Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlunun
qətlindən iki aya yaxın vaxt ötür. Bu müddət ərzində Füzuli
Haqverdi oğlu İsgəndərovun qatili istintaqa cəlb
olunmayıb.
Axar.az-ın əldə etdiyi məlumata görə, sentyabrın 1-də öldürülən
sabiq nazirin qohumunun işi ilə bağlı müəmma davam edir. Cinayəti
törədən şəxsin mərhumun yaxın çevrəsindən biri olduğu söylənsə də,
konkret bir fakt yoxdur.
Əldə etdiyimiz son xəbərdə bildirilir ki, qatil ölkədən qaçıb və
oğurladığı pulları da xaricə çıxara bilib. Məhz bu fakt da
istintaqı çətinliyə salır: nə qatil, nə də dəlil ələ keçir.
İlkin ehtimala görə, cinayətkar (yaxud cinayətkarlar) avqustun
29-da qızına toy edən sabiq məmurun toyuna külli miqdarda pul
yığıldığı düşüncəsində olublar.
Güman olunur ki, cani də onun evinə məhz qarət niyyəti ilə daxil
olub, maneə ilə üzləşdiyini gördükdə isə başqa seçimi olmayıb. Odur
ki, əlbəyaxa olub və 19 bıçaq zərbəsi ilə sabiq nazirin qohumu
öldürülüb. Polisin bu ehtimalı onu deməyə əsas verir ki, qatil
qurbanının yaxın ətrafındakı biri olub. Hər halda, sıradan bir
cinayətkar vaxtilə məmur olmuş şəxsin övladına toy etdiyini öyrənə,
toya külli miqdarda pul yığıldığını və pulların məhz evdə
saxlandığını bilə bilməzdi.
F.İsgəndərov Babək prospektində yerləşən evinin həyətində,
qarajının yanında qətlə yetirilib. Hadisə səhər saatlarında baş
verib. Qatil onun boğazını kəsərək öldürüb və maskada olub. Sonra
cinayətkar İsgəndərovun mənzilinə daxil olub.
Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Qatil ona hücum
edərək boğmağa çalışıb. Süpürləşmədə qatilin maskası üzündən çıxıb.
Qadın bütün qızılları və pulları verəcəyini deyib və onu
öldürməməsi üçün yalvarıb.
Nəticədə qadını sağ buraxan cani hadisə yerindən qaçıb. Bu da daha
bir faktdır ki, qatilin maskası düşübsə, qadın onun üzünü görüb və
tanıyıb.
Xatırladaq ki, F.İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət
Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşovun müavini vəzifəsində
çalışıb.