Yuxarı

Kançelskisin Mxitaryana, Bakının dünyaya cavabı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübaliğəsiz-filansız, Azərbaycan daha bir beynəlxalq turnirin final mərhələsinə layiqincə ev sahibliyi etdi.

Bu artıq bir ənənəyə çevrilib. Avropa Oyunları, İslam Oyunları, Formula-1 yarışları bəlkə də bir hazırlıq idi. Futbol üzrə Çempionlar Liqasından sonra dünyanın ikinci klub turniri sayılan Avropa Liqasının finalına ev sahibliyini layiqincə yerinə yetirmək... Azərbaycan, Bakı bu böyük imtahandan üzü ağ, alnı açıq çıxdı.

Biz buralara necə gəldik, hansı bədəlləri ödədik? 2009-cu ilin 24 iyulunda həbsdə olduğum 1 saylı cəzaçəkmə müəssəsində “Qarabağ” – “Rusenborq” matçını izləyirdik. Cəzaçəkmə müəssəsində yerləşən təqribən 500 nəfərlik böyük zalda boş yer yox idi. Yüzlərlə məhkum oyunu ayaq üstə izləyirdi. İlk oyunda “Qarabağ” səfərdən qolsuz bərabərliklə dönsə də, açığı, o dövr üçün yenicə dirçəlməyə başlamış “Qarabağ”ın Norveçin ən titullu komandasını keçəcəyinə inanmırdıq. Rəşad Sadıqov 45-ci dəqiqədə cərimə zərbəsi ilə mükəmməl qola imza atanda ... sevincdən “Qolll" qışqırıb az qala dəliyə dönən insanlar hələ də gözlərimin qarşısından çəkilmir. Bu insanlar yaşadıqları həyat səbəbindən sevinc hissi ilə o qədər də tanış deyildilər, lakin o gün hər şey bir anlıq unudulmuşdu. Biz “Qarabağ”ın “Rusenborq”a deyil, “Barselona”ya, “Real Madrid”ə , “Çelsi”yə, “Arsenal”a qalib gəldiyini sanırdıq.

O vaxtlar hələ “Çelsi”, “Arsenal” kimi top klubların Bakıya gələcəyi kimsənin ağlına belə gəlmirdi. Bu gün dünyanın məşhur klubları nəinki ən məşhur komandamız olan “Qarabağ”a rəqib olur, hətta ən məşhur klub turnirlərindən birinin final oyunu Bakıda keçirilir.

Azərbaycan Avropa Liqasının final mərhələsinin təşkilində ortaya ciddi, nizam-intizamlı bir iş qoydu. Yarış ciddi təhlükəsizlik şəraitində keçirilməklə yanaşı, azarkeşlərə normal xidmət təqdim olundu.

İngilis azarkeşlərinin dünyanın ən cılğın, xuliqan azarkeşləri olduğu məlumdur. Onların törətdiyi davalar bir çox hallarda iğtişaşlara çevrilir ki, bu hətta ölümlə də sonuclanır. Dünya futbol tarixində buna aid onlarla misal var. Lakin Avropa Liqasının Bakı finalında bu sahədə ciddi qalmaqal yaşanmadı. Baxmayaraq ki, “Arsenal” və “Çelsi” hər ikisi London klubudur və iki klubun azarkeşləri arasında gərgin münasibətlər mövcuddur. Təbii ki, hər hansısa ciddi insidentin baş verməməsində Azərbaycan hüquq-mühafizə orqanlarının böyük rolu var. Hüquq mühafizə orqanları bu mərhələdə əsl peşəkarlıq göstərdi.

Hərçənd ki, final mərhələsindən öncə Azərbaycana qarşı qara piar kampaniyası içində olanlar da vardı. Bu iyrənc kampaniyaya “Arsenal”ın erməni əsilli futbolçusu Henri Mxitaryan da qoşulmuşdu. Azərbaycan tərəfi futbolçunun təhlükəsizliyinə hər cür təminat verdiyini dəfələrlə bəyan etsə də, erməni futbolçu əsl işini, yəni futbolçu olduğunu unudub, siyasi bəyanatlar verməyə başladı. UEFA onun Bakı finalında iştirakına nə qədər təkid etsə də, Henri Mxitaryan futbolçu olduğunu yaddan çıxarıb əsl erməni xislətinə uyğun bir şəkildə qaralama kampaniyasında yer aldı. Bu zamana kimi nə qədər erməni siyasətçi, idmançı Bakıya gəlib. Hansının başından bir tük əskik olub? Təbii ki, Bakıya gələn erməni siyasətçilərin də, idmançıların da təhlükəsizliyi yüksək şəkildə təmin olunub.

Mxitaryanın isə məqsədi başqa idi. Görünən budur ki, erməni əsilli futbolçu Azərbacana qarşı idarə olunan qara piar kampaniyasının içində yer almağı özünə münasib bilmişdi. Bütün futbol dünyası da Mxitaryanın hərəkətlərinin əsl səbəbini anladı, başa düşdü. Məsələn, “Mançester Yunayted”, “Everton” və “Fiorentina” kimi klublarda futbol oynamış məşhur rus futbolçu Andrey Kançelskis erməni futbolçunun addımını klounluğa bənzətmişdi:

“Mən başa düşmürəm, sən kimdən, hansı siyasi əlaqələrdən qorxursan? Sən futbol oynayırsan. Bu cəfəngiyyatdır, sadəcə, gülməlidir. Klounluğa bənzəyir. Gedib oynamaq və heç kimdən qorxmamaq lazım idi. Azərbaycanla Ermənistan arasındakı münasibətlər necə olursa-olsun, getmək və oynamaq lazımdır. Orada sənə heç kimin barmağı da toxunmayacaq. Fitə basa, qışqıra bilərlər. Maradona da İngiltərəyə əllə qol vurduğu üçün fitə basılmışdı. Maradona ki yaşayır. Əgər Mxitaryan çox qorxubsa, özünə uşaq bezi alsın. Əgər insan bir şeyi istəyirsə, öz gücü ilə edəcək. Yox, qorxursansa, qorxaq olduğunu etiraf et. Mən klubun rəhbəri olsaydım, peşəkar öhdəliyini yerinə yetirmədiyi üçün Mxitaryanı cərimələyərdim. Əgər Avropa Liqasını qazana bilməsələr, məhz Mxitaryan günahlandırılacaq. Çünki getmədi və komandaya kömək etmədi”.

Oyundan bir gün öncə şəhərin mərkəzində Mxitaryanın adı yazılmış köynəklər geyinmiş ingils azarkeşlər peyda oldu. Açıqcası, bu şəxslərin sırf “Arsenal” azarkeşlərimi, yoxsa bir təxribatçı olduqlarını bilmirəm. Bəlkə də yerli insanları təxribata çəkmək üçün hazırlanmış bir plan idi. Lakin hüquq mühafizə orqanları bu məsələdə də özlərini təmkinli apardılar. Xalqımız da eynən. Həmin şəxslərə kimsə bir söz demədi, yəni hadisə bir təxribat idisə də, bizi təxribata çəkə bilmədilər.

Stadionda isə hər şey qaydasında idi. Azərbaycan hökuməti və UEFA-nın birgə səyləri nəticəsində heç bir bəhanəyə yer qoymayan möhtəşəm final oyununu izləyə bildik. Azərbaycan bir daha göstərdi ki, 2020-ci ildə Avropa Çempionatının 4 oyununa və digər mühüm turnirlərə də ev sahibliyi etməyə hazırdır.

Tarix
2019.05.30 / 23:52
Müəllif
Ruslan Bəşirli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla