Bu ilin dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri
keçiriləcək. Seçkilərə təxminən iki ay qalmasına baxmayaraq, nə
müxalifət, nə də iqtidar cəbhəsində seçkilərə hazırlıq müşahidə
olunur. Hələlik hansı partiyaların (iqtidar paryiyası olan YAP-dan
başqa) seçkilərdə iştirak edəcəyi məlum olmadığı üçün buna aydınlıq
gətirməyə çalışdıq.
Axar.az-a
açıqlama verən Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müavini
Xəzər Teyyublu KXCP-nin Bələdiyyə seçkilərinə
hazırlaşdığını bildirdi. Sədr müavini qeyd etdi ki, partiyadan
namizədliyini irəli sürən çox sayda üzv var:
"Seçkilərə hazırlıq işlərimizi davam etdiririk. Azərbaycan boyu
bütün bölgələrdə partiyamızın yerli təşkilatları ilə görüşlər
keçirilib. Namizədlərimizin də rayon şöbələrində qəsəbə, kənd,
şəhər, rayon üzrə müəyyənləşməsi olub. Demək olar ki, bütün ölkə
üzrə hər bölgədən namizədliyini irəli sürənlər var. Özüm də
namizədliyimi Nərimanov seçki dairəsindən irəli sürmək
niyyətindəyəm".
Azərbaycan
Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl
Bayramlı isə hələlik partiyanın seçkilərdə iştirakı ilə
bağlı qərar qəbul edilmədiyini bildirdi:
"Partiyamızın bələdiyyə seçkilərində iştirakı ilə bağlı hələlik
partiyanın rəsmi qərarı yoxdur. Bu kimi məsələləri partiyanın
Rəyasət Heyətinin Ali Məclisində müzakirə edirik. Bir neçə dəfə bu
müzakirə edilib, lakin partiyanın bununla bağlı hələlik rəsmi
qərarı yoxdur".
Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini
Niyaməddin Orduxanlı partiyalarının bələdiyyə
seçkilərinə ciddi şəkildə hazırlaşdığını bildirdi:
"Bir neçə ay bundan qabaq partiya bununla bağlı hazırlıq
işlərini aparıb. Hal-hazırda BAXCP-nin Azərbaycan üzrə 56 rayon
təşkilatı mövcuddur. Bələdiyyə seçkiləri kütləvi iştirak deməkdir.
Biz çalışacağıq ki, maksimum dərəcədə partiyanın namizədi ilə
iştirak edək. Burada söhbət yüzlərlə insandan gedir. Namizədlərimiz
partiyanın nüfuzlu şəxsləri olacaq. Namizədlər arasında BAXCP
sədrinin müavini də daxil olmaqla rayon şöbə sədrləri, alı məclis
üzvləri və digər vəzifə tutan şəxslər olacaq. Nəzərinizə çatdırım
ki, 2009-cu ilə bələdiyyə seçkilərində BAXCP partiyalar arasında
3-cü yeri tutub. Bu səfər isə çalışacağıq ki, 2-ci yeri tutaq. Buna
bizim potensialımız da çatır. Seçkidə əsas rəqibmiz hakim YAP
olacaq. Şəxsən özümün namizədliyimi irəli sürməyə gəldikdə isə mən
indiyə qədər 3 dəfə bələdiyyə seçkilərində iştirak etmişəm və hər
üçündə də qalib gəlmişəm. Partiya rəhbərliyi bu səfər də mənim
seçkidə iştirak etməyimi məqsədə müvafiq bilir və bu səfər də
bələdiyyə seçkilərində iştirak edəcəyəm".
Azad
Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə
qeyd edir ki, partiyasının bələdiyyə seçkilərində iştirak etmək
haqqında qərarı var:
"Ancaq burada müəyyən problemlər var. Əsas problemlər də
bələdiyyələrin statusunun aşağı səviyyədə olması, seçkilərdə yol
verilən bəzi saxtakarlıqlardan ibarətdir. Bu səbəbdən vəziyyət o
qədər də ürəkaçan deyil. Əksər partiyalarda analoji vəziyyət hökm
sürür. Ancaq istənilən halda partiya rəhbərliyi seçkidə iştirakın
tərəfdarıdır. Bu istiqamətdə də partiya üzvləri arasında iş
aparılır ki, seçkidə aktiv iştirak etsinlər. Hələlik neçə partiya
üzvünün namizədliyini irəli sürəcəyimiz məlum deyil. Partiya
aktivlərinə tövsiyə edilib ki, layiqli namizədlər müəyyən edilməsi
üçün nümunə göstərsinlər".
Xatırladaq ki, Vətəndaş Həmrəyliyi Partiyası seçkidə partiya
olaraq iştirak edəcəyi və artıq səlahiyyətli nümayəndələri təyin
etdiyi ilə bağlı rəsmi açıqlama yayıb.