"Neftin qiymətinin
aşağı düşməsi bizi əsas gəlir mənbəyindən məhrum edir. Əgər
qiymətin düşməsi davam etsə, bu, çox böyük problemlər yaradacaq.
Hələlik bizim müəyyən qədər valyuta ehtiyatlarımız var. Bu
ehtiyatlar vəziyyətin defolt həddinə çatmamasına imkan verir. Amma
son hadisələr göstərdi ki, biz qeyri-neft sektorunun inkişafı üçün
yubanmadan islahatlar aparmalıyıq".
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev "Yeni Müsavat"a dünya
bazarında neftin qiymətinin aşağı düşməsi şəaitində Azərbaycanı
gözləyə biləcək təhlükələr barədə danışarkən bunları bildirib.
Partiya sədri ölkəmizin iqtisadiyyatının neft faktorundan çox asılı
olmasına diqqət çəkib: "Bizdə büdcə gəlirlərinin bir hissəsi
körpülərin, yolların tikintisini aparan şirkətlərin vergiləridir,
yəni o da birbaşa neftə bağlıdır. Neft olmasa o şirkətlər çalışa
bilməyəcək və qeyri-neft sektoru dediyimiz həmin şirkətlərin
vergiləri də yox olacaq.
Kənd təsərrüfatı üçün kifayət qədər geniş, münbit ərazilərimiz
yoxdur. Həm də iqlim şəraitimiz imkan vermir ki, biz bu sahədə
Avropa ölkələri ilə rəqabətə davamlı girək, kənd təsərrüfatından
gələn gəlir hesabına ölkənin müdafiə və təhlükəsizliyini təmin edə
bilək. Burda yalnız sənaye qalır. Çox təəssüf ki, biz neftayırma
zavodunu burda yox, İzmirdə tikdik, ora 20 milyarda qədər vəsait
qoyacağıq. Hansı ki, onu Səngəçalda tikə bilərdik, xaricə də xam
məhsul satardıq".
Q.Həsənquliyev konkret digər məsələlərlə bağlı da antiböhran
təkliflərini irəli sürüb: "Fikir verin, indi avtomobillər üçün
xaricdən gətirilən yağın litrini hətta 15-20 manata alırıq. Amma
biz "boçka" nefti 50 dollara satırıq, yəni iki litrlik avtomobil
yağının qiymətinə... Bəzi minik avtomobillərinin şinləri var ki,
1000-1500 manatdır. Yəni Bakıda müasir müəssisələr tikməklə burda
onları istehsal edə bilərdik. Görün Türkiyədən nə qədər santexnika
məhsulları, pəncərə materialları gətirilir. Bunların hamısını burda
istehsal edə bilərdik, bu, on minlərlə yeni iş yeri olardı, vergi
ödəmələri artardı. Biz xam neftdən çoxlu məhsullar istehsal etmək
gücündəydik. Amma bu zavodları burda tikmədik. Gübrə zavodunu
aparıb Gürcüstanda tikdik. Halbuki SSRİ dövründən Naxçıvanda
tikilməsi planlaşdırılmışdı.
Yəni biz vaxtında bu barədə düşünməliydik. Əlbəttə, müəyyən emal
müəssisələri tikilib. Amma bunlar barmaqla sayılacaq qədərdir. Bu,
həm 10 milyonluq bir ölkədə işlə təminata ciddi töhfə verə bilməz,
həm də büdcə üçün zəruri vəsaitin toplanması üçün yetərli deyil. Bu
baxımdan həm də iqtisadiyyat liberallaşdırılmalıdır. Bizdə dövlət
investisiyaları daha çox abadlıq işlərinə, infrastruktur
layihələrinə qoyuldu. Əlbəttə, bunlar da olmalıdır. Ancaq işlər
paralel aparılmalı idi. Neft gəlirləri gəlməyə başlayanda biz
vəsaitləri daha çox infrastruktur layihələri, yol tikintisi,
abadlıq işlərinə xərclədik. Yəni gəlir gətirməyən sahələrə çox
böyük vəsaitlər qoyuldu. Bəzən ehtiyac olmadan yeni nazirliklər
üçün binalar tikildi".
Q.Həsənquliyev hesab edir ki, təhükəni önləmək mümkündür: "Hələ
yenə də gec deyil. Yay Avropa Oyunları başa çatandan dərhal sonra
hökumət ciddi şəkildə abadlıq işlərini dayandırmalıdır. Məsələn,
bulvarın uzadılması işi dərhal dayandırılmalıdır. Ora çox böyük
vəsaitlər gedir. İstismar müddəti başa çatmış, "Xruşşovka"lar
deyilən köhnə binalar onsuz da söküləcək. Onların üzlənməsi üçün
çox böyük vəsait xərclənir, bu işlər təcili dayandırılmalıdır. Eyni
zamanda özəlləşdirilməyə getmədən biz qeyri-neft sektorunu inkişaf
etdirə bilməyəcəyik. Bununla yanaşı, dövlət idarəetmə xərcləri ən
azı 30 faiz azaldılmalıdır. Baxın, beynəlxalq birlik Ukraynadan
tələb edir ki, iki istiqamətdə iş görülməlidir: korrupsiyaya qarşı
mübarizə gücləndirilməli və idarəetmə xərcləri azaldılmalıdır.
Pyotr Poroşenkonun hökuməti heç birini edə bilmir, qorxur ki, bu,
ölkədə yeni siyasi böhrana səbəb olacaq və hakimiyyət dəyişikliyinə
gətirib çıxaracaq. Səbəb odur ki, Kiyev hakimiyyəti güclü
deyil.
Azərbaycanda güclü hakimiyyət var və prezidentin güclü bir
xarizması formalaşıb. Prezident öz komandasına nəzarət edə bilir.
Hakimiyyətin məhz güclü olduğu belə bir dövrdə həmin islahatlara
gedilməlidir. Ukraynada isə bu işləri görə bilmirlər. Özü də
Beynəlxalq Valyuta Fondu bəyan edib ki, Kiyevə 17 milyard yardım
edəcək, 5 milyard dollar miqdarında ilk tranş verilir, ancaq əlavə
yardım islahatlar aparılacağı halda ayrılacaq. Lakin Ukrayna bunu
edə bilmir, korrupsiyaya qarşı mübarizə haqda qanun qəbul olunsa
da, komissiyanı belə formalaşdıra bilmirlər. Azərbaycanda isə güclü
iqtidarın, güclü prezidentin zamanında müəyyən işləri görmək
lazımdır ki, sonra çətinliklərlə üz-üzə gəlməyək". Deputat deyir
ki, dövlət idarəetmə xərcləri azaldılmalıdır: "İcra hakimiyyəti və
bələdiyyələrdə paralel strukturlar var. İcra strukturunda
ixtisarlar aparılmalıdır. İxtisara düşən şəxslərə isə öz biznesini
qurmaq üçün güzəştli kreditlər verilə bilər. İxtisarlara mütləq
gedilməlidir, çünki dövlət aparatı həddən artıq şişirdilib.
Bir-birini təkrarlayan qurumlar ləğv olunmalıdır. Bir çox
nazirliklərin əməkdaşlarının böyük hissəsi vaxtlarını kompüter
arxasında müxtəlif oyun oynamaqla keçirir. Çünki iş yükü xeyli
azdır. Ona görə də bir neçə nazirlik birləşdirilə, nazirlik, dövlət
komitələri, xidmətlərin sayı azaldıla bilər. Biz mütləq idarəetmə,
dövlətin saxlanma xərclərini azaltmalıyıq, bunun başqa yolu yoxdur.
Qarşıdakı bir neçə il ərzində islahatları başa çatdırmalıyıq ki,
Neft Fondundakı vəsaitlər qurtaranda qeyri-neft sektoru, yeni
iqtisadiyyat ölkənin büdcəsini təmin etsin".