"Azərbaycanın gözəl gələcəyi
var. Gənclərimiz bu gün sərhədlərimizi müdafiə edir, işğalçılardan
torpaqlarımızı qoruyur. Ermənistanın işğalçılıq siyasətindən gənc
azərbaycanlılar da ziyan çəkib".
APA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən Gənclər
siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı Azərbaycan prezidenti
İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan
torpağıdır və Azərbaycan xalqı əsrlərlə bu torpaqda yaşayıb:
"Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1
milyon insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub.
Xocalıda soyqırım törədilib, 600 nəfər uşaq, qadın və yaşlı insan
qətlə yetirilib".
BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan
azad olunması barədə 4 qətnamə qəbul etdiyini xatırladan prezident
qeyd edib ki, bəzən Təhlükəsizlik Şurasının qətnamələri 1 gün
ərzində yerinə yetirilir, bəzən isə kağız üzərində qalır. O,
münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin
zəruri olduğunu söyləyib.
Dövlət başçısı deyib ki, gənclər siyasəti, incəsənət və
mədəniyyət bir-biri ilə əlaqəlidir. O bildirib ki, Azərbaycanda
gənclər siyasəti ilə bağlı iki dövlət proqramı həyata keçirilib,
Gənclər Fondu yaradılıb: "Gənclər Fondu təhsil, sağlamlıq və digər
sahələrlə gənclər təşkilatlarının, gənclərin təşəbbüsünü
dəstəkləyir".
Prezident İlham Əliyev bildirib ki, neft, qaz yox, təhsil, insan
kapitalı cəmiyyətin, dövlətin inkişafında əsas rol oynayır:
"Azərbaycan hökuməti uzun illərdir, gənclərimizin xaricdə nüfuzlu
ali məktəblərdə təhsil alması istiqamətində proqram həyata keçirir.
Azərbaycan universitetlərinin dünyanın nüfuzlu universitetləri ilə
əlaqə yaratmasına çalışırıq".
Dövlət başçısı Azərbaycanda idmanın inkişafına da xüsusi diqqət
ayrıldığını vurğulayıb.
Olimpiya idman növlərində qazanılan uğurlardan söz açan
prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda yeni idman
obyektləri tikilir, gənclər arasında idmanın inkişafı
stimullaşdırılır: "Sağlam həyat tərzi uğurun əsasında durur,
alkoqolizm və digər zərərli vərdişlərlə mübarizədə mühüm rol
oynayır. Gələn il Azərbaycanda ilk Avropa Olimpiya Oyunları
keçiriləcək, bu, tarixi hadisədir. Gələn il Avropa Olimpiya
Oyunları ilə bağlı Azərbaycana 6 min idmançı gələcək. Növbəti ilə
şahmat üzrə çempionat keçiriləcək. 2017-ci ildə Azərbaycanda İslam
Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan Avropa Şurası Nazirlər
Komitəsinə sədrlik edir. Azərbaycan xalqların, sivilizasiyaların
dialoquna xüsusi diqqət yetirir. Azərbaycanda çoxsaylı xalqlar
tolerant şəraitdə yaşayır. Azərbaycanda sivilizasiyalararası
dialoqlar keçirilib. Azərbaycan bu sahədə uğurlar əldə edib".
Dövlət başçısı Azərbaycanın kosmosa peyk buraxdığını, "Asan"
xidmət mərkəzlərini istifadəyə verildiyini də nəzərə çatdırıb,
bunların Azərbaycanın əldə etdiyi böyük uğurlar olduğunu qeyd
edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü olduğu müddətdə beynəlxalq hüququ
müdafiə edib: "Bu gün Yaxın Şərqdə, Şərqi Avropada və dünyanın
digər hissələrində faciəli hadisələr, dəyişikliklər görürük. Ona
görə də dünya ictimaiyyəti terrorizmə, separatizmə qarşı birgə
mübarizə aparmalı, ədalətli mövqe ortaya qoyulmalıdır".
Dünyanın Azərbaycanı regionda sabitlik faktoru kimi qəbul
etdiyini söyləyən dövlət başçısının sözlərinə görə, Azərbaycanın
təşəbbüsü və iştirakı ilə bölgədə bir çox layihələr həyata
keçirilir: "Sabitlik olmadan inkişaf mümkün deyil. Biz təcrid
olunmuş adada yaşamırıq, qonşularımız var. Regional təhlükəsizliyə,
əməkdaşlığa bu baxımdan yanaşırıq. Birgə əməkdaşlıq nəticəsində biz
maksimum uğurlar qazanmısıq. Enerji resursları ilə bağlı layihələr
üzrə tərəfdaşlıqdan hər kəs qazanıb. Azərbaycan müstəqillik qazanan
dövrdə iqtisadiyyat çökmüşdü, torpaqlarımız işğal olunurdu. Ötən
dövr ərzində iqtisadi islahatlar həyata keçirilib, iqtisadi
inkişafa, sabitliyə nail olunub. İqtisadi uğurlar ölkəmizin
iqtisadi və siyasi müstəqilliyini təmin etməyə imkan verib. Bir çox
ölkələr iqtisadi baxımdan asılı olduqları üçün siyasi baxımdan da
asılıdırlar".
Dövlət başçısı populist vədlər verən siyasətçilərin xalqları
üçün problem yaratdığını vurğulayıb: "Siz gənclər gələcəyin
siyasətçilərisiniz. Seçkilərdə siyasətçilər müxtəlif vədlər verir,
maaşları, pensiyaları artıracaqlarını bildirirlər. Seçiləndə isə bu
vədləri yerinə yetirməlidirlər. Vədləri yerinə yetirmək üçün
beynəlxalq maliyyə təşkilatlarından maliyyə alırlar. Bu borc isə
ölkələri ağır duruma salır, nəticədə iş yerlərinin, pensiyaların,
maaşların azaldılmasına gətirib çıxarır. Ona görə də siyasətçilər
reallıqdan çıxış etməlidirlər. Bu halda investorları ölkəyə cəlb
etmək olar".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda islahatların
həyata keçirilməsi davam etdirilir: "Azərbaycan iqtisadiyyatının
dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatları sırasındadır.
Ölkədə işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunub.
Azərbaycan iqtisadiyyatı dayanıqlıdır. Gənclər Forumunun
iştirakçıları Azərbaycan barədə daha çox məlumat əldə etmək imkanı
qazanacaqlar. Azərbaycan gənc, dinamik inkişaf edən ölkədir.
Gənclər isə cəmiyyətin dinamik, hərəkətverici qismidir".