İordaniyanın əfsanəvi kralı Xüseynin qızı, Dunay hakimi
şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun həyat yoldaşı, Beynəlxalq
Atçılıq Federasiyasının prezidenti Haya bint əl-Hüseyni Bakıya
gəlir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəvəti ilə
Beynəlxalq Atçılıq Federasiyası öz ali orqanı olan Baş
Assambleyanın illik iclasının dekabrın 11-dən 14-dək Bakıda
keçirilməsi barədə qərar qəbul edib.
Mövcud təcrübəyə əsasən növbəti il üçün Baş Assambleyanın
keçiriləcəyi şəhər və tarixlər Beynəlxalq Atçılıq Federasiyasının
idarə heyətinin üzvləri tərəfindən müəyyən olunur. Ötən ilin
noyabrında İsveçrənin Montrö şəhərində keçirilmiş Baş Assambleya
ərəfəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının
təqdimatı bəyənilib və şəhərimiz bu cür möhtəşəm tədbirə ev
sahibliyi etmək hüququnu qazanıb.
Tədbirdə iştirak etmək üçün Beynəlxalq Atçılıq Federasiyasının
prezidenti Ülyahəzrətləri Haya bint əl-Hüseyn və bu sahədə digər
tanınmış nümayəndələrin ölkəmizə səfəri nəzərdə tutulub.
Trend xatırladır ki, Baş Assambleyada federasiyanın yeni
prezidentinin seçiləcəyi ilə əlaqədar tədbir beynəlxalq atçılıq
ictimaiyyətinin ciddi diqqət mərkəzində olacaq.
Hazırda bu vəzifəyə belçikalı İnqmar De Vos, fransalı Pier
Durand, isveçrəli Pier Genesand, danimarkalı Ulf Helqstrand,
ingiltərəli Con Mak İven və ispaniyalı Xavier Revuelta Del Peralın
namizədlikləri irəli sürülüb. Namizədlərdən C.M.İven Beynəlxalq
Federasiyanın vitse-prezidenti, İ.D.Vos isə hazırkı baş
katibidir.
İclasda iştirak üçün 350-dən çox nümayəndə qeydiyyatdan keçib.
Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində rekord
göstəricidir.
Dekabrın 11-də ARAF tərəfindən qonaqların şərəfinə şam yeməyi
təşkil olunacaq. Dekabrın 13-də Beynəlxalq Federasiyanın
prezidenti tərəfindən xüsusi kokteyl veriləcək. Tədbirin
qala-gecəsi dekabrın 14-də "Buta Palace"də Beynəlxalq Atçılıq
Federasiyası və ARAF tərəfindən birgə təşkil olunacaq. Qala-gecədə
ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc
idmançısı və s. kimi nominasiyalar üzrə təltifetmə mərasimi
keçiriləcək.
Qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə
dekabrın 11, 12, 13-də şəhər turları təşkil olunacaq. Gəzintilər
Xalçaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev
Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edəcək.