Yuxarı

Ərdoğan nüvə silahı alır? – Ekspert açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun Axar.az-a müsahibəsini təqdim edirik:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə nüvə silahı haqda açıqlaması ilə gündəmə gəldi. Ehtimal edilir ki, ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra İran 2025-ci ilə qədər nüvə silahı əldə etməyə çalışır. İranın nüvə silahına can atması isə Türkiyəni də bu yöndə düşünməyə vadar edib. Bu ehtimal nə dərəcədə doğrudur?

- “Bizim nüvə silahımız niyə olmasın?”demək özlüyündə bir məna ifadə etməsə də, bir neçə məqamı diqqətə alanda, əslində, bu çıxışın nələrdən qaynaqlandığını da anlamaq mümkündür. Əvvəla, Türkiyənin olduğu regionda təhlükəsizlik riskləri çox ciddi şəkildə artır. Bu riskləri artıran məqamlardan biri də regionda nüvə silahı ilə bağlı fəaliyyətlərin genişlənməsidir. Hər nə qədər qəbul edilməsə də, regionda İsrailin nüvə silahı olduğuna dair iddialar var. Bu iddialar müəyyən analitiklər və bəzi mənbələr tərəfindən təsdiqlənib.

İran da öz nüvə silahını yaratmaq istiqamətində çalışır. Bu da təbii ki, həm qonşu, həm tarixi rəqib, həm də öz mövqeyini müəyyən mənada gücləndirə bilmək üçün Türkiyənin nüvə amilinə diqqət göstərməsini tələb edir.

Türkiyə nüvə məsələsinə o qədər də yad deyil. Əvvəla, Soyuq müharibə dövründə, xüsusən ABŞ-la SSRİ arasındakı nüvə rəqabətində Türkiyə də zaman-zaman yer alıb. Uzun müddət müxtəlif sənədlərdə, ekspertlərin fikirlərində belə bir mövzu vurğulanıb ki, ABŞ Soyuq müharibə dövründə Türkiyəyə müəyyən nüvə başlıqları yerləşdirib.

İkincisi, Türkiyədə nüvə araşdırmalarının ciddi şəkil alması, Atom Elektrik Stansiyasının yaradılması son 30-35 illik fəaliyyətin nəticəsidir. Türkiyənin nüvə tədqiqatlarına marağı özünü Rusiya ilə nüvə əməkdaşlığında da göstərir. Akkuyu AES bunun klassik nümunələrindən biridir.

Başqa əhəmiyyətli məqam ondan ibarətdir ki, Türkiyə, sadəcə, Akkuyu ilə kifayətlənməyərək, gələcəkdə iki yeni AES yaratmağı planlaşdırır. Bu layihələrdən birinin koreyalılara, digərinin yaponlara veriləcəyi ilə bağlı məlumatlar var.

Türkiyənin nüvə məsələsinə diqqət çəkməsinin bir səbəbi də odur ki, Türkiyə enerji baxımından ciddi şəkildə xaricdən asılı olan bir ölkədir. Bu onun üçün həm iqtisadi, həm də geosiyasi problemlər yaradır. Çünki Türkiyə regional maraqları olan, zaman-zaman qlobal məsələlərdə əhəmiyyətli rola malik aktorlardan biri sayılır.

- Bu yaxınlarda “Akkuyu” işə salındı. Eyni zamanda, Türkiyə hökuməti Akkuyu AES-in ikinci enerji blokunun tikintisinin əsas lisenziyasını Rusiyaya verdi. Digər tərəfdən Ərdoğan bir sıra regional məsələlərdə Rusiya ilə birgə hərəkət edir. Bu da belə bir rəy yaradır ki, Rusiya ilə Türkiyə arasında nüvə silahı ilə bağlı gizli razılıq var. Belə bir şey doğrudan da mümkün ola bilərmi?

- Hələlik bununla bağlı ciddi məlumat yoxdur. Sadəcə, versiylar irəli sürülür. Amma bu reallıqdır ki, Türkiyə ilə Rusiya arasında AES-lə bağlı əməkdaşlıq var. “Akkuyu” konteksində türkiyəli mütəxəssislər nüvə elmini və nüvə araşdırmalarını daha yaxından öyrənmək üçün Rusiyaya göndəriliblər. Burada da iki vacib məqama diqqət çəkmək olar.

İlk növbədə nüvə əməkdaşlığı davam edən prosesdir. AES-dən sonrakı mərhələ - atomun parçalanması, nüvə prosesi gələcəkdə istər-istəməz başqa məqamları da gündəmə gətirir.

Başqa bir məqam da ondan ibarətdir ki, Türkiyə ilə Rusiyanın münasibətləri son bir neçə ildə ciddi impuls qazanıb. Bu özünü müxtəlif istiqamətlərdə, eləcə də nüvə əməkdaşlığında göstərir. Türkiyə ilə Rusiya arasında “riskli” nüvə istifadəsi mövzusu ilə bağlı əməkdaşlıq davam edir.

Doğrusu, bu iki ölkə arasında gələcəkdə nüvə silahı ilə bağlı məsələnin gündəmə gətirilməsi faktlara əsaslanmayan, sadəcə, ehtimal edilən bir məsələdir. Belə bir əməkdaşlığı istisna etmək olmaz, amma bu, bir neçə ilin işi deyil.

Mən hələlik bu açıqlamanı Türkiyənin mövqeyində müəyyən xırda korrektələr etmə mesajlarından biri kimi görürəm, amma bu açıqlama nüvə silahı yaradılacağı anlamına gəlməməlidir.

- Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin nüvə silahı istəmədiyini demişdi. Amma bir gün sonra Ərdoğan bunun mümkünlüyündən danışdı. Türkiyəli rəsmilərin açıqlamasındakı bu ziddiyyət nədən irəli gəlir?

- Çavuşoğlu və Ərdoğanın bu açıqlamalarında 2 vacib məqam var: 1. Nüvə mövzusu regionda, siyasi ritorikada daha artıq şəkildə yer tapacaq. İran konteksindəki gərginlik bunun ən bariz nümunəsidir.

2. Bu açıqlamalar Türkiyənin də masaya müəyyən “kozırlar” qoyması mənasını daşıyır. Bu hər kəsə mesajdır. Türkiyə İrana anlatmaq istəyir ki, madam sən nüvə silahlı ilə bağlı fəaliyyətlərini davam etdirirsən, o zaman mən də nüvə kontekstindəki görüşlərimə yenidən baxa bilərəm.

Bu, eyni zamanda başqa aktorlara da Türkiyənin nüvə silahı ilə bağlı yanaşmasını dəyişməsinin yarada biləcəyi riskləri xatırladır. Türkiyə həm də Avropaya xatırladır ki, siz İranla bağlı məsələlərdə lazımi addımı atmasanız və ya problemin həllinə öz töhfənizi verməsəniz, o zaman biz bu məsələni düşünəcəyik.

Türkiyə eyni zamanda ABŞ-a İranla bağlı böhranı gərginləşdirməyin yaradacağı risklərin rəsmi Ankara tərəfindən narahatlıqla qarşlandığını, bunun da Ankaranı adekvat addımlar atmağa sövq edə biləcəyini ifadə edir.

Əslində, biz Ərdoğanın dediklərini bölgədə nüvə təhlükəsizliyinə təhdidin artmasını gündəmə gətirmək üçün verilən açıqlama da hesab edə bilərik. Türkiyə nüvə məsələsində 30 il əvvəl olduğundan daha hazırlıqlıdır.

- Nüvə silahına qarşı mübarizədən söhbət getdiyi bir dövrdə Türkiyə bu istəyə nail olacaqmı?

- Burada Türkiyənin nüvə silahına yiyələnməsi ilə bağlı konkret siyasətindən söhbət getmir. Həmin mərhələ gələcək dövrlərdə ola bilər. Nüvə silahına sahib olmaqla bağlı müəyyən prosedurlar, razılaşmalar var. Türkiyə NATO-nun üzvüdür, dolayısı ilə bunun beynəlxalq, hüquqi məhdudiyyətləri, eləcə də yaradacağı geosiyasi, ekoloji və s. problemlər var. “Nüvə silahı yaradıram” deyən kimi bu məsələ həll olunmur. Bu silah iki formada əldə edilə bilər: ya kimdənsə satın alırsan, ya da nüvə dövlətlərinin dəstəyi ilə özün yaradırsan... İran neçə ildir bu istiqamətdə fəaliyyət yürütsə də, hələ buna tam nail ola bilməyib.

Bir məsələ də var ki, indiki şəraitdə dövlətlərdən heç biri bu silahı başqa bir dövlətə verməkdə maraqlı olmaz, risk etməz.

Sadəcə, ehtimal edilə bilər ki, Türkiyə ilə Pakistan arasında əməkdaşlıq olduğu üçün bu söhbət mövzusu olsun. Amma bütün hallarda Türkiyənin bu istəyindən danışmaq tezdir.

Tarix
2019.09.09 / 11:22
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla