Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 12-də Bakıda Cənub qaz dəhlizi
Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak
edib.
AzərTAc xəbər verir ki, dövlət başçısı Cənub qaz dəhlizi
Məşvərət Şurasının ilk iclasında nitq söyləyib.
Prezident İlham Əliyev Bakıda bu görüşün keçirilməsi təşəbbüsünə
verdikləri dəstəyə görə iştirakçı ölkələrin rəhbərlərinə
təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu görüşün olduqca
münasib vaxtda - "Cənub" qaz dəhlizi layihəsinin praktiki olaraq
həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyətini
vurğulayıb. Prezident İlham Əliyev görüş zamanı aparılan
müzakirələrin, fikir mübadiləsinin layihənin uğurla həyata
keçirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Dövlət başçısı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft
strategiyası ilə bağlı müstəqilliyin ilk illərindən başlayaraq ötən
müddətdə reallaşdırılan tədbirləri və layihələri ətraflı
xarakterizə edib. Prezident İlham Əliyev 2011-ci ildə Avropa
Komissiyasının ovaxtkı sədri Joze Manuel Barrozu ilə Cənub qaz
dəhlizi haqqında birgə bəyannamə imzaladıqlarını, həmin sənəddə
Azərbaycanın Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən
ölkə olduğunun əksini tapdığını deyib. Azərbaycan Prezidenti TANAP
və TAP layihələrinin Cənub qaz dəhlizinin həyata keçirilməsi
istiqamətində mühüm mərhələ olduğunu vurğuladı. "Əsrin
müqaviləsi"nin imzalanmasından düz 20 il sonra - 2014-cü il
sentyabrın 20-də Cənub qaz dəhlizinin təməlinin qoyulduğunu
bildirib.
Prezident İlham Əliyev ötən illərdə neft-qaz layihələri ilə
əlaqədar qazanılan uğurlarda Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti ilə BP arasında sıx əməkdaşlığın mühüm rol oynadığını qeyd
edib.
Dövlət başçısı vurğulayıb ki, BP-nin əməliyyatçısı olduğu
"Şahdəniz" yatağı Cənub qaz dəhlizi üçün əsas resurs
mənbəyidir.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2,5 trilyon kubmetrdən
çox olduğunu deyən Prezident İlham Əliyev Cənub qaz dəhlizinin
reallaşdırılması ilə bağlı hasilatçı, tranzit və istehlakçı ölkələr
arasında səyləri əlaqələndirməyin vacibliyini vurğulayaraq
deyib:
"Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq
təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan
şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda
biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini
nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin
mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin
şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz -
Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün
yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa
vəziyyət yaradır".
Prezident İlham Əliyev layihənin həyata keçirilməsi üçün nəzərdə
tutulan bütün məsələlərin müsbət həllini tapacağına və layihənin
vaxtında icra olunacağına əminliyini bildirib, Cənub qaz dəhlizi
Məşvərət Şurasına işində uğurlar arzulayıb.
Cənub qaz dəhlizinin reallaşmasında Prezident İlham Əliyevin
xidmətlərini xüsusi vurğulayan Avropa Komissiyasının enerji birliyi
üzrə sədr müavini Maroş Şevçoviç Avropa İttifaqında enerji
birliyinin qurulması ilə məşğul olduğunu və gündəlikdə duran layihə
ilə bağlı müzakirələrin siyasi baxımdan daha yüksək səviyyəyə
qaldırıldığını deyib. O, Avropanın enerji təhlükəsizliyi üçün
mənbələrin və resursların şaxələndirilməsində maraqlı olduğunu
bildirib. Aparılan hesablamalara görə, Avropa İttifaqının idxal
etdiyi qazın həcminin gələcəkdə 84 faiz, neft idxalının isə 94 faiz
təşkil edəcəyini açıqlayan Maroş Şevçoviç bundan sonra da Avropa
İttifaqının üzvü olan bütün ölkələrin enerji təhlükəsizliyi, Avropa
enerji sisteminə real inteqrasiya istiqamətində ardıcıl addımların
atılacağını bildirib. O, bu baxımdan "Cənub" qaz dəhlizi
layihəsinin uğurla və sürətlə həyata keçiriləcəyinə ümidvar
olduğunu vurğulayıb.
Sonra Məşvərət Şurası gündəlikdə duran məsələlərlə bağlı
müzakirələri davam etdirib.
Tədbirin yekununda Cənub qaz dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən mətbuat
üçün birgə bəyanat imzalanıb.