Prezident Administrasiyası,
Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə
"Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın
rolu" mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov
deyib ki, bu ilin avqustunda cəbhə xəttində baş verənlərdən sonra
bir sıra KİV-lər cəmiyyətə düzgün informasiya çatdırmaq
istiqamətində vəzifələrini layiqincə yerinə yetirə bilməyiblər. O
bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması üçün Mətbuat
Şurası qarşısında vəzifə qoyulub.
Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor
müdiri Vüqar Əliyev çıxışında qeyd edib ki, Azərbaycan erməni
lobbisinin və daxildəki "beşinci kolon"un təsirinə məruz qalır:
"Avqustun əvvəllərində qoşunların təmas xəttində törədilən
təxribatlar, ötən ay işğal olunmuş ərazilərdə Ermənistanın hərbi
təlimlər keçirməsi və vertolyotun vurulması hadisəsi göstərdi ki,
erməni informasiya resursları cəbhə bölgəsində informasiya
diversiyası həyata keçirirlər. Nəzərə almaq lazımdır ki,
ermənilərin növbəti təxribatları istisna olunmur. Ermənilər həm də
qondarma soyqırımın yüz illiyi ilə bağlı Türkiyədə tədbirlər
keçirməyə başlayıblar və bundan Azərbaycana qarşı da istifadə
etməyə çalışacaqlar".
V.Əliyevin sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev keçirdiyi müşavirədə mövcud vəziyyəti təhlil edib,
çıxış yollarını göstərib: "Qeyd edildi ki, bəzi KİV-lər milli
maraqlara məhəl qoymadan, bəzən ermənilərin maraqlarına uyğun
fəaliyyət göstərirlər, müvafiq qurumların mətbuat xidmətlərinin
fəaliyyətində çatışmazlıqlar var. Prezidentin imzaladığı sərəncamda
müdafiə və təhlükəsizlik sahəsində qanunların, dövlət sirri təşkil
edən məlumatların KİV-də, sosial şəbəkələrdə yayılmasının qarşısını
alan tədbirlər müəyyənləşdirilib. Artıq müvafiq qurumlar tədbirlər
həyata keçirirlər. Prezident Administrasiyasının İctimai-siyasi
şöbəsi də müvafiq tədbirlər planı hazırlayıb, həyata keçirməkdədir.
Avqustun əvvəlində baş vermiş hadisə ilə müqayisədə vertolyot
vurulan dövrdə mətbuat məsələlərə kifayət qədər peşəkar yanaşdı.
Bildirildi ki, vertolyotun vurulması təxribata layiqli cavab olub.
Ancaq bunlar problemlərin aradan qalxması anlamına gəlmir. Çox
təəssüf ki, bəzi İnternet resursları məsələlərə peşəkar yanaşmır,
informasiyanı dəqiqləşdirmir. Məsələn, bu günlərdə ermənilər guya
Murov dağında donmuş cəsədlərlə bağlı və digər təxribat xarakterli
məlumatlar yaydılar. Ardınca bizim bəzi elektron KİV-lər bunu
tirajladı. Yaxud, saytlardan biri bu yaxınlarda vertolyotun
vurulması ilə bağlı sorğu keçirib, guya rəyi soruşulanların 49
faizi bunu müsbət qarşılamayıb. Bəzi qruplar Qərbin qrantlarının
təsiri altında hərəkət edir. Ermənistanın sözçüsü kimi çıxış edən
bəzi xarici təşkilatlara münasibətdə hücum taktikası həyata
keçirilməlidir".
V.Əliyev Azərbaycanda KİV-in kifayət qədər inkişaf etdiyini
söyləyib: "Bu gün Azərbaycan mediası nüfuzuna görə Ermənistan və
Gürcüstan mediasını geridə qoyur. Hesab edirəm ki, jurnalistlər
arasında ixtisaslaşma aparılması və onların müvafiq qurumlarda
akkreditasiyası vacibdir. Xüsusən söhbət hərbi sahədə yazan
jurnalistlərdən gedir. Erməni mənbələrinin yaydığı
dezinformasiyalar fakt kimi qəbul edilməməli, Müdafiə Nazirliyi və
digər strukturlarla dəqiqləşdirilməlidir".
Ə.Amaşov nəzərə çatdırıb ki, Mətbuat Şurasının üzvləri
redaksiyalarda olacaq və jurnalistlərlə izahat işləri
aparacaqlar.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə
bildirib ki, Müdafiə nazirinin müvafiq qərarı ilə "Silahlı
Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin
təşkili haqqında Təlimat" hazırlanaraq qoşunlara göndərilib.
Sənəddə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin
təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas
istiqamətləri, prinsipləri, jurnalistin hərbi obyektə buraxılması
qaydaları və digər məsələlər öz əksini tapıb: "Ölkə başçısının 24
sentyabr tarixli sərəncamının yerinə yetirilməsi məqsədilə
"Jurnalistlərin cəbhəboyu zonada akkreditasiya və cəbhəboyu zonaya
xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması
Qaydası"nın layihəsi hazırlanıb. Layihə artıq hüquqi ekspertizadan
keçirilib və Nazirlər Kabinetinə təqdim olunub. Sənəddə ümumi
müddəalar, akkreditə üçün müraciətin edilməsi və baxılması,
akkreditə olunma (kimlərə və neçə şamil edilir), akkreditə
olunmadan imtina və akkreditənin ləğvi, jurnalistlərin cəbhəboyu
zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə
razılaşdırılması bəndləri var. Bundan əlavə, müdafiə nazirinin
əmrinə əsasən "Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar"
toplusu buklet formasında hazırlanaraq Silahlı Qüvvələrin şəxsi
heyətinə və əmrdə göstərildiyi kimi Mətbuat Şurasına təqdim olunub.
Hazırda "İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə
məlumatlar adlı toplular da hazırlanaraq şəxsi heyətə çatdırılıb və
yaxın günlərdə KİV nümayəndələrinin tanış olması üçün nazirliyin
rəsmi internet səhifəsində yerləşdiriləcək".