"Naxçıvandakı hərbi birləşmədə gərginlik son həddə
çatıb. Hərbi birləşmədə xidmət çəkən zabitlər yaxın günlərdə korpus
komandiri, general-leytenant Kərəm Mustafayevin qanunsuz əməllərinə
qarşı Müdafiə naziri Zakir Həsənova müraciət
imzalayacaqlar".
Bu haqda Naxçıvan hərbi birləşməsində xidmət çəkən zabitlərdən
biri "Axar.az" a məlumat verib. Adının gizli
saxlanılmasını istəyən mənbənin verdiyi məlumata görə, gərginliyin
bu həddə çatmasına səbəb indiyə qədər istifadə olunmamış
məzuniyyətlərə görə zabitlərə pul verilməməsidir. Həmçinin Birləşmə
komandirinin qeyri-qanuni olaraq zabitlərin məvacibindən pul
tutulmasıdır. Xüsusən ehtiyat hissəsinin alınması və digər
məsələlərlə bağlı bölük, batalyon səviyyəsində olan zabitlərdən
texnika ilə bağlı pullar tutulur.
Kərəm Mustafayevin məhv etdiyi zabitlər
Məlumatda bildirilir ki, Naxçıvandakı vəziyyətin bu qədər
gərginləşməsinə səbəb Kərəm Mustafayevin uzun illər vəzifə
səlahiyyətlərindən sui-istifadə etməsi və tabeçiliyində olan zabit
və əsgər heyətinə qarşı amansız rəftarı olub. Naxçıvanda xidmət
çəkən zabit heyəti üzləşdikləri haqsızlığa baxmayaraq, keçmiş
Müdafiə naziri Səfər Əbiyevin dövründə etiraz edə bilmirdilər.
Çünki onlar Kərəm Mustafayevin faktiki olaraq müstəqil siyasət
yürütdüyünü və Səfər Əbiyevə tabe olmadığını anlayırdılar. Zakir
Həsənovun Müdafiə naziri təyin edilməsindən sonra isə vəziyyət
dəyişib. Artıq zabitlər qanuni olaraq haqlarını tələb etməyə
başlayıblar.
Özəl qaynağımız korpus komandirinin hədəfinə tuş gələn
zabitlərin sonrakı aqibəti haqda saytımıza sensasiyalı məlumat
verib. Kərəm Mustafayevin təzyiqləri nəticəsində 2009-cu ildə
polkovnik Kamandar Covarov, 2010-cu ildə polkovnik Şəfayət Rəsulov,
2011-ci ildə Azər Əliyev və Əbdül Babayev (Əbdül Babayev sonradan
Müdafiə Nazirliyində başqa bir vəzifəyə gətirildi – red.) müxtəlif
psixoloji travmalar alıblar. 2009-cu ildə bir nəfər
polkovnik-leytenant, 2010-cu ildə isə bir polkovnik psixoloji
pozuntu diaqnozu ilə ordu sıralarından tərxis ediliblər. 2011-ci
ildə isə iki nəfər polkovnik-leytenant Naxçıvandakı hərbi
hospitalda və Bakıda yerləşən mərkəzi hərbi hospitalda bu diaqnoz
üzrə müalicə alıblar.
Respublika Hərbi Prokurorluğu susur
Mənbə qeyd edir ki, Naxçıvan Hərbi Prokurorluğu Kərəm
Mustafayevin qanunsuz əməlləri qarşısında gücsüzdür. Respublika
Hərbi Prokurorluğu isə şikayət olmasa, Naxçıvandakı vəziyyətə
müdaxilə edə bilməyəcəyini bildirir. İndiyə qədər zabitlərin Kərəm
Mustafayevdən şikayət etməsi mümkünsüz olub. Hətta Naxçıvanda
xidmət edən zabitlər üçün xüsusi olaraq viza rejimi də tətbiq
olunub. Məlumatda o da bildirilir ki, Respublika Hərbi
Prokurorluğunun Naxçıvandakı hərbi hissələrin məvacibinin
ödənilməsi üzrə tabel cədvəlləri ilə tanış olması kifayət edir ki,
Kərəm Mustafayevə qarşı cinayət işi qaldırılsın.
Mövzunu davam etdirəcəyik...