Oktyabrın 3-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərinə
gəlib.
Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin
Xırdalan şəhərindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi
qoydu.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov
Prezident İlham Əliyevə son vaxtlar şəhərdə və rayonda görülən
işlər barədə məlumat verib.
***
İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin
açılışında iştirak edib.
Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti
kəsdi.
Dövlət başçısı Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif
dövrlərinin əks olunduğu fotolara baxıb.
Məlumat verildi ki, mərkəzin özəlliyini artıran mühüm amillərdən
biri də burada interaktiv məlumat tablolarına geniş yer
verilməsidir. Mərkəzdə Ümummilli Liderin xatirəsinin
əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı
zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını
artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya
zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından
əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları,
fotostudiya və rəqs zalı da var. Bütün bunlar gənclərin müxtəlif
sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli
təşkil edilməsinə geniş imkanlar açır.
Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev
mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin
təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb.
Qeyd edildi ki, bu mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının
qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur.
280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla
bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var. Bir
sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün burada
hər cür şərait yaradılıb.
Sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşüb.
***
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və
istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
Son illərdə Abşeron rayonunda həyata keçirilən abadlıq işləri
sırasında Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və
istirahət parkının yenidən qurulması mühüm əhəmiyyət daşıyır. Bu da
ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının
tərkib hissəsi olmaqla bölgələrimizin daha da gözəlləşməsinə xidmət
edir. Bu, bir daha təsdiqləyir ki, şəhər və rayonlarımızda aparılan
quruculuq işləri çərçivəsində park və xiyabanların salınması,
mövcud olanlarının isə yenidən qurulması diqqətdən kənarda qalmır.
Xırdalan şəhərinin mərkəzində yerləşən bu mədəniyyət və istirahət
parkında yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın
ərazisi tamamilə yenidən qurulub.
Dövlətimizin başçısına məlumat verildi ki, ərazisi 12 hektar
olan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının
səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yenidənqurma işləri
zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb,
orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın
ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik
salınıb.
Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda aparılan
yenidənqurma işləri ölkədə əhalinin istirahətinin yüksək səviyyədə
təşkil olunmasının davamlı və kompleks xarakter daşıdığını
təsdiqləyir.
***
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Xırdalan şəhərindəki Bayraq Meydanında olub.
Dövlətimizin başçısına məlumat verildi ki, bayraq dirəyinin
hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kvadratmetr təşkil
edir. Burada müxtəlif video görüntülərin nümayiş etdirilməsi üçün
böyük monitor da quraşdırılıb.
Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu
gün müstəqil ölkəmizin başı üzərində dalğalanan üçrəngli,
ay-ulduzlu bayrağımıza dövlət səviyyəsində olan ehtiramın
göstəricisidir. Təsadüfi deyil ki, indi hər bir azərbaycanlı dövlət
bayrağını özünün qürur mənbəyi hesab edir. Dövlət atributlarına
xüsusi ehtiramla yanaşan Prezident İlham Əliyev də bu məsələdə hər
zaman həssas münasibətilə ilə seçilib. Odur ki, paytaxtla yanaşı,
bölgələrimizdə də Bayraq meydanları salınıb. Abşeron rayonundakı
Bayraq Meydanı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.
***
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Xırdalan şəhərində yaradılan "Park Abşeron" əyləncə
mərkəzinin açılışında iştirak edib.
Artıq ölkəmizin regionlarında da əhalinin istirahətinin təşkili
istiqamətində mühüm layihələr həyata keçirilir. Xırdalanda
yaradılan yeni "Park Abşeron" əyləncə mərkəzi də öz dizaynına,
memarlıq quruluşuna görə şəhərin simasına xüsusi yaraşıq verir.
İndi Xırdalan şəhərinin mənzərəsinin maraqlı elementinə çevrilən bu
modern əyləncə mərkəzində yaradılan şəraitdən məqsəd ilk növbədə
insanların mənalı istirahətini təşkil etmək, onlara mənəvi zövq
yaşatmaqdır. Beləliklə, Xırdalan şəhərində daha bir maraqlı ticarət
və istirahət məkanı bundan sonra sakinlərin istifadəsində
olacaq.
Dövlətimizin başçısına məlumat verildi ki, 1400 kvadratmetr
ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm
uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır.
Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı
fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin
və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.