Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Milli
Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun
rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa
Senatının sədri Jerar Larşe ilə görüşüb.
AzərTac xəbər verir ki, Jerar Larşe Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanı Fransa parlamentinin yuxarı palatasında qəbul
etməkdən məmnunluğunu bildirdi. Senatın sədri ölkələrimiz arasında
müxtəlif sahələrdə münasibətlərin çox yüksək səviyyədə olduğunu,
xüsusilə də əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin
mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.
Bu yaxınlarda Fransa Senatında seçkilər keçirildiyini qeyd edən
sədr Fransa-Qafqaz dostluq qrupunun tərkibinin də yenidən
formalaşdırılacağını, quruma yeni sədr seçiləcəyini söylədi.
Jerar Larşe Mehriban Əliyevanın həm Azərbaycan parlamentində
Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev
Fondunun prezidenti kimi Fransa ilə münasibətlərin inkişaf
etdirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirdi.
Senatın sədri Azərbaycan iqtisadiyyatının sürətli inkişafını
müşahidə etdiklərini dedi. Jerar Larşe Fransanın Minsk qrupunun
həmsədr ölkələrindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu
vurğuladı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin Fransa
ilə siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrinin
sürətlə inkişaf etdiyini bildirdi və qeyd etdi ki, dövlət başçıları
arasında yüksək səviyyəli dialoq mövcuddur. Ölkələrimizin iqtisadi
sahədə münasibətləri yüksək templərlə inkişaf edir. Hazırda 50-dən
artıq fransız şirkəti Azərbaycanda fəaliyyət göstərir. Humanitar
sahədə çoxlu layihələr reallaşdırılıb və bundan sonra da həyata
keçiriləcək.
Parlamentlərarası münasibətlərin də xüsusi əhəmiyyət kəsb
etdiyini söyləyən Mehriban Əliyeva Milli Məclisdə Fransa ilə
dostluq qrupunun rəhbəri kimi ölkələrimizin əlaqələrinin daha da
inkişafına töhfələr verməyə hazır olduğunu söylədi. Mehriban
Əliyeva bildirdi ki, Azərbaycan regionda sülhün və sabitliyin
bərqərar olmasının tərəfdarıdır. Bu baxımdan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli müstəsna əhəmiyyətə malikdir.
Ancaq 23 ildən artıqdır ki, davam edən sülh danışıqları
Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə heç bir müsbət nəticə
verməyib. Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə cari
ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı
ilə keçirilmiş Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal
olunmuş torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirib. Bu da
Ermənistanın təxribat xarakterli addımı idi. Bu cür addımlar sözsüz
ki, münaqişənin sülh yolu ilə həllinə əngəl törədir. Azərbaycanın
birinci xanımı ölkəmizin bu münaqişənin beynəlxalq hüquq normaları
əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha diqqətə
çatdırdı. Ümidvar olduğunu bildirdi ki, münaqişə tezliklə öz
ədalətli həllini tapacaq, işğal olunmuş ərazilərimiz azad ediləcək,
qaçqın və məcburi köçkünlərimiz doğma yurd-yuvalarına
qayıdacaqlar.
Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında mədəniyyət,
mədəni irsin qorunması və humanitar sahələrdə mövcud əlaqələrdən də
söz açdı və Heydər Əliyev Fondu tərəfindən bu silsilədən olan bir
sıra layihələrin həyata keçirildiyini qeyd etdi. Bu siyasətin
bundan sonra da davam etdiriləcəyini söylədi. Gələn il tarixdə ilk
dəfə olaraq Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyini
və bunun üçün yüksək hazırlıq işlərinin görüldüyünü, dünyanın bir
sıra ölkələrində, o cümlədən Fransada bu oyunların təqdimatının
keçirildiyini diqqətə çatdırdı.
Birinci xanım Mehriban Əliyeva Jerar Larşeni Azərbaycana, o
cümlədən Avropa Oyunlarının açılış mərasiminə dəvət etdi.
Sonda mədəniyyət sahəsindəki layihələrin davam etdirilməsi, o
cümlədən Fransa Senatında Azərbaycanla birgə tədbirlərin
keçirilməsi təklif edildi. Bu təkliflər də bəyənildi.