Qazaxıstanın parlamenti Ermənistanın Avrasiya İttifaqına
üzvlüyü haqqında müqaviləni təsdiq etdi.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Qazaxıstanın Milli
İqtisadiyyat naziri Erbolat Dosayev çıxış edib.
O, Ermənistanla əməkdaşlığa üstünlük verdiklərini deyib:
"Ermənistanın Avrasiya İttifaqına üzvlüyü mühüm əhəmiyyət kəsb
edir. Biz Ermənistanla əməkdaşlıq edirik və əməkdaşlığımız bizim
ölkələrimiz arasında olan iqtisadi inkşafa kömək edir".
Qeyd edək ki, Ermənistan Avrasiya İttifaqına üzvlük haqqında
müqaviləni oktyabrda imzalayıb. Bundan öncə isə Qazaxıstan
Prezidenti Nursultan Nazarbayev çıxışı zamanı Ermənistanın
separatçı Qarabağ rejimi ilə öz arasında gömrük məntəqələri
quraşdırmayana qədər Astananın İrəvanı bu təşkilata buraxmayacağını
demişdi. Amma sonrakı mərhələlərdə nə Ermənistan, nə də Qazaxıstan
bu məsələ haqqında dəqiq heç nə söyləmədi və ona görə də sözügedən
gömrük məntəqələrinin qurulub-qurulmadığı bəlli deyil.