Rəsmi Bakı Türkiyənin Ermənistanla sərhədlərinin
açılması məsələsinə mövqeyini açıqlayıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov
çərşənbə günü jurnalistlərə bildirib ki, o vaxt Türkiyə
Ermənistanla sərhədləri iki məsələyə görə bağlamışdı. Birincisi,
Ermənistanın Türkiyəyə olan ərazi iddiası, ikincisi isə
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi olub:
"Ancaq bu gün bu məsələyə nəzər salsaq, görərik ki, heç nə
dəyişməyib. Yəni nə Ermənistanın Türkiyəyə olan düşmənçilik
münasibəti dəyişib, nə Ermənistan Türkiyədən açıq elan etdiyi ərazi
iddialarından, nə də soyqırımın dünya mqiyasında tanınması
iddiasından əl çəkib. Həm də gördüyünüz kimi Azərbaycana qarşı
işğal faktı davam etməkdədir və bu sahədə aparılan danışıqlar heç
bir nəticə vermir".
Nazir müavininin sözlərinə görə, bu problemlər ona görə həll
olunmayıb ki, Ermənistanın bu məsələdə mövqeyi qeyri-konstuktivdir.
Ermənistan bu məsələnin həll olunmasına hazır deyil. Bütün bu sülh
proseslərin irəli getməməsinin səbəbi Ermənistan tərəfinin
iradəsinin və xüsusilə siyasi iradəsinin olmamasıdır.
X.Xələfov Türkiyənin Ermənistandan Azərbaycanın işğal altında
olan 2 rayonunun qaytarılması barədə KİV-lərdə gedən məlumatlara da
mövqeyini açıqlayıb: "Bu, əlbəttə, danışıqların predmetidir. Onu
müzakirə etməyə ehtiyac yoxdur. danışıqlarda da Azərbaycan
tərəfinin mövqeyi aydlındır, bəli, bu məsələnin həll olunması üçün
ilk növbədə işğal olunmuş ərazilərin problemi həll olunmalıdır. Bu
problem həll olunmadan məsələnin sülh yolu ilə həllinə nail olmaq
mümkün deyil".
Nazir müavini deyib ki, Minsk Qurpu da, digər beynəlxalq
qurumlar da problemin həllinə dəstək verməlidirlər: "Xüsusilə
həmsədrlər zəhmət çəkməlidirlər, üzərlərinə götürdükləri
məsuliyyəti və missiyanı axıra qədər yerinə yetirməlidirlər. Bu da
ondan ibarətdir ki, Ermənistanı sülhə vadar etməlidirlər.
Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, Azərbaycan
torpaqlarından geri çəkilməyə vadar etməlidirlər. Bundan sonra sülh
prosesindən, prosesin irəli aparılmasıdan söhbət gedə bilər".
X.Xələfov bildirib ki, Azərbaycan Ermənistan və Türkiyə arasında
olan münasibətləri Türkiyənin daxili işi hesab edir: "Buna müdaxilə
etmirik. Türkiyə özü bilər, Ermənistanla hansı münasibətləri
quracaq. Ancaq biz tam əminik ki, Ermənistan bizim regionda
yerləşirsə və işğalçılıq siyasəti aparırsa, beynəlxalq məsuliyyət
daşıyır. Digər qonşu dövlətlər də Ermənistanın bu işğalçılıq ,
təcavüzkar siyasətinə biganə qalmamalıdırlar ona münasibət
bildirməlidirlər. Biz hesab edirik ki, İran, Rusiya da Ermənistana
təzyiq göstərməlidirlər. Çünki bu gün regionda sülhün, sabitliyin
pozulmasının əsas səbəbkarı Ermənistanın apardığı siyasətdir. Bu
gün Qərbin və ya Avropa İttifaqının regionda aıpardığı siyasətin
müvəffəqiyyətsizliyinin əsas səbəbkarı yenə də Ermənistandır. Ona
görə də bu məsələlərə göz yummaq olmaz və hesab edirəm ki,
beynəlxalq müstəvidə , xüsusilə ATƏT-də vasitəçilik missiyasını öz
üzrəinə götürən əsas 3 ölkə- Fransa, Rusiya və Amerika tamam yeni
yanaşma göstərməlidirlər və bu məsələni irəli apara bilən addımlar
atılmalıdır" (Trend).