Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti
IV Bakı Beynəlxalq Humanitar Forumunun nəticələrinin və
forumlararası tədbirər planının müzakirəsinə həsr olunmuş müşavirə
keçirib.
Axar.az Bilik Fondunun İnformasiya Təminatı sektoruna istinadən
bildirir ki, Forumun "Multikulturalizmin müqayisəli tədqiqləri:
nəzəriyyədən humanist təcrübəyə doğru" adlı bölməsində aparılan
məruzələr müzakirə olunub, nəticələr təhlil edilib, eləcə də
forumlararası fəaliyyət planı müəyyənləşib.
Toplantıda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun,
Dilçilik, Ədəbiyyat İnstitutunun, Bakı Slavyan Universitetinin,
Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
nümayəndələri, elm adamları, yazarlar, tələbə-magistrlər, media
təmsilçiləri ştirak ediblər.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi
ilə keçirilən müşavirənin iştirakçıları hər il baş tutan Bakı
Humanitar Forumunun məqsəd və məramına uyğun olaraq ölkəmizdə
ilboyu müxtəlif layihələrin, tədbirlərin keçirilməsi ilə bağlı
fikirlər səsləndiriblər.
K.Abdullayev IV Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti
barədə ətraflı məlumat verərək bildirib ki, dünyanın məşhur
alimlərinin, indiki və keçmiş dövlət rəhbərlərinin 14 Nobel
mükafatçısının Azərbaycana gəlmələri ölkəmiz üçün böyük hadisədi.
Onlar Azərbaycan elmini, mədəniyyətini, xalqını bir daha yaxından
tanımaq şansı qazandılar və ölkəmizin xaricdəki dostlarının sayının
artmasında müstəsna rol oynadılar. Bununla yanaşı Azərbaycan
alimləri ilə dünya alimlərinin yaxın təmasları quruldu ki, bu da
elmimizin inkişafına böyük töhvədir.
K.Abdullayev onu da vurğulayıb ki, Azərbaycanın iqtisadi
inkişafının mənəvi inkişafımızla paralellik təşkil etdiyi xaricdən
gələn mötəbər qonaqlara daha aydın şəkildə bəyan olub. Azərbaycanın
təkcə xarici görünüşü deyil, insanlarımızın daxili aləmi də
dəyişib, zənginləşib. Qonaqlar vətəndaşlarımızla ünsiyyətdə
olduqdan sonra bu gerçəkliyi dəfələrlə dilə gətiriblər.
Dövlət müşavirinin sözlərinə 10 il öncə bölgələrdə olarkən əhali
dövlət məmuruna daha çox şəxsi xahişlərlə müraciət edirdisə, indi
ictimai dərdlərini səsləndirirlər. Artıq vətəndaşlar ictimai şüurla
düşünürlər. Bu isə mənəvi inkişafdan xəbər verir. Mənəvi inkişaf
olmayan yerdə iqtisadi inkişafa nail olmaq mümkün deyil.
Müşavirə iştirakçıları da çıxışlarnda Forumun əhəmiyyətindən
danışıblar, forumlararası tədbirər planının hazırlanması
istiqamətində təkliflər veriblər.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham
Məmmədzadə, akademik Tofiq Hacıyev, Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad
Məmmədov və başqaları çıxışlarında maraqlı təkliflər
səsləndiriblər. Qərara alınıb ki, təkliflər proqram şəklində
hazırlanıb müşavirliyə təqdim olunsun.
Müşavirədə həmçinin 1815-ci ildə ilk dəfə alman şərqşünası,
diplomatı Fridrix fon Ditsin tərcüməsində "Kitabi-dədə Qorqud"
dastanının dünyaya tanıdılmasının gələn il 200 illiyinin tamam
olması ilə bağlı tədbirlər planının hazırlanması da müzakirə
olunub.
K.Abdullayev bildirib ki, Fridrix fon Dits tərəfindən
"Kitabi-dədə Qorqud" dastanının Təpəgöz boyunun alman dilinə
çevrilməsinin 200-ci ilini yüksək səviyyədə qeyd etməklə Azərbaycan
mədəniyyətinin dünyaya tanıdılması istiqmətimdə böyük iş görərik.
Dövlət müşaviri təklif edib ki, tədbirlər planının hazırlanması
üçün komissiya yaradılsın və elm adamlarının, xüsusən də
Qorqudşünasların, filoloqların, ədəbiyyatşünasların təklifləri
həmin komissiyaya çatdırlsın. Bu işin kooridinatorluğu Bilik
Fonduna tapşırılsın.
Müşavirə iştirakçıları "Fridrix fon Dits: "Kitabi-dədə Qorqud"
-200" adlı proqramın və fəaliyyət planının hazırlanmasında ciddi
fəaliyyətə başlamağın vacibliyini vurğulayıblar, bu istiqamətdə
görülən işlərin dekabr ayının sonuna qədər başa çatdıracaqlarına
əminlik ifadə ediblər.