Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda
mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası,
Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı Şəhər prokurorluqlarının
rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının
iştirakı ilə prokurorluq orqanları tərəfindən 2014-cü ildə görülmüş
işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr
olunan geniş kollegiya iclası keçirilib.
AzərTAc xəbər verir ki, kollegiya
iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokuror Zakir
Qaralov diqqətə çatdırıb ki, müstəqil inkişaf tarixinin müasir
məzmunlu yüksəliş mərhələsini yaşayan Azərbaycan Respublikasının
həyatında 2014-cu ilin müstəsna əhəmiyyəti olub. Dövlətimizin
başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən
hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələrin
reallaşdırılması, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq
yolunda atılan inamlı addımlar yüksək inkişaf göstəricilərinə nail
olunmasını, ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin və
güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və
ayrılıqda hər bir bölgəni əhatə edən dinamik təkmilləşməni,
əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya
dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin edib.
Diqqətə çatdırılıb ki, 2014-cü il Azərbaycan Respublikası
Prokurorluğu orqanları üçün də uğurlu olub. Digər hüquq mühafizə
orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik
nazirlikləri ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin
qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi,
vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri
tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının
səyləri Prezident İlham Əliyevin rəhbər göstərişlərindən irəli
gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların
yeni məzmunda davam etdirilməsinə, "Prokurorluq haqqında" Qanunda
nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin
artırılmasına, mövcud çatışmazlıqlar və mənfi təzahürlərin təxirə
salınmadan aradan qaldırılmasına yönəldilib.
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun
olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata
keçirilən təşkilati və institusional tədbirlərin məntiqi nəticəsi
olaraq Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa
Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu və
Beynəlxalq Antikorrupsiya Akademiyasının, eləcə də bu Akademiyanın
üzvü və iştirakçısı olan dövlətlərin iştirakçılığı ilə ötən ilin
iyun və noyabr aylarında Bakıda keçirilən yüksək səviyyəli
beynəlxalq konfransların əhəmiyyəti xüsusi vurğulanıb.
Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə sahəsində
terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı
həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində
saxlanılıb. Bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı
bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə
verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin
aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin
edilib.
Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən
peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi
olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin maraq dairəsində
olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan
bir sıra xüsusilə ağır və ağır cinayətlərin açılması və cəzanın
labüdlüyünün təmin edildiyi konkret misallarla diqqətə
çatdırılıb.
Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı
mübarizə sahəsində təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin
görülməsinə, qeydə alınmış 205 qəsdən adam öldürmə cinayətinin, o
cümlədən qeyri-aşkar şəraitdə törədilmiş bu qəbildən olan
cinayətlərdən 83-nün "isti izlər"lə açılmasına baxmayaraq, qəsdən
adam öldürmə cinayətlərinin sayının artması, 12 belə cinayətin, o
cümlədən Bakının Suraxanı və Nizami rayonlarında, respublikamızın
Gəncə, Sumqayıt, Şirvan şəhərlərində, Neftçala, Tərtər, Salyan,
Xaçmaz, Xızı, Qəbələ və Ucar rayonlarının hər birində bu qəbildən
olan bir cinayətin bağlı qalması həyata keçirilən istintaq və
əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib.
Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və tabe
prokurorlara 2014-cü ildə və əvvəlki illərdə törədilməklə bağlı
qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri
tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı
əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış
işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların
intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün
imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən
olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar
verilib.
Dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, ədalətli və
şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa
qəbulu istiqamətində tədbirlərin hesabat dövründə davam
etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla
qulluğa qəbul edilmiş 627 gənc hüquqşünasın hazırda respublika
prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil etməsi,
eləcə də prokurorluq orqanlarında yeni informasiya
texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin
görüldüyü barədə geniş məlumat verilib.
Ötən il ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi Baş
Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən
mütəşəkkil cinayətkarlığın korrupsiya və rüşvətxorluq kimi
təhlükəli təzahürlərinə qarşı mübarizə sahəsində bir sıra səmərəli
tədbirlərin həyata keçirildiyi, rüşvətlə bağlı, vəzifə
səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə
və s. faktlar üzrə 333 şəxs barəsində 206 cinayət işinin
istintaqının tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə
göndərilməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.
Eyni zamanda, Baş İdarənin fəaliyyətində formalaşmış müsbət
meyllərin inkişaf etdirilməsi, korrupsiya cinayətlərinə və
hüquqpozmalarına qarşı mübarizənin səmərəliliyinin artırılması,
idarə əməkdaşlarının hazırlıq səviyyələrinin yüksəldilməsi,
beynəlxalq əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, informasiya
texnologiyalarının yeni formalarının tətbiqi üçün zəruri
tədbirlərin görülməsi, cinayət işləri üzrə vurulmuş maddi ziyanın
ödənilməsi göstəricilərinin yüksəldilməsi barədə tapşırıqlar
verilib.
Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası
və Bakı Şəhər prokurorluğu orqanları tərəfindən digər hüquq
mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı
mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyi diqqətə
çatdırılıb.
Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, həmçinin
fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir
göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq
işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata
keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki
şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə
baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol
verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün
konkret tapşırıqlar verilib.
Ötən il xidməti, icra və əmək intizamının pozuntusu hallarına
qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara
münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif
pozuntulara yol verdiklərinə görə 46 əməkdaşın intizam
məsuliyyətinə cəlb olunduğu, o cümlədən 5 əməkdaşın tutduğu
vəzifədən azad edildiyi, prokurorluqda xidmətlə bir araya sığmayan
kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq
orqanlarından xaric edildiyi diqqətə çatdırılıb, nizam-intizamın
daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş
Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb
edilib.
Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin
prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki
illərdəki kimi, 2014-cü ildə də vətəndaşların müraciətlərinə və
qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Qeyd edilib ki,
hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə
baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və
sistemli tədbirlərin görülməsi təmin olunub.
Baş prokurorun birinci müavini Rüstəm Usubov, baş prokurorun
müavinləri - respublika hərbi prokuroru Xanlar Vəliyev və
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev,
eləcə də Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi
Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov və digər natiqlərin
çıxışlarında 2014-cü il ərzində cinayətkarlığa qarşı mübarizə,
vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq
tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı
məlumatlar verilib. Çıxışlarda "Prokurorluq haqqında" Qanunda
nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha
da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud
çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret
təkliflər irəli sürülüb.
Kollegiya iclasına yekun vuran baş prokuror Zakir Qaralov əmin
olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun
kollektivi öz qüvvəsini səfərbər edərək digər əlaqədar dövlət
təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə
bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin və
əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və
hər cür qanunsuzluğa qarşı mübarizənin gücləndirilməsi, insan və
vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət
hədləri daxilində zəruri tədbirlərin görülməsini bundan sonra da
təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və
Azərbaycanın daha da qüdrətlənməsi yolunda öz xidmətlərini
göstərəcək.