Millət vəkili Qənirə
Paşayeva Moldovanın Qaydar və Koltay bölgələrində erməni vandalizm
aktlarından danışıb.
Axar.az xəbər verir ki, Moldovanın Qaydar bölgəsinə
səfər etmiş millət vəkili Qənirə Paşayeva bölgənin rəhbəri Kiosya
İlya Georgiyeviçlə görüşüb.
Azərbaycanın ümumumilli lideri Heydər Əliyevin hər zaman Qaqauz
Yerinə və Qaqauz türklərinə böyük dəstək verdiyini, burada Heydər
Əliyevin çox sevildiyini deyən Qaydar bölgəsinin rəhbəri Kiosya
İlya Georgiyeviç onun siyasi kursunun Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən yüksək səviyyədə davam etməsindən məmnunluğunu
bildirib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın ümummilli lideri
Heydər Əliyevin və bu siyasətin davamçısı Prezident İlham Əliyevin
hər zaman Qaqauz türklərinə sevgi və dəstəklə yanaşdığını deyərək,
Azərbaycanla, onun müxtəlif bölgələri ilə Qaqauz Yeri arasında
müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük
potensial olduğunu deyib.
O, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə
inandığını deyib.
Qaydar bölgəsinin rəhbəri Kiosya İlya Georgiyeviç bölgə barədə
geniş bilgilər verərək, qardaş Azərbaycanla münasibətlərin daha da
inkişafında çox maraqlı olduqlarını bir daha vurğulayaraq,
azərbaycanlı iş adamlarının fəaliyyəti üçün Qaqauz Yerində hər cür
imkan olduğunu, onları gözlədiklərini deyib.
Qaqauz Yerinin bölgələri ilə Azərbaycanın bölgələri arasında
arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu
bildirən Qaydar bölgəsinin rəhbəri öz tərəflərindən fəaliyyətləri
daha da artıracaqlarını qeyd edib.
Görüş zamanı Azərbaycanla bağlı, özəlliklə də Ermənistanın
işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş bilgilər
verib, fikir mübadiləsi aparılıb.
Millət vəkili Q.Paşayeva eyni zamanda Moldovanın Koltay
bölgəsinə də səfər edib və bölgənin rəhbəri Koşulunskiy İlya
Stepanoviç ilə görüşüb.
Görüşdə Azərbaycanla Moldova, o cümlədən Qaqauz Yeri arasında
yüksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu deyən Koltay
bölgəsinin rəhbəri qardaş Azərbaycanla münasibətlərin daha da
inkişafında çox maraqlı olduqlarını vurğulayaraq, əməkdaşlığın
genişlənməsi üçün böyük imkanlar olduğunu deyib və öz tərəflərindən
çalışmaları daha da artıracaqlarını qeyd edib.
Millət vəkili Q.Paşayeva Azərbaycan bölgələri ilə Koltay
arasında əməkdaşlığın genişlənməsi ilə bağlı böyük potensial
olduğuna dair bölgə rəhbərinin fikirləri ilə razılaşaraq
əməkdaşlığın getdikcə genişlənəcəyinə inandığını deyib. Millət
vəkili görüşdə ermənilərin törətdiyi vandalizm aktları,
Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı haqqında geniş
bilgi də verib. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı
nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün
düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan
tərəfindən pozulmaqda davam etməsi barədə danışaraq, deyib ki,
dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada ədalətin
yanında olan insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi
qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı
soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət
qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün
qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini
artırmalıdırlar.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi
"Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi
tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara
qarşı törətdiyi soyqırımları özündə əks etdirən "Azərbaycan
həqiqətləri" filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ
problemi və Xocalı soyqırımıza dair kitablar, filmlər, materiallar
və eyni zamanda Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim
edib. Səfər çərçivəsində millət vəkili bölgədəki tarix, arxeoloji,
mədəniyyət, xalçaçılıq muzeylərini ziyarət edib, muzeylərə
Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar təqdim edib,
bölgə ilə yaxından tanış olub. Millət vəkili səfər zamanı yerli
ictimaiyyət və KİV nümayəndələri ilə də görüşərək onlara
Azərbaycan, Qarabağ, Xocalı Soyqırımı barədə geniş məlumatlar və
müsahibələr verib.