Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews" telekanalına
müsahibəsi
- Bilirəm ki, Siz informasiya texnologiyaları sektoruna
xüsusi diqqət yetirirsiniz. Bu barədə ətraflı danışa
bilərsinizmi?
- Bəli, bu, hazırda Azərbaycan iqtisadiyyatının inkişafı üçün
əsas istiqamətlərdən biridir. Bu sektorun çox böyük perspektivi
vardır. Bu, ideyalar yaradan, ölkəmizdə ümumi təhsilin səviyyəsinin
yüksəlməsinə təkan verən sektordur, bizim aparıcı beynəlxalq elmi
araşdırmalara qoşulmağımıza kömək edir. Eləcə də, əlbəttə ki,
iqtisadiyyatın, xüsusən də qeyri-neft sahəsinin inkişafı üçün
informasiya texnologiyaları sektoru böyük əhəmiyyətə malikdir.
Təsadüfi deyil ki, bu il ölkəmizdə "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan edilib. Bu, əsasən onunla əlaqədardır ki,
bu il Azərbaycanın ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik
sənayesi olan ölkəyə çevrildik. Həmin peyk tamamilə Azərbaycan
mütəxəssislərinin idarəsinə verilib. Biz bu proqramı daha da
genişləndirmək niyyətindəyik. Yaxın vaxtlarda ikinci, üçüncü
peyklər də buraxılacaqdır. Bizim ölkəmizi informasiya
texnologiyalarının tamamilə əhatə etməsi əhaliyə müasir xidmətlər
göstərilməsinə imkanlar yaradacaqdır. Bildiyiniz kimi, ölkəmizdə bu
yaxınlarda əhaliyə kütləvi xidmətlər göstərən "ASAN xidmət"
fəaliyyətə başlayıb. Bu, əslində Azərbaycanın brendidir.
Regionlarda informasiya-kommunikasiya texnologiyaları inkişaf edir.
Hazırda biz genişzolaqlı internetin hər bir kənddə tətbiqi üzərində
işləyirik. Bu layihəni dövlət maliyyələşdirəcəkdir. Hazırda bu
istiqamətdə xeyli iş görülür. "Bakutel" sərgisinin iştirakçılarının
sayı ilbəil artmaqdadır. Yeni tədqiqatlar üzə çıxır. Biz təkcə
neft-qaz əməliyyatlarının, humanitar əməkdaşlığın deyil, eləcə də
regionumuzda müasir texnologiyaların mərkəzinə çevrilmək
istəyirik.
- Siz elektron hökumət - "ASAN xidmət"i xatırlatdınız.
Sizcə əhalinin hökumət strukturlarına məhz bu cür müraciət etməsi
nə qədər vacibdir?
- Bu, çox mühüm məsələdir. Bu, bizə korrupsiya ilə mübarizə
aparmağa, bürokratizmi aradan qaldırmağa, əhaliyə birbaşa almalı
olduğu xidmətləri maneəsiz əldə etməyə kömək edir. Təəssüf ki, bu,
həmişə baş tutmur. Buna görə də "ASAN xidmət" özündə bir neçə
funksiya daşıyır. Birincisi, müasir xidmətlər göstərilməsi,
ikincisi, korrupsiya ilə mübarizə, şəffaflıq, kadrların
hazırlanması. "ASAN xidmət" sistemində artıq yüzlərlə könüllü
çalışır. Onların əksəriyyəti gənclərdir. Bu könüllülər özləri
gələrək insanlara təmənnasız yardım edirlər. Bu, dövlət ilə
vətəndaşlar, dövlət məmurları ilə dövlət təsisatları arasında
qarşılıqlı münasibətlərin yeni formasıdır. Təsadüfi deyil ki, "ASAN
xidmət" sisteminin həyata keçirilməsindən bir ildən də az vaxt ötsə
də, artıq 500 mindən çox vətəndaş bu xidmətə müraciət edib. Heç bir
şikayət olmayıb. Hamı razıdır. Bu, həqiqətən müasir Azərbaycanın
brendinə çevrilib. Biz ölkəni modernləşdiririk, siyasi sistem də
modernləşdirilir. Bu halda biz bütün sahələri modernləşdirməliyik.
İnsanlar üçün elə bir şərait yaratmalıyıq ki, onlar razı qalsınlar
və arayışların alınmasına hədər yerə vaxt itirməsinlər. Halbuki,
indi bu sənədləri bir neçə dəqiqə ərzində əldə edə bilirlər.
- Bu sərgi Sizin elan etdiyiniz
"İnformasiya-kommunikasiya texnologiyaları ili"nin özünəməxsus
aynasıdır. Siz bu sərgi barədə nə düşünürsünüz? Axı, Siz birinci
dəfə deyil ki, "BakuTel" sərgisinə baş çəkirsiniz. O, elə bil
dəyişib, daha da böyüyüb...
- Mən hər il "BakuTel" sərgisində oluram. Əlbəttə, o, ildən-ilə
genişlənir, iştirakçıların sayı artır. Məni sevindirən odur ki, həm
yerli, həm də xarici şirkətlərin sayı çoxalır. Deməli, biznes
artmaqdadır, informasiya texnologiyaları üzrə aparıcı beynəlxalq
şirkətlərin Azərbaycana diqqəti də artır. Biz bu işə başlayanda
qarşımıza belə bir məqsəd qoymuşduq ki, o, ənənəvi neft sərgisi
kimi beynəlxalq nüfuz qazansın. Neft sərgisi bizə neft-qaz
yataqlarını inkişaf etdirməyə kömək göstərmişdir. Biz neft-qaz
layihəsinə başlayanda Azərbaycanı çox az ölkə tanıyırdı. "BakuTel"
də eyni vəzifəni daşıyır. İndi biz bütün dünyada təkcə neft-qaz
ehtiyatlarına malik olan ölkə kimi deyil, həmçinin gələcəkdə yüksək
səviyyəli elmi potensiala və informasiya-kommunikasıya
texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq. Əlbəttə,
Azərbaycanın bu sahədə dəb qanunvericisi rolunu oynayacağını
düşünmək sadəlövhlük olardı. Mən həmişə demişəm ki, biz dəb
qanunvericilərinin bir addımlığında olmalıyıq və ən müasir
texnologiyaları iqtisadiyyatımıza tətbiq etməliyik. Bu proseslərdə
dövlət təminatçı kimi çıxış edir, çünki maliyyənin əksər hissəsini
dövlət təmin edir. Fərdi sektor isə dövlətin ardınca, yaxud onunla
paralel olaraq addımlayır və bizim yaratdığımız bütün imkanlardan
istifadə edir. Biz yüksək templərlə irəli gedirik, müasir dövlət
qururuq. Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal
inkişaf etməyə qadir deyildir.
- Mümkünsə, "TASİM" layihəsi barədə də bir neçə kəlmə
deyərdiniz. Çünki bu, böyük, qlobal layihədir, həm Azərbaycan, həm
də region üçün vacibdir.
- Bəli, biz bir çox qlobal layihələrdə - kommunikasiya,
energetika və nəqliyyat layihələrində iştirak edirik. Bizim coğrafi
vəziyyətimiz elədir ki, həm Şimal ilə Cənub, həm də Qərb ilə Şərq
arasında təbii kəsişmə nöqtəsiyik. Lakin infrastruktursuz belə
coğrafi mövqenin heç bir əhəmiyyəti yoxdur. Deməli, onu səmərəli
infrastrukturla gücləndirmək lazımdır. Energetika dəhlizləri bu gün
Avropanın və digər qitələrin diqqətini cəlb edir. Həyata
keçirdiyimiz nəqliyyat layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında
dəmir yollarının birləşdirilməsi, həmçinin qitələrarası əhəmiyyət
daşıyacaqdır. Bu yol İpək Yolunun bərpasıdır, Çindən Londona qədər
gedib çatacaqdır. Kommunikasiya sahəsində də belədir. Elektron
xidmətlərlə əlaqədar Azərbaycanda inşa olunan kommunikasiyalar
insanları, ölkələri yaxınlaşdırmağa xidmət edir və Azərbaycana uzun
illər boyu dividendlər gətirəcəkdir. TASİM layihəsi də bu
qəbildəndir. Yəni, bütün bunlar ölkənin ümumi inkişaf
konsepsiyasına daxildir. Bizdə olan potensialdan - coğrafi
mövqedən, təbii ehtiyatlardan, insan potensialından istifadə
etməklə ölkəmiz inkişaf
edəcəkdir. Əlbəttə ki, bizə öz məqsədlərimizə çatmaqda kömək edən xarici tərəfdaşlarımızla
fəal işləməklə buna nail olacağıq.
- Çox sağ olun, cənab Prezident.