Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına
əsasən keçirilən təlimlərin növbəti mərhələsində Müdafiə naziri
general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan
çağırılmış hərbi vəzifəlilərlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə
Vətən və xalq qarşısında məsuliyyətlərinə diqqət çəkərək təlim
toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə, bir an belə
tərəddüd etmədən Vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən
xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkür edib.
Nazir bilidirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş
qabiliyətlərini, hərbi ixtisaslarını və təcrübələrini
təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və
modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından
tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək
imkanı əldə ediblər.
"Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu gün də
davam edir. Silahlı Qüvvələrimiz bütün imkanlardan istifadə etməklə
düşməni işğal olunmuş torpaqlarımızdan çıxarmağa qadirdir. Son
zamanlar düşmən daha da azğınlaşıb. Amma Ermənistandakı hərbi
xuntanın rəhbərləri bilməlidirlər ki, Azərbaycan Ordusu və
Azərbaycan əsgəri onların layiqli cavabını verir və bundan sonra da
verəcəkdir. Qısa bir müddət ərzində 20-dən çox işğalçı məhv edilib.
Düşmənin onlarla yaralısı var. Silahlı Qüvvələrimiz də vətən
uğrunda şəhid verib. Biz onların yaxınlarına və əzizlərinə baş
sağlığı veririk. Xalqımız bilməlidir ki, şəhidlərin qisası birə on
qat alınıb və bundan sonra da belə olacaqdır." – deyə Müdafiə
naziri bəyan edib.
Müdafiə naziri təlimlərin Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələb və
tapşıpıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək
keçirildiyini bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, Ali Baş Komandanın göstərişinə əsasən birləşmə və
hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi
səviyyəsinin yoxlanılması məqsədilə fevral ayının 2-də başlayan
təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika,
raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava
Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın
havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və
müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış
zenit-raket birləşmələri, o cümlədən ehtiyatda olan 5.000 nəfərədək
hərbi vəzifəli cəlb edilib.
Döyüş hazırlığı çərçivəsində ehtiyatdan çağırılmış hərbi
vəzifəlilərə silah və hərbi texnikadan istifadə qaydaları üzrə
praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və
döyüş uzlaşması üzrə tədbirlər keçirilir.