Bu il sosial inkişafla bağlı çox fərqli bir il olacaqdır. Həqiqətən də Sizin təşəbbüslərinizlə iki böyük sosial islahat paketi qəbul edildi. Bu sosial islahat paketləri – birinci paket 3 milyon insanımızı əhatə etdi və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi.
Axar.az xəbər verir ki, bunu iyulun 31-də Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
"Bu sosial islahat paketi artıq tam şəkildə icra olundu və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları artırıldı. İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb. Ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanımızı əhatə edəcəkdir. Minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaqdır. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaqdır.
Əlavə olaraq, tapşırığa əsasən müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanımızı əhatə etdi və bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər idi, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclər idi. Ümumilikdə baxdıqda bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə etdi və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırıldı.
Sizin digər bir sosial təşəbbüsünüz olaraq, ötən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ölkəmizdə ciddi şəkildə sosial sığorta amnistiyası elan edildi və 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq edildi. Bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanıldı. Avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir. Onlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən pensiya təyinatlarını ən səmərəli və sürətli şəkildə əldə ediblər. Bu siyasətin davamı olaraq bu sahədə şəffaflığın və səmərəliliyin təmin edilməsi üçün il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi əhatə olunacaqdır. Digər avtomatlaşdırma tədbirləri də davam etdiriləcəkdir. O cümlədən müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra cari il üçün 180 min müraciətin tam şəkildə, praktik qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan təmin edilməsi həyata keçiriləcəkdir", - S.Babayev söyləyib.