Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə
yaradılan "Fikir şənbəsi" klubu bu gün – Dövlət müstəqilliyi günü
ikinci tədbirini keçirdi.
Fondun İnformasiya təminatı sektorundan Axar.az-a verilən
məlumata görə, "Fikir şənbəsi"nin qonağı istiqlal şairi Xəlil Rza
Ulutürkün xanımı Firəngiz Ulutürk olub.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun təqdimatı ilə
başlayan tədbirdə Bakı Slavyan Universiteti "Yaradıcılıq
fakültəsi"nin tələbələri, tanınmış jurnalistlər, elm adamları,
psixoloqlar və könüllülər iştirak edib. O.Səmədov "Fikir şənbəsi"
klubunun məqsəd və məramını diqqətə çatdıraraq, bildirib ki, Bilik
Fondu bu klub vasitəsilə Azərbaycanın intellektual kəsimini bir
araya gətirmək, onların fikirlərindən, ideyalarından bəhrələnərək
cəmiyyətimizin daha da inkişaf etdirilməsini hədəf götürüb.
Görüşün Azərbaycanın müstəqillik gününün növbəti ildönümünə
düşdüyünü xatırladan icraçı direktor tədbir iştirakçılarını təbrik
edib, azadlığımız uğrunda qanından, canından, sağlamlığından keçən,
dəhşətli mərhumiyyətlərə məruz qalan istiqlal şairimiz Xəlil Rza
Ulutürkün həyat və yaradıcılığından söhbət açıb.
İstiqlal şairimizin xanımı, tanınmış pedaqoq Firəngiz Ulutürk də
öz növbəsində deyib ki, bu gün azərbyacanlılar müstəqil dövlətə
sahib olduqlarına görə xoşbəxtdirlər.
Firəngiz xanım Xəlil Rzanın həyatı, yaradıcılığı, məruz qaldığı
mərhumiyyətlərdən danışıb. O, az adamın bildiyi faktları dilə
gətirib.
"80-ci illərdə Xəlil Rzaya millətçi damğası vurmaq istəyirdilər.
Hətta dissertasiyasının müdafiəsinə mane olanlar da vardı.
Ümummilli liderimiz Heydər Əliyev o zamanlar Moskvada çalışırdı.
Telefon söhbətində Xəlil ona bu barədə dedi. Cavabında Heydər
Əliyev ona demişdi ki, sən millətçi şair deyilsən, sən xalqın
şairisən. Heç kəs sənə mane ola bilməz. Xəlil bu söhbətdən sonra
"elə bildim, arxamda bir dağ var" - dedi"; "Xəlilə tutulacağını
demişdim"; "Xəlil Lefortovada yatanda, ona dəfələrlə gizlin
yollarla məktublar çatdırırdım, bunu bilsəydilər, ona çox ağır cəza
verərdilər, hətta məni də tutardılar"...
Bu faktlardan daha geniş və detalları ilə söz açan Firəngiz
xanım tədbir boyu şairin şeirlərini səsləndirib.
Tədbirdə BSU-nun "Yaradıcılıq fakültəsi"nin tələbələrinin söylədiyi
şeirlər də alqışlarla qarışıanıb.
"Fikir şənbəsi"ndə "Niyə indi Azərbaycanda vətənpərvərlik
ruhunda yazan şairlər azdır" sualı ətrafında müzakirə açılıb.
Çıxışçılar müxtəlif arqumentlər səsləndiriblər. Kimisi müstəqillik
qazanandan sonra istiqlal şairinə ehtiyac olmadığını deyib, kimisi
əksinə Azərbaycanın məhz indiki dönəmində vətənpərvərlik ruhunda
şeirlərin yazılmasının vacibliyini bildirib.
"Fikir şənbəsi"nin qonağı Firəngiz Ulutürk Bilik Fondunun
təşəbbüsünü bəyəndiyini deyib, belə görüşlərin gənclərin
düşüncəsinin formalaşmasında müstəsna rol oynadığını bildirib.
Xatırladaq ki, "Fikir şənbəsi" klubunun birinci tədbirində
tanınmış türk jüurnalisti Can Dündarın görkəmli şair Nazim Hikmətin
həyat və yaradıcılığına həsr etdiyi film nümayiş olunub.