Ana səhifə Gündəm |
“Sülh çeşməsi” əməliyyatı qoyulduğu sərhədlər çərçivəsində keçiriləcəyi təqdirdə heç kəs Türkiyəyə sanksiya tətbiq edən deyil. Ümumiyyətlə, ağlı başında olan heç kəs PKK-ya görə türk ordusu ilə savaşa girməz.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Türkiyənin Suriya ilə sərhəddə keçirdiyi “Sülh çeşməsi” əməliyyatı haqqında danışarkən deyib. O bildirib ki, Ərdoğan mərhum xəlifə Abdulhamid xan kimi xristian ölkələrinin bir-birləri ilə ziddiyyətləri üstündə gözəl manevrlər edir:
“Əvvəla, deyim ki, qardaş ölkəyə sözdə təzyiqlər gözlənilirdi. Bu dəfə ola bilsin ki, sözdə ittihamlar daha çox oldu. Çünki bu hərbi əməliyyat daha strateji və miqyaslıdır. O da gözlənilirdi ki, bu təzyiqlər sözdən o yana keçməyəcək. Ağlı başında olan heç kəs PKK-ya görə türk ordusu ilə savaşa girən deyil. BMT-də belə Türkiyəyə qarşı qərar qəbul etmədilər. Xüsusən, BMT-də baş verən çox maraqlı hadisənin üstündə dayanmaq istərdim. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən ikisi - ABŞ və Rusiya - Fransa, Almaniya, Britaniya, Belçika və Polşanın Türkiyəyə qarşı qərar çıxmasına veto qoydu. Bu, türk xarici siyasətinin böyük uğuru idi. ABŞ və Rusiya dünyanın ən böyük beynəlxalq strukturunda Türkiyəni dəstəklədilər. Onlar Türkiyəni itirmək qorxusundan eyni anda Türkiyəyə dəstək verməyə məcbur qaldılar. ”Türkiyə niyə Rusiya ilə yaxınlıq edir” sualına ən gözəl cavab BMT-də qardaş ölkənin xeyrinə olan veto oldu. Bu xarici siyasətin klassik janrı idi. Ərdoğan qrossmeyster gedişi etdi və uddu. Bu haqda Qərb mediası da yazdı. Beynəlxalq siyasəti bilməyənlər və öyrənmək istəyənlər keçmişdə Abdulhamid xanın, müasir dövrümüzdə isə Ərdoğanın xarici siyasətdə usta gedişatlarını diqqətlə izləsinlər, bəlkə nəyisə öyrəndilər”.
Politoloq qeyd edib ki, Suriyada proses onsuz da uzanıb. Səkkiz ildir ki, bu ölkə misli görünməmiş fəlakət yaşayır:
“Bir yandan vətəndaş müharibəsi, digər tərəfdən İran, Rusiya və ABŞ-ın hərbi intervesiyasına məruz qalıblar. Suriya öz ərazi bütövlüyünə sahib ola bilmədiyi üçün qonşu Türkiyə təhlükəsizliyini qorumaq naminə zərurətdən irəli gələn hərbi müdaxilələr edir. Özü də bu hərbi müdaxilələri təkcə özünə görə etmir, həm də evlərindən qaçqın, didərgin düşən suriyalılar üçün edir ki, onlar üçün təhlükəsizlik zonası yaradıb yeni həyat qurmalarına kömək etsin”.
Politoloq bildirib ki, imperiyalar keçmişinə malik olan Türkiyə böyük olmağa məhkumdur, yoxsa onu kiçildib parçalayarlar:
“Hər bir hərbi əməliyyatda risk, təhlükə var, amma böyük, güclü olmaq istəyirsənsə, bütün risklər etməyi, təhlükələrdən keçməyi bacarmalısan, əks halda böyük ola bilməzsən. ABŞ indiki böyüklüyü, gücünə çatmaq üçün bilirsiniz neçə risklər, təhlükələrdən keçib? Böyüklüyün bədəli budur, risk də edəcəksən, təhlükələrdən də keçəcəksən”.
Ə.Məmmədli bildirib ki, Ərəb liqasının Suriya ilə bağlı Türkiyəyə qarşı qərarı gözlənilən idi:
“Marionet monarxik ərəb rejimləri ABŞ-ın nəzarəti altındadır. Vaşinqton onlara nə deyib, onlar da onu edib. Müasir beynəlxalq siyasətdə “ərəb küçəsi” deyilən bir qeyri-rəsmi ifadə var: həmin o küçədə sıravi xalq tərəfindən Türkiyəyə böyük sevgi və dəstək müşahidə edirik. Fələstinə gəldikdə isə bu ölkənin xarici işlər naziri rəsmən şayiələri təkzib etdi ki, guya onlar Ərəb liqasında Türkiyəyə qarşı səs veriblər. Fələstin ərazilərinin 70-80 faizini nəzarətdə saxlayan Həmas iqtidarı isə Türkiyənin yanında olduqlarını bəyan etdilər. Əksinə, “Sülh çeşməsi” əməliyyatı başlayan kimi İsrail rəsmən PKK-YPG terror təşkilatının yanında olduqlarını bəyan etdi”.
Ə.Məmmədlinin sözlərinə görə, ABŞ silahlarının türk əsgərləri tərəfindən trofey kimi ələ alınması yaxşı mənzərədir:
“Amerikalılar onlar üçün bu heç də xoş olmayan mənzərəni gördükdən sonra güman edək ki, PKK-YPG terrorçularına bir daha pulsuz silah verməkdən vaz keçərlər. Təbii ki, bu cür mənzərə ABŞ üçün heç də xoş deyil və bu, amerikalıları türkiyəlilər qarşısında daha da pis vəziyyətə qoyur. Siyasət ustası Ərdoğan çalışacaq ki, bu durumdan da ölkəsi üçün dividentlərlə çıxsın”.
Politoloq bildirib ki, ərəb ölkələri ABŞ-dan, türk ölkələri isə Rusiya və Çindən asılı vəziyyətdədir:
“Türk dövlətlərində türklük, türk milli kimliyi nə yuxarılarda, nə də aşağılarda lazımi səviyyədədir. Türk ölkələri hələ ideologiya üstündə işləməlidir. Türkiyənin daha güclü olmasını gözləyək, bəlkə o vaxt türk dünyası daha sürətlə inteqrasiya olundu. Türkiyənin xilas edib qurduğu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti belə “Sülh çeşməsi” əməliyyatının dayandırılmasını istəyirsə, görün türk dünyasında vəziyyət nə gündədir? İslam dünyasına gəldikdə isə müsəlman dövlətlər arasında yeganə nüvə gücü olan Pakistan onsuz da həmişə qardaş Türkiyənin yanındadır. Müsəlman ölkələrində məscidlərdə türk əsgərinə dualar oxunur. Təbii, könül istərdi ki, bütün bunlar rəsmi şəkildə müsəlman hökumətlər səviyyəsində olsun. Bunun hələlik niyə belə olmamasını yuxarıda qeyd etmişəm. Müsəlman coğrafiyası sözdə müstəqil olsa da, reallıqda yenə ABŞ, Britaniya, Fransa, Rusiya, Çinin müstəmləkəsi olaraq qalırlar”.
Tarix
2019.10.15 / 09:14
|
Müəllif
Mahir Ələkbərov
|