Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın
altıcildlik "Heydər Əliyev: Şəxsiyyət və zaman" adlı ktabının
ikinci hissəsində Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət
Quliyevin də xatirələri yer alıb. Vilayət Quliyev mərhum prezident
Heydər Əliyevin İrana səfəri zamanı bu ölkənin dini lideri Xameneyi
arasındakı məşhur dialoqdan bəhs edib.
Axar.az
"Avropa.info"ya
istinadla həmin dialoqu
təqdim edir.
"Ali dini rəhbər Heydər
Əliyevi mərasim zalının qapısında qarşılayıb ikiəlli görüşdü.
Aralarında Azərbaycan dilində söhbət başlandı. Həm İran nümayəndə
heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq
kəsilmişdik.
Ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xameneyidən
soruşdu.
- Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xameneyinin doğulduğu kənd
-V.Q.) nə var, nə yox?
- Sən Xamnəni də bilirsən? - deyə İranın ali dini rəhbəri
təəccübləndi.
- Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir. Həm də təkcə
sizin vətəniniz kimi yox. Azərbaycanın böyük şəxsiyyətlərindən biri
olan Mirzə Fətəli Axundov da əslən Xamnədəndir. Sizin
həmkəndlinizdir. Axundovun adını eşitmisiniz?
- Eşitmişəm, - deyə Xameneyi həvəssiz cavab verdi.
Xameneyini başa düşmək mümkün idi. Yəqin ki, bütün həyatı boyu
fanatizmə qarşı mübarizə aparan, fars rejimi haqqında bir-birindən
kəskin ittihamlar irəli sürməkdən çəkinməyən məşhur "Kəmalüddövlə
məktubları" traktatının müəllifi ilə həmyerli olmasından xüsusi
qürur duymurdu.
Sonra İran rəhbəri Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü,
Qarabağ münaqişəsinin həlli, Ermənistanla aparılan danışıqlar
haqqında bir neçə sual verdi. Prezident də öz növbəsində İranın həm
Ermənistan, həm də Azərbaycanla qonşu olan dövlət kimi bu məsələyə
münasibəti ilə maraqlandı. Təbii ki, ali dini rəhbər ümumi
sözlərdən uzağa getmədi.
...Nəhayət, söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xameneyi
artıq İranın rəsmi dövlət dili sayılan farscaya keçmişdi. Burada
təəccüblü bir şey yox idi. Təəccüblü olan onun nitqinin rus dilinə,
həm də çox naşı və bisavad şəkildə tərcümə edilməsi idi. Ortada bir
anlaşılmazlıq havası yaranmışdı. İki-üç cümlədən sonra Heydər
Əliyev tərcüməçiyə hökmlə "Podojdite!" - deyib söhbəti dayandırdı.
Üzünü İranın ali dini rəhbərinə tutaraq soruşdu:
- Ağayi Xameneyi, bir az əvvəl biz sizinlə öz ana dilimizdə
danışırdıq. Başa düşürəm ki, bura İran dövlətidir. Siz də onun
lideri kimi rəsmi söhbətlərinizi fars dilində aparmalısınız. Amma
niyə tərcümənin ruscaya edildiyini başa düşmürəm.
- Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili urus
dilidir?! - deyə Xameneyi sifətinə sadəlövh görkəm verərək
təəccübünü bildirdi.
- Ay kişi, - Heydər Əliyev onun özünü bilməzliyə vurmasından
açıq-aşkar əsəbiləşmişdi. - Heç şurəvi vaxtında da Azərbaycanın
dövlət dili rus dili olmayıb. O vaxt bizim Konstitusiyamızda
yazılmışdı ki, dövlət dilimiz ana dilimizdir. Biz hətta Moskvanın
təzyiqləri altında da onu qorumuşuq, inkişaf elətdirmişik. Bu dildə
nə qədər kitablar, qəzetlər çıxıb. Müstəqillik qazanandan sonra isə
hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə olunur! Başım
çıxmır, haradan sizin ağlınıza gəlib ki, Azərbaycan Respublikasının
dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl
bilirəm, amma dünyanın hər yerində rəsmi danışıqları yalnız
Azərbaycanın dövlət dilində aparıram.
Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi əl-ayağa
düşmüşdü. Deyəsən əvvəlcədən tərcüməçi gətirmədiklərindən, yaxud
Azərbaycan Prezidentinin reaksiyasını düşünmədiklərindən
vəziyyətdən necə çıxacaqlarını bilmirdilər.
- Yaxşı, bu dəfə bizim səfirimiz tərcümə eləyər. Amma Azərbaycan
elə uzaq ölkə deyil ki, onun haqqında ən adi şeyləri də
bilməyəsiniz, - deyə Heydər Əliyev yaranmış gərginliyi aradan
qaldırdı.
Çıxanda isə İran tərəfinin protokol baxımından naqolay
hərəkətinə bir daha işarə vuraraq Xameneiyə:
- Düşünürəm ki, bugünkü görüşümüzün ən böyük faydalarından biri
də Azərbaycanın dövlət dilinin rus dili olmadığını bilməyiniz oldu,
- dedi.
İranın ali dini rəhbəri hədəfə dəyən bu sözlərə:
- Əstəğfürullah! Əstəğfürullah! - deməklə cavab verdi".