Yuxarı

Kinoteatrlarda rusca filmlər: Kim cavabdehdir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kinoteatrlarda rusca filmlər: Kim cavabdehdir?

Əvvəli BURADA

Totalitar sovet rejimi dövründə nəinki xarici filmlər, hətta rus dilində çəkilmiş sovet filmləri Azərbaycan dilinə dublyaj olunub göstərilirdi. 35 ildir biz müstəqil dövlətdə yaşayırıq. Dövlətin əsas atributlarından biri də dövlət dilidir. Necə olur ki, sovetlər dönəmində filmlərin dublyajı ən yüksək səviyyədə təşkil olunmuşdu, müstəqil Azərbaycanda isə 35 il ərzində bu işi təşkil edə bilməmişik?..

Vaxtı ilə, sovetlər dövründə “Azərbaycafilm” Kinostudiyasında olduqca peşəkar dublyaj studiyası fəaliyyət göstərirdi. Orta və yaşlı nəslin nümayəndələri yəqin xatırlayırlar, o zaman filmlər Azərbaycan dilində yüksək səviyyədə dublyaj olunurdu. Hətta bəzən aktyorlarımızın səsi filmin orijinalında olan səslərdən daha yaxşı olurdu.

Qəribə mənzərədir, sovetlər dönəmində biz xarici filmləri doğma dilimizə çevirib kinoteatrlarda nümayiş etdirirdik. Müstəqilliyimizi qazanandan sonra isə bu sahədə dövlət dilimizə biganəliyin son həddini görürük. İllərlə qazandığımızı, təkmilləşdirdiyimizi necə rahatlıqla itirə bilirik? Dublyaj işində böyük təcrübəsi, peşəkar mütəxəssisləri olan kinemotoqrafiyamız bu sahədə aciz duruma düşüb. Ən maraqlısı isə odur ki, bu gün demək olar ki, ölkəmizdə kino xadimləri kreslo, kabinet mücadiləsi aparır. Kino məmurları isə bu dava-dalaşı yatırtmaqla məşğuldur...

Aydın məsələdir ki, müasir dublyaj üsulu əvvəlki illərdən fərqlənir. Texnoloji baxımdan fərqlilik olsa da, mahiyyət eynidir. Azərbaycan tamaşaçısını dünya kinosunun uğurlu, maraqlı nümunələri ilə tanış etmək vacibdir. Keçmişdə filmləri Moskva alıb İttifaq respublikalarına da paylayırdı. Yəni bütün işlər mərkəzləşdirilmiş qaydada aparılırdı. Hər respublikada olduğu kimi, bizdə də kinoprokat idarəsi var idi və bu idarənin xətti ilə kinostudiyada dublyaj olunmuş filmlər kinotetrlara, klublara, mədəniyyət evlərinə paylanırdı. İndi vəziyyət fərqlidir. Dövlət strukturları kinoprokatla məşğul olmur.

Xarici filmlərin Azərbaycanda nümayişi ilə məşğul olan şirkətlərin dublyaj işi ilə əlaqədar mövqeləri isə çox maraqlıdır. Bu məsələ ilə bağlı mətbuatda gedən xeyli yazı ilə tanış oldum. Bu yazılarda kinoteatr şəbəkələri bildirirlər ki, əgər Mədəniyyət Nazirliyi onlara pul ayırarsa, onda onlar xarici filmləri dublyaj edə bilərlər. Maraqlı yanaşmadır. Kimsə özünə biznes qurub pul qazanır, dövlət qarşısında da şərt qoyur ki, dil haqqında qanuna əməl etmək üçün mənə əlavə pul verin...

Əslində isə bu işlə məşğul olanların qanuni və mənəvi borcudur ki, Azərbaycan Respublikasının ərazisində fəaliyyətlərini qeydsiz və şərtsiz qanunların tələblərinə uyğun qursunlar. Necə ki, bütün televiziya kanallarında əcnəbi dildə yayım qadağandır, eləcə də kinoteatrlarda və digər ictimai nümayişləri həyata keçirən yerlərdə başqa dillərdə yayımçılıqla məşğul olmağa yol verilməməlidir.

Aydın məsələdir ki, dublyaj işini qurmaq vəsait tələb edir və bu vəsaiti xərcləmək istəməyən yayımçılar müxtəlif bəhanələrlə, qanunları təhrif etməklə bu işdən yayınırlar. Müasir dünyada qlobal kino istehsalçıları lisenziya verdikləri qurumlar qarşısında dublyajla bağlı xüsusi şərtlər qoyurlar. Yəni lisenziya alan şirkət mütləq lisenziya sahibinin tələblərinə uyğun texniki avadanlıqlardan və xüsusi səs proqramlarından istifadə etməlidir. Bu proqramlar da elə qurulub ki, onları aldıqda qlobal sistemdə qeydiyyatdan keçməlisən. Əks halda həmin proqramlardan istifadə mümkünsüzdür.

Kino bazarının kiçik olduğuna və yatırılan vəsaiti qısa zamanda qaytara bilməyəcəyinə əmin olan yayımçılar da müxtəlif bəhanələrlə dövlət dilinin istifadəsi haqqında tələblərdən yayınmağa çalışırlar.

Ölkəmizdə peşəkar dublyaj işinin təşkil vacibdir. Bunun üçün əlaqədar qurumlar lazım olan şəraiti yaradarlarsa, bu işin təşkili elə də çətin olmayacaq. Çünki kinoteatrlardan başqa televiziya kanalları da aldıqları filmləri bu studiyada dublyaj etdirə bilərlər. Doğrudur, hal-hazırda televiziyalardan yalnız AzTV və İTV kanalları xarici filmləri rəsmi olaraq alır. Digər özəl kanalların son zamanlar buna imkanı çatmır və həmin kanallarda xarici filmlər lisenziyasız yayımlanır. Buna baxmayaraq, hər bir kanal kustar üsulla da olsa, bəzi filmləri dublyaj edib göstərir. Televiziya kanallarında dublyaj studiyasını saxlamaq üçün də vəsait lazımdır. Əgər ölkədə peşəkar dublyaj işi qurularsa, televiziya kanallarının sifarişi hesabına bu işi gəlirli sahəyə çevirmək olar.

Mədəniyyət Nazirliyi vaxtı ilə rus dilində çəkilmiş və bu gün artıq unudulmuş xeyli sayda filmimizi dublyaj etdirmək üçün həmin yaradılacaq studiyaya dövlət sifarişi verə bilər. Dövlətdən dublyaj işini təşkil etmək üçün pul istəyən özəl şirkətləri həvəsləndirmək məqsədi ilə Mədəniyyət Nazirliyi rus dilində olan filmlərimizin siyahısını tərtib edərək, onların qarşısına qoya bilər ki, bu işi quracağınız halda dövlətdən sifariş alacaqsınız. Digər tərəfdən isə ən böyük kanallarımız olan və dövlət büdcəsindən maliyyələşən AzTV və İTV kanallarının da bu studiyaya sifariş vermələri vacibdir və tənzimlənməlidir. O zaman həqiqətən də Azərbaycanda peşəkar dublyaj işini qısa zamanda ən yükdək səviyyədə qurmaq olar.

Bunun üçün istək və dilimizə hörmət lazımdır...

Tarix
2026.07.21 / 07:00
Müəllif
Kamil Şahverdi
Digər xəbərlər

Hollivud filmləri Bakıda rusca göstərilir - Rusiya oyunu

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

Eks-nazirin "Xoxan"ı və qızının “Məhsəti” ilə üzə çıxan rəngi

Ermənilərin "Arşın mal alan"ı təhrifi - Maqomayev nələr yazıb

Bakıda ucsuz-bucaqsız yer boş qalıb: vahimə saçır…

TV-ləri səviyyəsizlikdən necə xilas edək? – Təklif

TV-lər niyə nifrət obyektidir: səbəb rəhbərləridir?

Oskarın təqdimatı və... Bizə kino lazımdırmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla