, ATƏT-in Bakı Ofisi və digər beynəlxalq
qurumlarla birgə 30-dan artıq beynəlxalq konfrans keçirilmiş, bir
neçə mərhələdə 400-ə yaxın əməkdaşın cəlb olunduğu treninqlər
təşkil olunub.
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularına şərait
yaradan halların profilaktikası üzrə polisin aidiyyəti xidmətləri
tərəfindən dövlət orqanlarının və ictimai təşkilatların
nümayəndələrinin iştirakı ilə 1210 reyd və yoxlama keçirilmiş,
hüquqi maarifləndirmə mövzusunda 400-ə yaxın görüş, yığıncaq və
dəyirmi masa təşkil olunmuşdur. Eyni zamanda, yerli icra
hakimiyyətləri yanında komissiyaların, səhiyyə, sosial müdafiə
qurumlarının, kütləvi informasiya vasitələrinin 100-dən çox
təmsilçisinin cəlb olunduğu, eləcə də 20 minə yaxın yeniyetmənin və
onların valideynlərinin qatıldığı tədbirlərdə yetkinlik yaşına
çatmayanlar tərəfindən törədilən hüquqpozmaların sosial-mənəvi
aspektləri və hüquqi məsuliyyəti müzakirə edilib.
Bütövlükdə, son 1 il 6 ay ərzində müxtəlif qanun pozuntularına
və nəzarətsizliyə görə polis orqanlarına, xususi qəbul, saxlama və
təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985
azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və
cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək
barələrində qanunvericiliyə uyğun tədbirlər görülmüşdür. Bununla
yanaşı, 117 cinayət törətmiş 124 yetkinlik yaşına çatmayandan
ibarət 41 qrup zərərsizləşdirilmiş, 729 cinayət törətmiş 756
azyaşlı müəyyən edilib.
Çıxış edənlər müzakirə olunan məsələlərlə bağlı görülmüş
işlərdən və buraxılmış nöqsanlardan danışmış, çatışmazlıqların qısa
müddətdə aradan qaldırılacağını bildiriblər.
İclasa yekun vuran nazir əldə olunmuş uğurlardan
arxayınlaşmamağı, peşəkarlığı, hər bir əməkdaşın bilik və
təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət
arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı
olmasının zəruriliyini vurğulamış, konkret tapşırıq və
tövsiyyələrini verib.
Cənab Ramil Usubov ilk növbədə qanunçuluğun və nizam-intizamın
möhkəmləndirilməsinə yönəlmiş DİN-in əmr, Kollegiya qərarları və
göstərişlərinin icrasının ciddi nəzarətdə saxlanılmasını,
əməkdaşların qanunazidd hərəkətləri haqqında daxil olan
müraciətlərin vaxtında və obyektiv baxılmasına, cinayət işlərinin
istintaqı və məhkəməyədək sadələşdirilmiş icraatın aparılması
zamanı prosessual qanunvericiliyin tələblərinə ciddi riayət
olunmasına, cinayət prosesi iştirakçılarının qanunla qorunan hüquq
və mənafelərinin tam təmin edilməsinə nəzarət və tələbkarlığın
artırılmasını, müvafiq qanunvericilik aktlarından, dövlət
proqramlarından, Nazirliyin kollegiya qərarlarından, əmr və
göstərişlərindən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə
yetirilməsini, xidmətlərarası qarşılıqlı əlaqələrin səmərəli
təşkilinin əhəmiyyətini qeyd edib.
O, eyni zamanda, azyaşlılar tərəfindən törədilmiş cinayətlərin
səbəb və şəraitinin müəyyən edilməsinin, vaxtında lazımi
tədbirlərin görülməsinin, bu sahədə aparılan işlərin daxili
normativ aktların tələblərinə uyğun qurulmasının, nəzarətsiz
qalmış, hüquqpozmalara meyilli və təhsildən yayınan uşaqların
zamanında aşkar edilib qeydiyyata alınmasının, zəruri
qabaqlayıcı-profilaktik tədbirlərlə əhatə olunmasının, onların
yenidən tərbiyəsi və hüquqlarının müdafiəsi yönümündə lazımi
tədbirlər görülməsinin, habelə orta, orta-ixtisas və ali
məktəblərdə narkotik vasitələrdən istifadənin zərərli nəticələri
mövzusunda davamlı görüşlərin vacibliyini bildirib.
Daha sonra nazir bu il sentyabrın 24-də ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas
xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" imzalanmış
Sərəncamı xatırladaraq həmin sənəddən irəli gələn vəzifələrin ən
yüksək səviyyədə israsının, cəbhə bölgəsinin əhalisi arasında fəal
izahat və maarifləndirmə işlərinin aparılmasının zəruliyini
vurğulayıb.
General-polkovnik Ramil Usubov diqqəti şəxsi heyət arasında
mənəvi-psixoloji durumun, qanunçuluğun, nizam-intizamın
möhkəmləndirilməsinə və daha ciddi tədbirlərin görülməsinə cəlb
etmişdir. Xüsusi qeyd olunmuşdur ki, hər bir əməkdaş üzərinə düşən
vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, anda, xidməti vəzifə
borcuna daim sadiq olmaqla polisin şərəfli adını uca tutmalı,
vətəndaşlarla münasibətdə nəzakətli davranış nümayiş etdirməli,
polis-vətəndaş münasibətlərini möhtərəm dövlət başçısının tələb
etdiyi yüksək səviyyədə təmin edib.
Daxili İşlər naziri Kollegiya iştirakçıları adından ölkə
Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, şəxsi heyət bundan
sonra da cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam
etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai qaydanın təmini
istiqamətində qarşıya qoyulan bütün tapşırıqları layiqincə yerinə
yetirəcək, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanacaq, ili
daha yüksək nəticələrlə başa vuracaq.