Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının
strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,
sərəncamda deyilir:
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd
Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət
Xidməti yaradılsın.
Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya
Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və
Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki
Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti
yaradılsın.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Baytarlıq Xidməti Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti
adlandırılsın.
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
strukturu" təsdiq edilsin.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının
işçilərinin say həddi 215 ştat vahidi, rayon və şəhər idarələrinin
işçilərinin say həddi 780 ştat vahidi, Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti
Xidməti aparatının işçilərinin say həddi 36 ştat vahidi, Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Fitosanitar Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 26
ştat vahidi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi
üzrə Dövlət Xidməti aparatının işçilərinin say həddi 40 ştat
vahidi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət
Xidməti aparatının işçilərinin say həddi 24 ştat vahidi, Baş Dövlət
Texniki Nəzarət Müfəttişliyi aparatının işçilərinin say həddi 7
ştat vahidi, onun tabeliyində olan rayon (şəhər) dövlət texniki
nəzarət müfəttişliklərinin işçilərinin say həddi 87 ştat vahidi
müəyyən edilsin.
"Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 657; 2012,
№ 4, maddə 365, № 6, maddə 555; 2013, № 8, maddə 997) 2-ci hissəsi
ləğv edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı
Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin,
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki
Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin,
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin əsasnamələrinin
layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etmək tapşırılıb.